Son zamanlar nəqliyyat vasitələrində, xüsusən də metroda gənclərin, ələlxüsus da qızların yaşlı insanlara, qocalara yer vermədiklərini müşahidə edirik. Əllərində telefon, qulaqlarında qulaqlıq ataları, anaları yaşında sərnişinlərə, yaşlı, yaxud xəstə insanlara məhəl qoymadan özlərini məşğul kimi göstərirlər. Müşahidələrimizə görə, oğlanların 90%-i qalxıb qadınlara, yaşlılara yer verir, qızların isə 90%-i yerindən tərpənmir. Bu, həm xoşagəlməz haldır, həm də çox narahatedicidir. Yəni indiki gənc qızlarımız bu qədər sayqısız, məsuliyyətsiz, vecsizdir?!
Mövzu ilə bağlı İnterpress.az-ın suallarını sosioloq Əhməd Qəşəmoğlu cavablandırıb.
O bildirib ki, əvvəllər belə hal olmayıb, böyüyə-kiçiyə hörmət olub, indiki hallar son illərin, feminizmin məhsuludur.
“Bu, son illərin davranış formasıdır. Yəni bir 20, 30, 50 il əvvəl belə şey yox idi. Gənc qızlar da dərhal ayağa dururdu yaşlı, xəstə adam görəndə, gənc oğlanlar da. Və başqa ölkələrin insanları da bizi tərifləyirdi.
Son illərdə, təxminən 20 il ərzində ölkəmizdə aparılan təbliğat nəticəsində feminizm hərəkatı və bu kimi belə başqa təbliğatlar aparılır. Belə hallar bu təbliğatın nəticəsidir”, – Əhməd Qəşəmoğlu deyib.
Sosioloq belə xoşagəlməz halların qarşısının alınması yolunu maarifləndirmədə görür.
“Davranışa təsir eləyən dörd mühüm amil var. Bunlardan birincisi, insanın öz fitrəti, psixologiyası, daxılı aləmidir. İkincisi, düşdüyü mühitdir, üçüncüsü, aldığı informasiyanın intensivliyi və məzmunudur. Dördüncüsü isə üstünlük verdiyi dəyərlərdir.
Bizim davranışımızda bu dəyişiklik baş veribsə, təhlil edəndə aydın olacaq ki, niyə baş verib. Biz həmin millətin nümayəndəsiyik, bizim fitrətimiz 30 il qabaqkıdır. Deməli, mühitdə dəyişiklik olub, aldığımız informasiyada dəyişiklik olub, bir də üstünün verdiyi dəyərlərimizdə.
Bu istiqamətdə burada ciddi maarifləndirmə olmalıdır. Yenə həm məktəblər, həm valideynlər bu istiqamətdə uşaqlarını maarifləndirməlidir. Bunun bizim gözəl milli dəyərlərimiz olduğu barədə, beynəlxalq aləmdə həmişə təriflənən cəhətimiz olduğu və bizim bir borcumuz olduğu haqda, təbii ki, həm evdə, həm məktəbdə maariflənmə olmalıdır.
Azərbaycanı istəməyən qüvvələr, Avropasayağı qüvvələr bu işi görür, onlar təbliğat tərsinə aparırlar.
“Mən gəncəm, istirahat etməliyəm, qoca kimdir” belə şeylər eşidirəm, xəbərim var, mənə tələbələrim danışır. Deməli, ən əsas gücümüzü müariflənməyə verməliyik”, – sosiloq fikrini yekunlaşdırıb.
Xuraman Etibarlı
İnterpress.az