Ermənidən artıq ermənilik edən Paris meri: Bu, sülhə zərbə cəhdidirbackend

Ermənidən artıq ermənilik edən Paris meri: Bu, sülhə zərbə cəhdidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın günlərdə Paris meriyası “Dağlıq Qarabağ Respublikası”nı (“DQR”) tanımağa hazırlaşır. 

Parisin meri Ann İdalqo qatı ermənipərəst mövqeyi ilə tanınır. Onun erməni lobbisinin tam nəzarətində olduğu bildirilir. Ann İdalqonun müavinlərindən biri erməni Anuş Toronyandır. Anuş Toronyan Fransadakı erməni təşkilatlarının koordinasiya şurasının (CCAF) rəhbəri Ara Toronyanın qızıdır.

Paris həm şəhər, həm də departamentdir. Parisin meri eyni zamanda Paris Şurasına rəhbərlik edir. Digər inzibati vahidlərdən fərqli olaraq, paytaxt şəhər  tam inzibati azadlığa malik deyil. Paris Fransada polisin merə deyil, prezident tərəfindən təyin olunan polis prefektinə tabe olduğu yeganə şəhərdir. Paris Şurası 163 nəfərdən ibarətdir. Şura birbaşa səsvermə ilə seçilmir. Yeni seçilən şura şəhər merini və onun 40 müavinini seçir.

Fransa prezidenti Emmanuel Makronun yaratdığı və rəhbərlik etditi “İrəli Fransa” partiyası Şurada geniş şəkildə təmsil olunur. Bu baxımdan, Paris meriyasının “DQR”i tanımaq prosesinin Fransa hökuməti tərəfindən sanksiyalaşdırıldığı şübhə doğurmur.

Fransa Qarabağdakı 44 günlük müharibədə faktiki olaraq Ermənistanın maraqlarını müdafiə edirdi. Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün yaradılan ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olmasına baxmayaraq Fransa eskalasiya dövründə bitərəflilik nümayiş etdirə bilmədi.

Ermənistanın işğalçılıq siyasəti yürütməsi, mülki əhalini hədəfə alması Fransa hökuməti tərəfindən gözardı edildi. Əksinə, rəsmi Paris İrəvanın insanlıq əleyhinə cinayətlərə yol verməsinə baxmayaraq bu məsələdə demək olar onun yanında oldu.

Azərbaycan Ordusunun 44 günlük müharibəni qələbə ilə başa çatdırması Ermənistanın digər havadarları kimi Fransanı da narahat etməyə bilməz. Güman ki, “DQR”in tanınması məsələsi də bu narahatlıqdan irəli gəlir.

Məntiqlə, Fransa ATƏT-in Misnk Qrupunun həmsədr ölkəsi kimi bölgədə sülhün bərqərar olunmasında maraqlı olmalıdır. Amma Paris meriyasının “DQR”i tanıması sülhə ən böyük zərbə olardı. Digər tərəfdən, rəsmi Paris “DQR”i dövlət kimi heç Ermənistanın tanımadığını nəzərə alaraq məsələyə “Roma papasından artıq katolik olmaq” prinsipi ilə yanaşmamalıdır.

 

İnterpress.az