Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Həssas əhali qrupuna aid olan qadın və gənclərin sosial hüquqlarının müdafiəsi” adlı layihənin icrasına başlayır.
Təşkilatdan İnterpress.az-a verilən məlumata görə, layihənin məqsədi sosial hüquqların təşviqi, sosial problemlərin həllinə yönələn məlumatların verilməsi, bu hüquqlar barəsində biliklərin artırılması və pozulmuş hüquqların bərpa edilməsi istiqamətində əhalinin maarifləndirilməsidir.
Layihə 4 ay müddətində Şəki, Zaqatala, Masallı və Zaqatala rayonlarında həyata keçiriləcək.
Layihə çərçivəsində hər birində 25 nəfər iştirakçı olmaqla 4 tədbirin təşkili, ümumilikdə 100 nəfərin iştiraka cəlbi nəzərdə tutulur.
Tədbirlər 2 istiqamətdə həyata keçiriləcək. Birinci hissə iştirakçıların sosial hüquqların təşviqi, sosial problemlərin həllinə yönələn həmin hüquqlara dair biliklərin artırılması və pozulmuş hüquqların bərpa edilməsi haqqında maarifləndirilməsi, mövzuya aid paylama materiallarının təqdim edilməsi, ikinci hissə isə dialoq platforması formatında keçiriləcək. Yekunda əhalinin ən çox narazı qaldığı, çətinliklərlə üzləşdiyi məqamları aşkarlamaq üçün sorğunun keçirilməsi nəzərdə tutulub.
Sorğunun nəticəsinə uyğun olaraq aidiyyəti strukturlara çətinliklərin aradan qaldırılması və həlli ilə bağlı təkliflərin hazırlanıb verilməsi nəzərdə tutulub. Məlumatlar emal olunarkən və təkliflər hazırlanarkən hüquqşünas və ekspert cəlb olunacaq.
Layihə müddətində ödənişsiz hüquqi yardım təşkil olunacaq. Layihənin gedişi haqqında məlumatlar, press-relizlər hazırlanacaq və cəmiyyətə KİV vasitəsi çatdırılacaq.
Layihəni həyata keçirənlər düşünür ki, 100 nəfər həssas qrup üzvü qanunvericilikdə təsbit olunmuş sosial hüquqları əks etdirən müddəalar və əsas prinsipləri barədə, bu aktların sosial problemlərin həllinə yönələn işləmə mexanizmi və nəzərdə tutulan məsuliyyətlər barədə biliklərini artıracaq.
Layihənin icrası dövründə vətəndaşlara ödənişsiz hüquqi yardımın göstərilməsi təmin ediləcək ki, vətəndaşların xüsusən aztəminatlı əhali təbəqəsi üçün hüquqlarının bərpası daha əlçatan olacaq.
Hesab edilir ki, layihənin icra müddətində vətəndaşlar tərəfindən müvafiq sosial hüquqlar ilə bağlı düzgün və hüquqi əsaslandırılmış müraciətlərin edilməsi üçün qaynar xəttin təşkili bu istiqamətdə problemləri ortaya çıxaracaq.