Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ötən il uğurla icra olunan sosial islahat paketi nəticəsində əhaliyə sosial ödənişlərdə ciddi artıma nail olunub.
İnterpress.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə keçirilən kollegiya iclasında bildirib.
Minimum əməkhaqqı, minimum pensiya məbləğlərinin, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların aylıq vəzifə maaşlarının, bir çox müavinət və təqaüdlərin, həmçinin digər sosial ödənişlərin məbləğlərinin əhəmiyyətli dərəcədə artırıldığı bildirilib.
Ötən il pensiya ödənişləri 5,7 milyard manat təşkil edib. Müavinət ödənişləri ümumilikdə 491 min şəxsi əhatə edib, 378 min nəfərə Prezident təqaüdü ödənilib. Ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 487 manat olub. Bir sıra müavinət və təqaüdlər üzrə proaktiv təyinat mexanizminin tətbiqi ilə bağlı işlərin aparıldığı bildirilib.
Ötən ildən DSMF-nin sərbəst vəsaitləri üzrə investisiya fəaliyyətinə başlandığı və uğurla davam etdirildiyi vurğulanıb.
Məşğulluq mərkəzləri tərəfindən 118,4 min şəxs işlə təmin edilib, 17,4 min nəfər özünüməşğulluq proqramına, 9,5 min nəfər peşə hazırlığına, 282 min şəxs peşə yönümü məsləhəti xidmətlərinə cəlb edilib. Əmək müqavilələrinin sayı 1,8 milyona çatıb, əmək haqqı fondunda 15 faiz artım baş verib. İşəgötürənlər tərəfindən gecikdirilmiş 471,6 min manat vəsaitin işçilərə ödənilməsi təmin edilib
İşğaldan azad edilmiş ərazilərdə məşğulluq tədbirləri barədə məlumat verilib. Artıq bu ərazilərə köçürülmüş 1100-dən çox şəxsin məşğulluğunun təmin edildiyi, peşə hazırlığı proqramının icrasına başlandığı, Füzuli və Laçında əmək yarmarkalarının keçirildiyi bildirilib. Ötən il imzalanmış sənədlərlə həmin ərazilərdə işləyən mütəxəssislər üçün bir sıra güzəştlərin müəyyən edildiyi vurğulanıb.
Həssas qruplara aid şəxslərin kiçik biznesə yiyələnmələrinə imkan yaradan “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində 2025-ci ilədək ümumilikdə 22 min şəxsin aktivlərlə təmin olunacağı vurğulanıb.
Kollegiyanın qərarı ilə işğaldan azad edilmiş ərazilərdə peşə hazırlığının təşkilinə cəlb edilən tədris müəssisələri üzrə hər bir müdavimə düşən peşə hazırlığı xərclərinin miqdarı 2024-cü ilin yanvarın 1-dən 3 il müddətinə 20% artırılıb.
İclasda sosial müdafiə və sosial təminat, əmək və məşğulluq, haqqı ödənilən ictimai işlər və digər sahələrdə görülmüş işlər və qarşıda duran hədəflər müzakirə olunub.