Uşaqların erkən nikahı uşaq istismarının ən geniş yayılmış formalarından biridir; Fizioloji və psixoloji xəstəliklərlə yanaşı, məişət zorakılığı üçün də risk faktorudur. Son illərdə psixologiya ədəbiyyatında erkən nikah fenomeni ilə bağlı araşdırmalar aparılmağa başlansa da, bu tədqiqatlardan yararlanmayan və ya yan keçənlər çox təəssüf ki , hələ də qalmaqdadır.
Erkən nikah ,ümumiyyətlə, qızlar arasında baş verən qlobal problemdir. Erkən nikahlara təhsil səviyyəsi, sosial-iqtisadi vəziyyət, müasirliyə fərqli baxış bucağı, mədəni xüsusiyyətlər, dini inancların düzgün qiymətləndirilməməsi, müharibə və miqrasiya kimi amillər səbəb ola bilir. Bu nikahlar əsasən, bir çox mənfi hallara-qadınlarda erkən doğuşların sayının artması və bunun fəsadlarına, xroniki xəstəliklər, infeksiyalar kimi fizioloji nəticələrə səbəb olur. Digər tərəfdən də bu evliliklər intihar, depressiya, təhsilsizlik, sosial təcrid, zorakılıq, özünə inamsızlıq kimi psixososial nəticələrə də gətirib çıxarır.
Erkən nikahlar həm fizioloji, həm də psixoloji problemlər yaradır ki, bu da dünya və ölkəmiz üçün həllini tələb edən ümumi problemə çevrilib. Bu problemin ilk növbədə qarşısını almaq və son nəticədə həll etmək üçün cəmiyyətin maarifləndirilməsinin artırılmasına, yeniyetmə qrupunun təhsilinə önəm verilməsinin üzərinə daha da böyük vəzifələr düşür.
Dünyada erkən nikahlar getdikcə azalsa da, bu məsələ hələ də mühüm sosial və qlobal problem hesab olunur. Bu gün cəmiyyətdə müəyyən edilən bəzi sosial problemlər sosial dəyərləri təhdid edir; məsələn, bəzi düşüncələrdə qızlar iqtisadi cəhətdən yük kimi görünür. Bu səbəbdən qızın evdən tez çıxması ilə evdən “bir boğaz əskiləcəyi fikri, gəlir, maddiyat qarşılığında belə evləndirilmək düşüncələri hələ də düşüncələrdə yer aldığı üçün nümayiş etdirilə bilir.
Dövlətimiz hər bir halda bunun qarşısını alır və qətiyyətlə bu kimi halların olmasını yolverilməz sayır. Lakin bəzi hallarda valideynlər bu hallara özləri yol verdiyi üçün belə hadisələrin baş verməsinə, nəticədə isə qarşısıalınmaz faciələrə öz əlləri ilə yol açırlar. Təbii haldır ki, bağlı qapı arxasında baş verən bu məqamlara nəzarət etmək bəzən aidiyyati qurumların işini çətinləşdirir, bəzi nikahlar qanunsuz yolla baş verdiyindən məsuliyyətdən yaxa qurtara bilirlər.
Ancaq həqiqət gec-tez öz əksini tapır, ədalət məhkəməsindən qurtulmaq olmaz; bu mühakimədən bütün günahkarlar keçəcəklər və lazımi cəzalarını alacaqlar. Amma kaş ki bu hallara səbəb olanlar bir az maariflənsə, cahilliyin daşını atsalar, körpə qızlarımız da faciələrə sürüklənməz, hər şey öz vaxtında olsa yaxşıdır, vaxtsız-vədəsiz baş verən heç bir izdivacdan xeyir gəlməz.
Bu gün günü-gündən çiçəklənən dövlətimizdə bu kimi neqativ halların baş verməsi, “nişan, həri” adı ilə gözdən pərdə asaraq qızlarımızın təhsildən uzaqlaşdırılması yolverilməzdir. Buna bizim dövlətimiz də, cəmiyyətimiz də, xalqımız da “yox” deyir; bəzi fərqli düşüncəyə malik olanlar da gec-tez “yox” deyəcək. Axirət gözünü açacaqlar əvvəl-axır, körpə fidanların, məsum mələklərin haqqına girənlər alacaq öz cəzalarını.
Arzumuz isə bu kimi halların baş verməməsi yönündədir, daha sağlam gələcəyə daha fərqli yanaşmaq, doğru addımlar atmaq naminə, birimiz hamımız düşüncəsiylə birlikdən doğan güclə vətənimizə, dövlətimizə sadiq vətəndaşlar olaq.
Bütün qəlbimizlə #erkənnikahayoxdeyirik …