Özəlləşdirmə çeklərinin aqibəti: “Dövlət öhdəliyini yerinə yetirməsə,…”backend

Özəlləşdirmə çeklərinin aqibəti: “Dövlət öhdəliyini yerinə yetirməsə,…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın əksər ölkələrində iqtisadiyyatın ən önəmli hərəkətverici sahələrindən biri qiymətli kağızlar bazarı hesab olunur. Bu fonda dünya birjalarında qiymətli kağızlar bazarının həcmi sürətlə artmaqdadır.

Qiymətli kağız – onun sahibinin əmlak və qeyri əmlak hüquqlarını və bu hüquqların verilməsi imkanını müəyyən edilmiş formaya və məcburi rekvizitlərə riayət etməklə təsdiqləyən sənəddir. Qiymətli kağızların saxlanılması üçün risklər olmasa da, Azərbaycanda bu sahə diqqətdən kənarda qalıb. Vaxtilə Azərbaycanda qiymətli kağızlardan biri də özəlləşdirmə çekləri olub. Hansı ki, 32 milyon ədəd özəlləşdirmə çeki 25 mart 1995-ci il tarixində dövriyyəyə buraxılıb. 1996-cı ildə ulu öndər Heydər Əliyevin fərmanına əsasən, vətəndaşlara verilən özəlləşdirmə çeklərinin hər birinin dəyəri eynidir. Bu özəlləşdirmə çekləri 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına artıq miras-əmlak payı olaraq verilib. Qiymətli kağız olan dövlət özəlləşdirmə çekinin çıxarılmasının hüquqi əsası hər bir Azərbaycan vətəndaşına dövlət əmlakından verilmiş dövlət özəlləşdirmə payıdır. Bunu I Dövlət Proqramının 3-cü bölməsinin 4-cü abzası da açıq ayın ifadə edir. Bu gün özəlləşdirmə çeklərinin tədavülünə məhdudiyyət qoyulsa da, dövriyyəyə buraxılmış çeklərin 20 faizi hələ də əllərdədir. Məhdudiyyətin tətbiqi isə əlində çeki qalan vətəndaşların narazılığına səbəb olub. Bu fonda əlində çekləri qalan 31 min vətəndaş haqqlarının geri qaytarılması üçün ölkə başçısı İlham Əliyevə Açıq Məktub ünvanlayıblar.

Sözügedən AÇIQ MƏKTUB-la aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://www.facebook.com/groups/668471343515846/permalink/1495607760802196/

Mövzu ilə bağlı sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov İnterpress.az-a açıqlamasında bildirib ki, problemin hələ də öz həllini tapmaması bir sıra vətəndaşların narazılığını daha da artırır:

“Özəlləşdirmə çekləri ilə bağlı problem cəmiyyətin müəyyən bir təbəqəsini hələ də narahat etməkdədir. Bu məsələsinin aktuallığının itməməsinin səbəbi insanların zamanında bir ümidlə bu çeklərə sahib olmasıdır. Bu, dövlətin öhdəliyidir. Bu fonda vətəndaş gələcəkdə hansısa müəssisəyə sahib olacağını düşünürdü. O vaxtı Ulu Öndər Heydər Əliyevin imzaladığı fərmana əsasən, özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda infilyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu imkan vətəndaşın hansısa məqsədinin reallaşması və ya biznes fəaliyyətinin inkişafı üçün müsbət haldır. Özəlləşdirmə çeklərinin yenidən tədavülü fonunda bu imkanın gerçəkləşməsi vətəndaşlar üçün əlverişli şərait yaradacaq. Bu gün çek sahibi olan vətəndaşlar dövlətin öz öhdəliklərini nə vaxt yerinə yetirəcəyini gözləyirlər. Özəlləşdirmə çekləri ilə bağlı mənə çoxsaylı müraicətlər olur və onlar kömək istəyirlər. Ona görə də dövlət bu məsələnin çözülməsi istiqamətində addımlar atmalıdır. Fikrimcə, məsələnin gündəmdə öz aktuallığını qoruması müsbət haldır. Bu, əlində çeki qalmış şəxslərə bir ümid verir. Əmlak Komitəsinin 1997-ci ildəki 222 N-li əmrinə görə, bir əmlak payına düşən mülkiyyətin dəyəri ən azı 2000 dollar civarında hesablanıb. İnfilyasiyanı nəzərə alsaq, hazırda bu qiymət fərqli olmalıdır. Çünki o vaxtla müqayisədə indi əmlakların qiyməti və kriteriyalar dəyişib. Özəlləşdirmə çeklərinin cari real qiymətləri nəzərə alınmalı, vətəndaşların haqqı bu və ya digər formada ödənməlidir”.

Fikrət Yusifov vurğulayıb ki, özəlləşdirmə prosesi vaxtında düzgün şəkildə aprılsaydı, vətəndaşlar yetərincə əmlak sahibi ola bilərdilər. Hətta öz vəsaitlərini mövcud şəraitə uyğun olaraq idarə edə bilərdilər:

“İndiki dövrdə məqsədimiz ədalətin bərpa olmasıdır. İnsanların günahı nədir ki, hansısa müəssisəni oliqarxlar alırlar və vətəndaşlar onlar üçün yaradılan imkandan istifadə edə bilmirlər?! Bu problem cəmiyyəti düşündürən məsələdir. Özümdə özəlləşdirmə çekləri olmasa da, mənə yaxın olan insanların çoxu hələ də bu çekləri saxlayır. Hesab edirəm ki, dövlət gec və ya tez bu məsələni diqqətdə saxlayacaq. Sadəcə vətəndaşlar səbirli olmalıdır. Milli Məclis “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun layihəsində özəlləşdirmə çekləri ilə bağlı məsələ də öz əksini tapmalıdır. Bu addım müsbət hal olmaqla yanaşı, insanların dövlətə inamını artırar. Əslində bu məsələdə hansı qurumun necə təklif verməsindən asılı olmayaraq, əsas qərar Ali Rəhbər tərəfindən qəbul ediləcək. Ona görə də problemli kreditlərdə olduğu kimi, bu məsələdə də atılacaq addım ölkə başçısının xüsusi fərmanı ilə olacaq. Əgər dövlət öhdəliyini yerinə yetirməsə, bu laqeydlik onun nüfuzuna zərər vura bilər”.

“VECON CONSULTING” şirkətinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, iqtisadçı Vüqar Oruc isə qeyd edib ki, proses zamanı maarrifləndirmə işlərinin aşağı səviyyədə olması və vətəndaşların çoxunun aldadılması təəssüf doğuran amillərdəndir. Bütün hallarda isə hüquqları bərpa etmək heç də gec deyil:

“Proses zamanı maarrifləndirmə işlərinin yüksək səviyyədə aparılmaması fonunda vətəndaşlar bu çeklərdən necə istifadə edəcəklərini bilmədilər. Halbuki vətəndaşlara izah olunmalı idi ki, bu çeklərdən gələcəkdə müxtəlif özəlləşdirmə proseslərində iştirak etmək və eyni zamanda hansısa obyektə investisiya qoymaq üçün istifadə edə bilərlər. Yəni, proses ədalətsiz şəkildə həyata keçirildi. İndiki halda sui-istifadə hallarının qurbanı olmuş vətəndaşların haqqlarının geri qaytarılması vacibdir. O vaxtkı dövrdən fərqli olaraq, bu gün özəlləşdirmə çeklərindən istifadə etmək və investisiya prosesində payçılıq və iştirakçılıq hüququnu dəyərləndirə bilən insanların sayı kifayət qədər çoxalıb. Bu baxımdan əllərdə qalan 6 milyondan çox özəlləşdirmə çekinin istifadəsi bərpa olunmalıdır. Eyni zamanda əlində özəlləşdirmə çeki qalmış insanların hüquqları müdafiə olunmalıdır. Çünki çeki olan şəxsin hansısa müəssisənin özəlləşdirilməsində pay sahibi olmaq hüququ var. Əgər çeklərin yenidən tədavülü mümkün olmazsa, bu halda sözügedən vətəndaşlara kompensasiya ödənilməlidir. Ümumilikdə qəbul olunan qərar tərəflərin mənafəyini təmin etməlidir ki, sosial ədalət də bərpa olunsun”.