Latviya Universitetinin Akademik kitabxanasında növbəti dəfə Azərbaycan dili kurslarına başlanılıbbackend

Latviya Universitetinin Akademik kitabxanasında növbəti dəfə Azərbaycan dili kurslarına başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Carı ilin yeni tədris ilində Latviya Akademik kitabxanasının mədəniyyətlərarası dialoq mərkəzi və Azərbaycanın Latviyadakı səfirliyi tələbələr üçün artıq 3-cü dəfə Azərbaycan dilinin ödənişsiz tədrisi kurslarına start verib.

İnterpress.az xəbər verir ki, dərslərə müxtəlif yaş qrupuna aid olan, Latviyada yaşayan azərbaycanlılarla yanaşı, latışlar, ruslar, ukraynalılar, yəhudilər və digər millətlərin nümayəndələri böyük maraq göstərirlər.

Məşğələlər səfirlik tərəfindən müvafiq dərs vəsaitləri ilə təmin olunub. Qeyd edək ki, dərsləri Riqada Azərbaycan dilini uzun illər uğurla tədris edən Günay Əliyeva aparır.

“Kurslarda gənclər böyük əksəriyyət təşkil edir. Hər dəfə yeni, ixtisasca müxtəlif olan gənclərlə tanış olmaq, onlarla işləmək olduqca məsuliyyətli və maraqlıdır. Müasir gənclər dünya dillərini öyrənməyə daha meyillidirlər və bu da onların dilqavrama qabiliyyətini gücləndirir. Tələbələr nəinki Azərbaycan dilini mənimsəməyə çalışır, onlar eyni zamanda Azərbaycanın tarixinə, mədəniyyətinə, adət-ənənələrinə böyük maraq göstərirlər. Bu da olduqca önəmlidir. Ölkəmizə qarşı informasiya müharibəsinin aparıldığı bir zamanda Latviya cəmiyyəti Azərbaycan gerçəkliklərinə dair obyektiv və qərəzsiz informasiya almalıdır. Mən tələbələrimlə müasir, sürətlə inkişaf edən Azərbaycan haqqında geniş müstəvidə söhbətlər aparır, tarixə də yeri gəldikcə ekskursiya edir, xüsusən onları Azərbaycan həqiqətləri, o cümlədən, Xocalı soyqrımı haqqında məlumatlandırmağa çalışıram. Bu hadisə şagirdlərimi o qədər təsirləndirdi ki, Xocalı faciəsinə həsr edilən tədbirlərimizin birində onlar böyük emosional təsir qüvvəsinə malik ədəbi-bədii kompozisiya ilə çıxış etdilər”, – deyə Günay Əliyeva bildirib.

Günay Əliyeva xatırladıb ki, ötən ildə böyük Azərbaycan şairi, mütəfəkkiri Nəsiminin 650 illik yubileyi Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə geniş qeyd olunub. Bu hadisə ilə əlaqədar Riqa Klassik Gimnaziyasında keçirilən elmi-bədii gecəyə Azərbaycan dili kurslarının dinləyiciləri də qatılaraq Nəsiminin qəzəllərini müxtəlif dillərdə səsləndiriblər.

Günay Əliyeva bildirib ki, hazırda Latviyada dilimizə mükəmməl bələd olan yeganə tərcüməçi görkəmli ədib, şair Uldis Berzinşdir. Latviya oxucuları onun tərcüməsində “Kitabi-Dədə Qorqud” dastanını, habelə bir sıra müasir Azərbaycan şairinin (M.Müşfiq, S.Vurğun, R.Rza, M.Araz, İ.İsmayılzadə, Ə.Salahzadə, V.Səmədoğlu, R.Rövşən və sair) əsərlərini oxumaq imkanını əldə ediblər. Kursların başlıca məqsədlərindən biri elə tələbələr arasında ən bacarıqlı olanları seçib Bakıya təhsilini davam etdirmək üçün ezam etmək, başqa sözlə zəngin Azərbaycan ədəbiyyatını latış dilinə çevirmək iqtidarında olan peşəkar mütərcimlər yetişdirmək işində bir növ vasitəçi olmaqdır.

Dərslərə böyük həvəslə qoşulan Liva adlı latviyalı gənc xanım Azərbaycan dilini öyrənmək həvəsinin səbəbini belə açıqlayır: “Məni Azərbaycanın gözəlliyi, onun zəngin, mədəni-tarixi irsi, qədim, rəngarəng və ləziz mətbəxi, milli adət-ənənələri cəlb edir. Azərbaycanlılarla onların mükəmməl, ahəngdar, musiqili dilində danışmaq imkanımın yaranması məni çox sevindirir”.

“Uşaq və yeniyetmələr üçün məşğələlər isə Baltikyanı ölkələrdə ən böyük təhsil ocağı olan Riqa Dövlət Klassik Gimnaziyasında keçirilir. Onu da deyək ki, fəlsəfə elmləri doktoru həmyerlimiz Roman Əliyevin direktor olduğu adıçəkilən gimnaziya təhsil sahəsində nailiyyətlərə görə “Atis Kronvalds Fondu” tərəfindən ölkənin ən qabaqcıl gimnaziyaları arasında keçirilən ümumölkə müsabiqəsində birincilik qazanıb. Gimnaziyadakı hər bir dərs Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanır, məktəblilərə ana dilimizlə bərabər, xalq mahnıları, çeşidli şeirlər öyrədilir. Beləliklə, Latviya vətəndaşları olan Azərbaycan uşaqları öz köklərini unutmaq təhlükəsindən uzaq olub, milli ənənələrimizlə sıx təmasda – vətənpərvərlik ruhunda tərbiyə olunurlar. Məktəblilərin ən sevdiyi əyləncələrdən biri isə qədim xalq oyunlarımızdan biri olan “Dəyirman” oyunudur. Gimnaziyada milli rəqs dərnəyi də fəaliyyət göstərir. Uşaq və yeniyetmələrdən ibarət “Çinar” rəqs qrupuna böyük bacarıq və sevgi ilə Anjela Cəfərova rəhbərlik edir. Öz repertuarını bir-birindən gözəl rəqs kompozisiyaları ilə daim yeniləşdirən bu qrup Azərbaycan incəsənətini müxtəlif mötəbər tədbirlərdə, beynəlxalq festivallarda, 28 May – Respublika Günü ilə bağlı ziyafətlərdə, beynəlmiləl auditoriyanın qonaq olduğu Novruz şənliklərində, ənənəvi Miladqabağı xeyriyyə bazarının konsert proqramlarında yüksək səviyyədə təmsil edib”, – deyə Günay Əliyeva əlavə edib.

Qeyd edək ki, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli fərmanı ilə qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq, ölkəmizin Latviyadakı səfirliyi və Riqada fəaliyyət göstərən “Ocaq” Azərbaycan mədəniyyəti mərkəzi tərəfindən bu ölkədə yaşayan azərbaycanlı icmasının gənc üzvləri arasında ana dilinin qorunub saxlanması və mükəmməl mənimsənilməsi, həmçinin Azərbaycan dilinin yerli və əcnəbi vətəndaşlar üçün xarici dil olaraq tədrisinə qərar verilib.

 

İnterpress.az