Teatr kimin üçündür?backend

Teatr kimin üçündür?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Teatr kimin üçündür?

Uzun fasilədən sonra teatra gedib maraqlı bir tamaşanı izlədim. Bəlkə də Qısa Tamaşalar Festivalı Bakıda keçirilməsəydi, bura dəvət edilməsəydim, yenə də bir müddət getməyəcəkdim. Özü də gürcü dilində səsləndirilən tamaşaya. Bir sözlə, Lev Tolstoyun “Kreyser sonatası”na Akademik Musiqili Teatrında baxmağa getmişdik…

Son dərsdən icazə almalı da oldum, ora gedəcək digər dostlarla görüşdük. Tam vaxtında biz artıq teatrın qapısında idik. Hündür, böyük, taxta qapılar, pilləkənlərdə siqaret tüstüləyən kostyumlu şəxslər…

Birdən gözü zibil qutusuna sataşan dostum iri siqaret kötüyünü görüb “Ay aman, bunu da belə az çəkərlər?! Deməli, pulu çoxdur” dedi.

Bizim bir əlimizdə ayran, o biri əlimizdə də kökə. Bir-birimizə baxa-baxa tez-tez yedik, içəri girib qapının arxasında nə olduğunu görmək istəyirdik. Orada isə parıltılı işıqlar, tərtəmiz mərmər, geyimli-kecimli şəxslər, gözəl libaslı qadınlar və daha nələr-nələr vardı. Bir sözlə, mühit çox mədəni idi. Mən də dərsdən qaça-qaça çıxıb gələn qız. Bir anlıq əyin-başıma baxdım. Heç nəyim teatra uymasa da, şalvarım klassik idi yaxşı ki. Sizə qəribə gələ bilər, amma mənim üçün getdiyim məkana uyğun geyinmək şərtdir. Nə isə…

Bizim üçün ayrılan yerdə əyləşdik. Özümə dayanmadam sual verirdim: sən bilmədiyin dilin tamaşasına hansı ağıl ilə gəlmisən. Heç nə anlamayacaq, heç istəsən belə, yazı da yaza bilməyəcəksən. Zalın işığı yavaş-yavaş sönməyə başladı, teatrda nizam-intizam qaydaları barədə xəbərdarlıq edildi. Amma mən hələ də yanımdakı insanların kimisə sözlə asıb-kəsməyinə qulaq asırdım. Deyəsən, heç teatr adamı deyildilər. Hələ bir yuxulayanı da vardı.

Tamaşa başladı, gözüm yuxarıdakı sinxron tərcüməyə sataşdı. Sevindim, dedim, bax, Məryəm, indi gəlməsəydin, çox şey itirəcəkdin.

Tamaşa sevgi motivi üzərində qurulmuşdu. Baş qəhrəmana görə sevgi bir çox qadınla yatmaq, təcrübə yığmaq idi. Onu cəzb edən şey qadın bədənindən başqa bir şey deyildi. Qadının bədənindən silah kimi istifadə etdiyini də düşünürdü. Səhnə çox səsli-küylü idi. Baş qəhrəmanın monoloqları ilə razılaşmırdım, qıcıqlanırdım. O danışırdı, mən də özüm üçün dəftərdə qeyd aparırdım. Amma sinxron tərcüməyə baxıb səhnəni izləmək, gur işıq gözümü yaman ağrıtmışdı.

Tamaşa bitdi, hər kəs aktyorları ayaqda alqışladı. Zalı “bravo” səsi bürüdü. Aktyor sevinci də açıq-aşkar duyulurdu. Özüm də bir dəfə səhnədə o hissi keçirmişəm, alqışlardan ilhamlanmışam…

Tamaşa sonrası ikinci mərtəbədə yerləşən parterdən birinci mərtəbəyə endik.   Təmtəraqlı məclis təşkil olunmuşdu. Cürbəcür içkilər, növbənöv şirniyyat də düzülmüşdü. Burdakı vəziyyət çox qəribə idi. Kimi şərab içir, kimisi də qarnını doyuzdurmaqla məşğul idi.  Düşünürəm, teatr mədəni insanlar üçündür. Uzaqdan “sənə kofe, ya şirə? Bir az da doldurum, yoxsa iki nəfərə bəs edər?!” deyənlər üçün deyil teatr.

Bəzi tanınmış simalarla şəkil çəkdirdikdən sonra belə atmosferdə qala bilmədiyimi gördüm, mənimlə gələnləri evə getməyə razı saldım. İstədiyim də oldu, yığışdıq, qapıdan çıxdıq. O an dərk elədim ki, məni içəridə sanki qəlibə salmışdılar. Rahat deyildim nədənsə. Yad mühit idi, nə edəcəyimi bilmirdim. Özümü mədəni aparsam da, digərlərini görüb əsəbiləşirdim.

Teatr sıravi vətəndaş ya elitar təbəqə üçündür? Tamaşaya baxmağa yox, rəfiqəsi ilə danışmağa üstünlük verən, beynində yeyib-içməkdən başqa fikri olmayan, sıxıcı görünən tamaşada yatmağa üstünlük verən insanın elə evdə qalması, məncə, daha yaxşı olardı. Yuxu üçün yataq otağı, yeyib-içmək, söhbət üçün isə kafe-restoran daha uyğundur. Teatr isə onu sevənlər üçündür.

Məryəm Bayram

İnterpress.az