İkinci Dünya müharibəsində azərbaycanlılar: QALİB, YOXSA QURBAN? – Aqil Ələsgər yazırbackend

İkinci Dünya müharibəsində azərbaycanlılar: QALİB, YOXSA QURBAN? – Aqil Ələsgər yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İllərdən bəri davam edən bir mübahisə var: Biz İkinci Dünya müharibəsinin qalibi, yoxsa qurbanı idik? Bizim statusumuz nə idi? Həzi Aslanov, Ziya Bünyadov və digər Sovet İttifaqı qəhrəmanlarımız olduğuna görə bu savaşı “Bizim Böyük Vətən Müharibəmiz” saymaq nə qədər doğrudur? Bugünkü üçrəngli bayrağımızı daşıyan Аzərbаycаn lеgiоnunun bаşçısı Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginskinin rəhbərliyi altında döyüşən azərbaycanlılar hansı dövlətə xəyanət etmişdilər?

Öncəliklə, “Bu bizim savaşımız idi?” sualı ilə başlayaq. Fikrimcə, faşizm üzərində qələbədə Bakı neftinin və azərbaycanlıların payı danılmaz olsa da, bu bizim savaşımız deyildi.

Məsələn, sovetsevərlər iddia edir ki, Qarabağ savaşı bütün azərbaycanlıların savaşı ola bilir, II Dünya müharibəsi bizim savaşımız ola bilmir? Bu daş qafalılar ya manipulyasiya edir, ya da anlamırlar ki, Qarabağ Xan Lənkəran, Şamaxı, Qax, Gəncə kimi Azərbaycan torpağıdır və hər bir azərbaycanlının namusudur. Ancaq biz II Dünya müharibəsinə ABŞ və ya İngiltərə kimi SSRİ ilə bərabərhüquqlü tərəfdaş kimi qatılmışdıq, yoxsa SSRİ-nin müstəmləkəsi olaraq? “Azərbaycan Sovet Sosialist Respublikası” adlı rəsmi Moskvadan icazəsiz su belə içə bilməyən oyuncaq bir “ölkə” olaraq. 1920-ci ildə işğal etdikləri ölkənin bütün yeraltı və yerüstü sərvətlərini mənimsəməklə yanaşı bütün düşünən beyinlərini repressiyaya məruz qoyduqdan sonra sovet ideoloji təbliğat maşını ilə insanların beyinlərinə qondarma “sovet xalqı” ideyasını yeridib onları ölümə göndərirdilər.

İndi bir çoxlarına o müharibədə həlak olan babalarına “qurban” demək ağırdır. Anlayıram. Ancaq acı gerçəklikdir. Marşal olmasın deyə alman deyil, rus gülləsinə tuş gələn qəhrəmanımız Həzi Aslanov da, o savaşda iştirak edən 600 mindən çox oğul və qızlarımız, onları vətənimizdə gözüyaşlı gözləyib “qara kağız”ını alan ana-bacıları, həyat yoldaşları, körpələri də QURBANdırlar. İşğalçı rus-sovet qoşununun işğal etdiyi Azərbaycandan zorla, bəzən də beyni yuyularaq işğal etdiyi digər torpaqlarını qorumaq üçün qurban verdiyi azərbaycanlılardır.

Mən o fikirdə də deyiləm ki, almanlar qalib gəlsəydilər, bizə Düdənginskiyə söz verdikləri müstəqilliyi verəcəkdilər. Əsla! Uzağı, “Çeşka” zavodunu Ağdamda quracaqdılar ki, bizimkilər bir də əziyyət çəkib Berlinə qədər gedib çıxmasınlar.

Ancaq o tərəfdə də, bu tərəfdə də döyüşən azərbaycanlılar başqasının savaşında iştirak edirdilər. Heç birinin savaşı deyildi. Sadəcə alman tərəfində döyüşənlər Azərbaycanı rusun işğalından xilas etmək amalı ilə döyüşürdülər. Bu tərəfdəkilərin çoxu isə qurban olduqlarının belə fərqində deyildi sovet ideoloji təbliğatının nəticəsində. Aydınları savaşdan öncə sürgünə göndərilən, güllələnən, bütün rəhbər vəzifələrində erməni, rus əyləşdirilən, işğal altında inləyən bir ölkə. Məhz Bakı nefti ilə savaş qazanılsa da, 600 min qurban versə də, Bakının “qəhrəman şəhər” adlandırılmaması bir daha göstərir ki, SSRİ bizə müstəmləkə olaraq baxırdı və Sezar qələbəsinin təminatı olan qladiatorları mükafatlandırmadığı kimi, Stalin də bizdən son qanımıza qədər istifadə etsə də, mükafatı bizə çox görmüşdü.

Bəli! Bu baxımdan, bu savaşda yüz minlərlə qurban versək də, qəhrəmanlarımız olsa da, acı gerçəkliyi örtmür.

Qısacası, Birinci Dünya savaşında Çanaqqalada ölən anzakın, hindlinin İngiltərənin qələbəsində payı nə qədər idisə, bizim də haqqımız-hüququmuz onlardan artıq deyildi İkinci Dünya müharibəsində. Onlar ingilis müstəmləkəsi idilər, biz rus… Bunu qəbul etsək də, etməsək də, acı tariximizdir!

Onun üçün Şuşada dalğalanan üçrəngli bayrağımızın ətrafında birləşib 90-cı illərdə yenə rusun fitnəsi ilə başlayan və 2020-ci ildə 44 günlük savaşla zəfərlə yekunlaşdırdığımız Böyük Vətən müharibəmizdən yazmalıyıq, daha müstəmləkə olaraq döyüşün ən ağır yerlərində qurban kimi istifadə edilməyimizlə qürrələnməməliyik və artıq SSRİ və Rusiya ilə bağlı “bizim” sözünü leksikonumuzdan çıxartmalıyıq. Çünki son üç əsrdəki bütün faciələrimizdə istisnasız rus dövlətinin barmağı vardır. İstər adına Romanovlar sülaləsi deyin, istər Sovet İttifaqı, istərsə də Putin İmperiyası… Zəfərimizə belə doyunca sevinə bilməməyimizin səbəbkarı rusun məramlılarıdır…

Elə vətəndaşımız olan ruslar da daxil olmaqla Azərbaycan xalqı bütün millətləri ilə zəngin, qəhrəman və elə başda rus olmaqla bütün imperiyalara rəğmən, üçrəngli bayrağını qaldırıb Şuşaya sancan xalqdır!..

Yaşasın Azərbaycan xalqı!