“Townhall” nəşri Xocalı qırğınından yazdıbackend

“Townhall” nəşri Xocalı qırğınından yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikada çıxan “Townhall” nəşrində “ABŞ Xocalı qırğınını soyqırımı aktı kimi tanımalıdır” sərlövhəli məqalə dərc edilib.

İnterpress.az bildirir ki, məqalənin müəllifi istefada olan polkovnik, koalisiya qüvvələrinin tərkibində İraqda terrorizmə qarşı mübarizə tədbirlərində iştirak etmiş Ues Martindir.

Məqalədə bildirilir ki, Birləşmiş Ştatlar XX əsrdə törədilmiş soyqırımı aktlarından, o cümlədən, Holokostdan və Ruandada törədilmiş soyqırımından ibrət dərsi alınması üçün çox iş görüb. Bununla belə, qurbanların sayı nisbətən az olmuş, lakin eyni dağıdıcı niyyətlər güdən kütləvi qətllər də Amerika hökumətinin və Amerika cəmiyyətinin nəzərində insanlığa qarşı daha məşhur cinayət faktları kimi tanınmağa layiqdir.

Müəllif qeyd edir ki, dəhşətli Xocalı qırğını Azərbaycanın Qarabağ regionunda Ermənistan-Azərbaycan münaqişəsi dövründə hökm sürən terrorun kulminasiya nöqtəsi oldu. Bu həftə Xocalı faciəsinin 30 illiyi tamam olur. Beynəlxalq kütləvi informasiya vasitələri həmin hərbi cinayət faktını təsdiq ediblər və biz hamımız xəcalət çəkməliyik ki, o dövrdə dünya bu soyqırımına lazımınca qiymət verə bilmədi və öz növbəsində, cinayətkarlar məsuliyyətdən yaxa qurtara bildilər.

Faciə şahidlərinin “Times of London”, “Reuters”, “The New York Times”, “The Washington Post” kimi nüfuzlu nəşrlərdə dərc edilmiş ifadələrində uşaqların başlarının kəsilməsi, kütləvi məzarlıqlar, dinc sakinlərin meyitləri səpələnmiş küçələrdə gedən jurnalistlər barədə danışılırdı. Faciənin qurbanları Azərbaycanın dinc sakinləri, bu mənfur əməlləri törədən hərbi canilər isə erməni hərbçiləri idi. “Human Rights Watch” hüquq-müdafiə təşkilatı Xocalı qırğınını bütün münaqişə dövründə “ən böyük qırğın” adlandırdı, lakin dünya bu harayı da eşitmədi.

Bu gün Azərbaycan özünün itirilmiş ərazilərinin çox hissəsi üzərində nəzarəti bərpa edib. Lakin bir nəsil bundan əvvəl öz doğma evlərindən qovulmuş bir milyona yaxın insan Azərbaycanda məcburi köçkün vəziyyətində qalır. Azərbaycanın 4 mindən çox həlak olmuş dinc sakini iktin düşmüşlər kimi qalır.

Müəllif daha sonra Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın Tomas de Vaala məşhur müsahibəsində söylədiyi etirafı xatırladır.

U.Martin yazır: “Biz sülhü və təhlükəsizliyi dəstəkləmək səylərimizlə bərabər, maneələrin aradan qaldırılmasına görə öz məsuliyyətimizi etiraf etməli, keçmişdə törədilmiş əməllərə lazımınca qiymət verməliyik. Xocalı qırğını qərəzli soyqırımı aktının başlanğıcı və əsas hadisəsi oldu”.

Müəllif məqalənin sonunda qeyd edir ki, bütün dünyada soyqırımı aktlarının aşkar edilməsi və pislənməsi istiqamətində böyük uğurlar qazanmış Birləşmiş Ştatlar Xocalı qırğınını da beləcə tanımalı və pisləməlidir. (azərtac)