Rusiya və Qərbin Turan qorxusu: Yeni regional güc yaranırbackend

Rusiya və Qərbin Turan qorxusu: Yeni regional güc yaranır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Toplantısında qurumun adının dəyişdirilməsi gözlənilir.

“Haber Global”ın məlumatına görə, Türk Şurası bundan sonra Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyətinə davam edəcək.

VIII Zirvə toplantısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək.

Zirvənin gündəm mövzuları ilə yanaşı, keçiriləcəyi yer də diqqət çəkir. Liderlərin zirvəsi Demokratiya və Azadlıqlar Adasında baş tutacaq. Həmçinin, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə “Türk dünyası-2040” adlı proqram qəbul olunacaq.

Sammitdə qurumun adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılacağını xatırladan nazir bunun böyük önəm daşıdığını vurğulayıb: “Köklərimiz ortaq olduğu kimi, gələcəyə istiqamətlənmiş baxışımız da eyni olmalıdır”.

Qeyd edək ki, Türk Şurasının güclənməsi Rusiya və Qərbin maraqlarına cavab vermir. Ümumiyyətlə, onlar türk dövlətlərinin güclərini birləşdirməsini həzm etmək istəmirlər.

Maraqlıdır, Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyəti ilə bağlı Rusiya və Qərbin mövqeyi necə olacaq?

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Fuad Çıraqov bildirib ki, Rusiya və Qərb Türk Dövlətləri Təşkilatının fəaliyyətinin qarşısını almaq üçün müəyyən tədbirlər görməyə çalışacaq:

“Rusiya və Qərbin kütləvi informasiya vasitələrində Türk Şurasına qısqanc bir münasibət bəslənildiyini görürük. Eyni zamanda, bəzən xarici mətbuatın bu təşkilata qərəzli şəkildə yanaşdığını da görürük.

Onlar bunun böyük bir imperialist məqsədlərə xidmət etdiyini göstərir. Hətta Qərbdə bu qurumu Turan və ya Birləşmiş Türk Ştatları kimi də xarakterizə edirlər. Yəni, bununla bağlı əks-təbliğat işlərinin aparıldığını görürük. Bu isə müəyyən dairələrin Türk Şurasındakı ölkələrin birliyinə qarşı qısqanclıqla yanaşdığını göstərir.

Ümumiyyətlə, Türk Şurasına daxil olan ölkələrin özlərinin milli maraqları onu tələb edir ki, bir-birilə daha yaxın və sıx əlaqələr qursunlar. Çünki bu təşkilatın üzvləri bir-birinə yaxın, doğma və milli maraqlarına hörmət edən dövlətlərdir. Həmçinin, bu təşkilatdakı ölkələr bir-birinə təhdid deyil. Düşünürəm ki, xarici ölkələr hər zaman olduğu kimi Türk Dövlətləri Təşkilatının qarşısını almağa çalışacaqlar. Lakin reallıq budur ki, artıq zəmanə dəyişib”.