Fransanın xaricdəki departamentlərindəki acınacaqlı vəziyyət və davam edən iğtişaşlar onu deməyə əsas verir ki, Fransa lideri Emmanuel Makronun müstəmləkə imperiyası onun gözləri qarşısında dağılır.
İnterpress.az xəbər verir ki, bu barədə Britaniyanın “The Spectator” jurnalının köşə yazarı Conatan Millerin məqaləsində deyilir.
Müəllif Makronun Fransanın xarici regionuna və departamentinə – Hind okeanındakı Mayot arxipelaqına, eləcə də Sakit okeanda yerləşən Yeni Kaledoniyanın xüsusi inzibati-ərazi qurumuna səfəri ilə bağlı təəssüratlarını ifadə edib.
“Fransa prezidenti bu həftə imperator rolunu oynamaq üçün adalara qayıtdı. Bununla belə, onun imperiyası gözümüzün qabağında dağılır”, – Millerin şərhində deyilir. Onun fikrincə, hətta “əbədi optimist” Makron belə, bu bölgələrdə hansı fəlakətli vəziyyətin hökm sürdüyünü görməməzlikdən gələ bilməz, çünki Mayote iğtişaşlara bürünüb, Yeni Kaledoniya isə vətəndaş müharibəsi astanasındadır.
“Oxşar vəziyyət Parisin digər xaricdəki mülklərində də geniş vüsət alır: Fransız Qvianasında, Reünyonda, Fransız Polineziyasında və bir çox başqalarında. Bu bölgələr çoxdan yalnız dövlət maliyyəsini udmaq üçün dibsiz bir çuxura çevrilib. Fransızlardan başqa hamı çox gözəl başa düşür ki, Fransada qalan imperiyanın sonu nəhayət yaxınlaşır. Bölünməz respublika dağılır”.
Qeyd edək ki, Yeni Kaledoniyada yerli əhali olan kanaklar və gəlmə Fransa vətəndaşları birlikdə yaşayırlar. Ada xüsusi administrativ ərazi vahidi olduğu üçün kanakların bir sıra üstünlükləri var. Makron hökuməti isə müstəqillik və sair ilə bağlı keçiriləcək referendumların nəticəsini dəyişmək üçün Fransadan gələnləri də yerli əhali kimi təqdim edir.
Onlar da, öz növbəsində Kaledoniyanın Fransanın tərkibində qalmasına səs verirlər. Bu mübarizə artıq uzun illərdir ki, davam edir. Yeni Kaledoniyanın təxminən 300 min əhalisi var. Sakinlərin 40 faizini kanaklar təşkil edir. Adada təxminən 40 mindən çox fransız yaşayır. 1998-ci il “Numea müqaviləsi”nə əsasən, Fransa bölgəyə daha çox siyasi muxtariyyət verməyə, əyalət və parlament seçkilərində səsverməni “yalnız ovaxtkı sakinlərlə” məhdudlaşdırmağa razılaşıb.
Yeni Kaledoniyada müstəqillik üçün dörd dəfə referendum keçirilib, boykotdan öncəki səsvermədə kiçik fərqlə (53,26%) Fransanın tərkibində qalmaq istəyənlər qalib gəlib. Buna baxmayaraq, müstəqillik istəyənlərin sayı getdikcə artır.