Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatında Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə “Xocalı soyqırımı-qan yaddaşımız” adlı konfrans keçirilmişdir.
İnterpress.az xəbər verir ki, konfrans iştirakçıları ilk əvvəl Xocalı faciəsi haqqında sənədli filmə baxmışlar.
Xocalı soyqırımının qurbanları və Azərbaycanımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfransı Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq bildirdi ki, erməni terrorçularının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırım siyasəti nəticəsində törətdikləri qanlı cinayətlər, qətliamlar arasında Xocalı faciəsi xüsusi amansızlığına görə seçilir. Təkcə bir gecədə Xocalı şəhərinin yerlə-yeksan edilməsi, qadın, uşaq və qoca demədən 613 günahsız insanın məhz azərbaycanlı olduqlarına görə qətlə yetirilməsi bu qətliamın soyqırım olduğunu təsdiqləyir.
Ucar şəhər 5 saylı tam orta məktəbin direktoru Hakim Nəcəfov, Ucar Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, xocalılı Əhməd Bayramov çıxışlarında bildirdilər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini zəbt etdilər. Bu qırğının nəticəsində 613 günahsız insan xüsusi amansızlıqla qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlılar olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Həmçinin 487 nəfər ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Faciədən sonra əsir götürülən azərbaycanlılar amansız işgəncələrə məruz qalıblar.
Bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymət Ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Məhz həmin dövrdən başlayaraq dünya azərbaycanlıları soyqırımın bütün dünyada tanıdılması istiqamətində fəallığa çağırılıb, bununla əlaqədar onlara müraciət edilib. Həmin vaxtdan Azərbaycan diasporu Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal iş görməyə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 ildən çoxdur davam edən erməni təcavüzünə son qoyulmasına, münaqişənin sülh yolu ilə nizamlanmasına mütəmadi olaraq səylər göstərir, təşəbbüslər irəli sürür, münaqişənin beynəlxalq hüquq norma və prinsiplərinə uyğun yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsinin, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının, məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasının zəruriliyini daim nüfuzlu beynəlxalq qurumlar qarşısında qaldırır.
Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri var. Fond Xocalı soyqırımı ilə əlaqədar xarici ölkələrdə layihələr həyata keçirir. Məqsəd bu soyqırımın dünya ictimaiyyətinə çatdırılması və erməni vəhşiliklərini əks etdirən materialların beynəlxalq təşkilatlar qarşısında nümayiş etdirilməsidir. Fondun həyata keçirdiyi “Qarabağ həqiqətləri” silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis dilində nəşr olunan kitab və bukletlər xaricdə yayılır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunur.
Daha sonra mövzu ətrafında geniş nitq söyləmək üçün söz Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənə verildi, millət vəkili çıxışında “Əziz konfrans iştirakçıları təbii ki, biz 26 fevral tarixində Xocalı şəhidlərimizi və Xocalı faciəsinin 30 illiyində acı faciəmizi bir daha qan yaddaşımızda təzələyirik və şübhəsiz ki, dəyərli Xocalıdan olan bizim qardaşımız, dəyərli Ucardan olan bizim sakinlərimizin də etmiş olduğu çıxışlarda qeyd etdiyi kimi, bu faciə Azərbaycan xalqının qan yaddaşına yazılıb. Bəli biz yəqin ki, diplomatiya, xarici siyasət və bu gün ki reallıq olaraq əvvəl-axır Ermənistanla sülh müqaviləsi imzalayacayıq, amma cənab Prezidentin qeyd etdiyi kimi, biz sülh müqaviləsi imzalasaq da sərhədlərimizin delimitasiyası yəni, sərhədlərin müəyyənləşdirilməsi prosesi başa çatsa da Zəngəzur koridorunu işə salsaq da tarixi keçmişimizi biz unutmamalıyıq. Ən önəmli, vacib fakt bundan ibarətdir. 1905, 1918, 1948, 1988 və günü bu günə qədər – Zəfər savaşımızın başlaması və 44 günlük müharibədən sonra qalib gəlməyimizə qədər erməni vandalizminin Azərbaycan türklərinin və azərbaycanlıların başına gətirdiyi bütün müsibətlərə baxsaq, bunların ən çoxu bizim təssüf ki, xalq olaraq çox tez-tez unutqanlığa imkan verən addımlar atmağımızdandır.
Bir tərəfdən o bizim böyüklüyümüz və qəlbimizin genişliyidir ki, biz əfv etməyi bacarırıq ALLAH da əfv edənlərin yanındadır. Şübhəsiz, bu ümümiyyətlə Türk millətinin və Azərbaycan xalqının qəlbində olan böyüklükdür, amma digər tərəfdən təssüf ki, bizim bu böyüklüyümüzdən və ürəyimizin genişliyindən sui-istifadə edən mənfur qonşularımız hər zaman başımıza müsibətlər açmaq üçün sanki belə desək tülkülər kimi hərəkət ediblər və ona görə də 613 Xocalı sakinimiz qanına qəltan edilib, 1250-dən çox Xocalı sakinimiz əsir götürülüb və onların aqibəti bəlli deyildir. İtkin düşənlər ilə girov götürülmüşləri əslinə qalsa elə bir yerə qoymaq lazımdır çünki, onlardan bir neçə nəfəri çıxmaq şərtilə digərləri barədə bu günə qədər hər hansı bir səs soraq çıxmayıb. Cənab Prezidentimizin qeyd etdiyi kimi, Ermənistanın əksər torpaqları da bizim ana vətənimizdir, Zəngəzur və Göyçə mahalı daxil olmaqla, İrəvanın özü tarixi torpaqlarımızdır. Bizim bu qədər etmiş olduğumuz xoş niyyətimizin qarşılığında Ermənistandaki şovinist qruplar, vandal, vəhşi, tamamən Türk qanına susamış vəhşilərin etmiş olduğu hərəkətlər və onun nəticəsində 10 min-lərlə vətəndaşımızın, soydaşımızın şəhid olması, qanına qəltan edilməsi və bizim dəyərli ağsaqqalımızın bildirdiyi kimi Ermənistandan olan azərbaycanlılar, Azərbaycan Türkləri 1905 və 1918, 1948 və 1988-ci illərdə Zəngəzur və Göyçədən müxtəlif istiqamətlərə-Türkiyənin İğdır bölgəsinə, Gürcüstana, Naxçıvana və Azərbaycanın müxtəlif bölgəsinə qaçaraq pənah gətirmişdilər. Xocalı faciəsinə soyqırım ona görə deyilir ki, Birləşmiş Millətlər təşkilatının müvafiq maddələrində də qəbul etmiş olduğu və qeyd edildiyi kimi İnsanın əleyhinə və bir milləti bilərəkdən və düşünülmüş şəkildə məhv etməklə bağlı atılan addımdır bu faciə.
Biz qonşu dövlət ilə münasibətimizi normal saxlayaq, amma yaddan çıxarmayaq ki, hər zaman bizim qanımıza susamağa hazır olan bir millət ilə qonşuyuq və qonşu olmağa məhkumuq. Biz bunu qan yaddaşımızda saxladıqda bu müddət içərisində ölkəmiz, dövlətimiz cənab Prezidentin, Ali Baş Komandanın başçılığı altında dəmir yumruqla bu şovinizmin, erməni vandalizminin başını əzdiyi kimi hər zaman əzməyə qadir olacaq. Ona görə də biz güclü, qüdrətli olmalıyıq ki, sözümüz keçsin. Çox Türk sərkərdələrinin tarixi bir kəlamı var “Əgər masada güclü olmaq istəyirsənsə, sahada güclü olmalısan” yəni cəbhədə qolumuz güclü olsa, masada da hər zaman güclü olacayıq ki, Cənab Prezident tarixi bir şücaət göstərərək əslində onu həyata keçirdi. Ona görə hər birimiz ölkə rəhbərimizin ətrafında sıx birləşərək bundan sonra da qan yaddaşımızı unutmamaq şərti ilə torpaqlarımızın bir daha düşmən tapdağına düşməməsi üçün əlimizdən gələni etməliyik. Xocalı faciəsinin daha yaşanmaması üçün həmrəyliyimizi, birlik və bərabərliyimizi daim və daima diri tutmalıyıq. Bu istiqamətdə sizə və sizlərdən, bizlərdən sonra gələn nəsillərimizə yolları açıq olsun deyirəm.” fikirlərini söyləmişdir.