Qloballaşmanın müasir istiqamətləri və bunun diaspor fəaliyyətinə təsiribackend

Qloballaşmanın müasir istiqamətləri və bunun diaspor fəaliyyətinə təsiri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mən çox istəyirəm ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları da bir nöqtəyə vursunlar, birləşsinlər. Belə olan halda onların gücü də, ictimaiyyət tərəfindən onlara qarşı hörmət də artacaq.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bu gün bəşəriyyət necə adlandırılmasından asılı olmayaraq, inkişafının tamamilə fərqli bir mərhələsinə qədəm qoyub. Bu mərhələdə insanlar, dövlətlər, mədəniyyətlər, dinlər arasında mövcud olan qarşılıqlı münasibətlərin prinsipial olaraq yeni səviyyəsinin təməli qoyulmaqdadır.

Dünyanın inkişaf parametrləri baxımından müşahidə olunan və “qloballaşma” adlandırılan xüsusi problemlərin ortaya çıxması yaşadığımız dövrü səciyyələndirən ən mühüm əlamətə çevrilib.

Ümummilli lider Heydər Əliyevin sözləri ilə ifadə etsək: “Dünyanın inkişafının indiki mərhələsinin başlıca meyilləri mədəni inteqrasiya və qloballaşmadır. Əgər bəşəriyyət XX əsri elmi inkişafın nailiyyətlərinin yaratdığı xoş ümidlərlə qarşılamışdısa, qloballaşma prosesi çox vaxt heç də nikbinlik doğurmur. Bu mürəkkəb və birmənalı qiymətləndirilməyən prosesin perspektivləri hamımızı düşündürür”.

Bəşəriyyətin müxtəlif ictimai-sosial qrupları arasında vahid düşüncə tərzini formalaşdıran qloballaşma Yer kürəsində baş verən proseslərin ümumi – planetar bir mahiyyət daşıdığını ifadə edir. Proseslərin qloballaşması, ictimai fəaliyyətin beynəlmilələşməsi təkcə onunla xarakterizə olunmur ki, bu və ya digər proseslər bütün Yer kürəsini öz əhatə dairəsinə alsın. Qloballaşma prosesi bəşəriyyətin sosial-mədəni, iqtisadi, siyasi və digər əlaqələrinin vahid bir sistemə daxil olmasını özündə ehtiva edir.

Müasir dövrdə bu prosesdən kənarda qalmaq qeyri-mümkündür. Yer kürəsinin bütün xalqları bu və ya digər dərəcədə ümumi tarixi prosesə cəlb ediliblər. Qloballaşma prosesi zamanı insanlar milli mənsubiyyətindən və vətəndaşlığından asılı olmayaraq ümumbəşəri dəyərləri paylaşmalı olurlar.

Bununla belə, hər bir xalqın özünəməxsus xüsusiyyəti, milli-mənəvi dəyərləri həmin xalqın, millətin pasportu hesab olunur. Müasir dövrdə qloballaşma prosesində milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmalı, mənfi və müsbət cəhətlərinə diqqət yetirməliyik. Bu gün milli mədəniyyətin və beynəlxalq mədəni əlaqələrin inkişaf konsepsiyası xalqımızın əsrlər boyu çətin, həm də təmkin və səbirlə əldə etdiyi mədəni-mənəvi sərvətlərin, habelə folklor inciləri, milli-mənəvi ənənələrin və mərasimlərin qorunması və təbliğini nəzərdə tutur.

Buna görə də biz milli-mənəvi dəyərləri aşınmalardan qorumalı, milli mədəniyyətimizi millətin qloballaşmadan özünü müdafiə vasitəsinə çevirməliyik. Yalnız birgə səmərəli fəaliyyət nəticəsində mədəniyyətdə milli özünəməxsusluğu, milli-mədəni dəyərləri qorumaq və mühafizə etmək mümkündür.

Biz qloballaşmanın göstərdiyi tələblərə ölkəmizin milli mənafeyinə uyğun bir tərzdə cavab verməli, qloballaşma prosesinə milli-mənəvi dəyərlərimizi qurban verməməliyik. Qloballaşma prosesi zamanı tarixi köklərimizə hörmət hissi bəsləməli, milli kimliyimizi qorumalı və milli mənəviyyatımızı aşınmalardan mühafizə etməliyik.

Bütün bunlar isə xaricdə yaşayan soydaşlarımızın, diaspor təşkilatlarının üzərinə çox ciddi bir missiyanın düşdüyünü göstərir. Bu missiyanın öhdəsindən gələ bilmək isə birgə fəaliyyət tələb edir.

Soydaşlarımızın şəbəkələşməsi qloballaşmanın tələbidir

Bütün dövrlərdə birlik, birgə fəaliyyət olduqca zəruridir. Əks halda seçilmiş hədəfə çatmaq qeyri-mümkündür. Müasir dövrdə isə, birgə fəaliyyətin ən asan və səmərəli yolu şəbəkələşməkdir. Nəzərə alsaq ki, soydaşlarımız dünyanın dörd bir tərəfində, müxtəlif ölkələrdə yaşayır, onda şəbəkələşmənin əhəmiyyəti və birliyin ən asan yolu olduğu aydınlaşan. Eyni zamanda, soydaşlarımızın, diaspor təşkilatlarının birliyi ölkə başçısı cənab İlham Əliyevin “Azərbaycanın inkişafı və dünya birliyində mövqeyini möhkəmləndirməsi üçün hər bir həmvətənimiz ümummilli məqsədlər ətrafında sıx birləşməli, diaspor təşkilatlarının fəaliyyəti daha çevik əlaqələndirilməlidir” – çağırışından irəli gələn bir vəzifədir.

Təsadüfi deyildir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin də əsas hədəflərindən biri soydaşlarımızın şəbəkələşməsinə nail olmaq, onların fəaliyyətini intensiv şəkildə əlaqələndirməkdir.

Əslində, diaspor təşkilatlarının və soydaşlarımızın birliyi dedikdə, ilk növbədə, milli maraqlar, azərbaycançılıq ideologiyası ətrafında virtual birlik nəzərdə tutulur. Virtual məkanda birliyi – şəbəkələşməni formalaşdırmadan fiziki birliyə də nail olmaq qeyri-mümkündür. Məsələn, fevralın 23-də Brüsseldə keçirilən Ümumavropa Qarabağ mitinqi soydaşlarımızın şəbəkələşməsinin, virtual birliyinin uğurlu nəticələrindən biri və bəlkə də birincisi oldu. Diaspor təşkilatlarının rəhbərləri, soydaşlarımız tərəfindən sosial şəbəkə üzərindən edilən çağırışlar Avropada Qarabağ adına bir ilk yazmağa imkan yaratdı. 20-dən çox ölkədən iştirak, 800 nəfərlik mitinq, çoxsaylı dillər və s. Brüssel mitinqini ilk edən səbəblərin bir qismidir. Bütün bunlar şəbəkələşmənin nəticəsidir.

Xaricdə yaşayan soydaşlarımız necə şəbəkələşə bilərlər?

“Şəbəkələşmə nədir?” sualına aydınlıq gətirmədən öncə, internetin mahiyyətinə nəzər salaq. Mütəxəssislərin fikrincə, internet sözü ən ümumi mənada “qlobal şəbəkədə birləşdirilmiş kompüterlərin məcmusu” deməkdir. Soydaşlarımızın şəbəkələşməsi dedikdə isə bu qlobal şəbəkə üzərindən virtual birliyin formalaşdırılması nəzərdə tutulur. Başqa sözlə desək, şəbəkələşmə bir və ya bir neçə düyməni sıxmaqla hər hansı bir xəbərin, məlumatın, eyni vaxtda 100 minlərlə insana çatdırılması deməkdir. Yeri gəlmişkən, mətbuatdan aydındır ki, Diasporla İş üzrə Dövlət Komitəsi Brüssel mitinqində qəbul edilən bəyanatın 3000 şəxsə çatdırılmasını təmin edib. Bu da şəbəkələşmənin bir nümunəsidir. Düzdür, burada rəsmi şəxslər, Avropa Parlamentinin üzvləri və s. insanlar da vardır. Amma şəbəkələşmənin mahiyyəti baxımından eynidir.

“Soydaşlarımız necə şəbəkələşə bilərlər?” sualına gəldikdə isə bu, olduqca asan və sadə bir üsulla mümkündür. Ona görə ki, xaricdə yaşayan azərbaycanlılar və diaspor fəaliyyətinin təşkili sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra orqanı kimi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızın daha çevik təşkilatlanması, onların milli maraqlar və azərbaycançılıq ideologiyası ətrafında cəmləşdirilməsi və diaspor hərəkatının gücləndirilməsi istiqamətində müvafiq işləri həyata keçirməkdədir. Komitənin rəsmi Facebook, Tvitter, İnstagram sosial şəbəkə ünvanları fəaliyyət göstərir. Dünyanın harasında yaşamasından asılı olmayaraq soydaşlarımızın bu səhifələrə daxil olması, bəyənməsi şəbəkələşmənin ilk addımı hesab oluna bilər. Bundan əlavə, dövlət komitəsi tərəfindən təşkilatlara texniki dəstək həyata keçirilir. Yəni, hər bir təşkilat bu dəstəkdən yararlanaraq da şəbəkələşməyə qoşula bilər.

Bununla belə, müasir dövrdə şəbəkələşmənin ən çevik yolları sosial şəbəkələrdən, xüsusilə də Facebookdan keçir. Facebook üzərindən şəbəkələşmə daha asan və vacibdir.

Şəbəkələşmənin əhəmiyyəti nədir və qloballaşma ilə hansı bağlılıqları vardır?

İKT-nin inkişafı ilə baş verən qloballaşma informasiyanı, sözü ən güclü silaha çevirməkdədir. Artıq müasir dövrdə müharibələr səhralarda, poliqonlarda deyil, virtual məkanda, sosial şəbəkələrdə gedir. İnformasiya təhlükəsizliyi, informasiya müharibəsi dövrümüzdə ən mühüm mübarizə üsullarına çevrilməkdədir. Belə bir şəraitdə hər birimizin, xüsusilə xaricdə yaşayan soydaşlarımızın bu mübarizədə fəal iştirakı, ölkəmiz, xalqımız, dövlətimiz haqqında qərəzli, düşmən mənbəyinə əsaslanan informasiyaların zərərsizləşdirilməsi baxımından çox vacibdir. Daha konkret ifadə etsək, soydaşlarımızın şəbəkələşməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yanlış təsəvvürlərin dəyişdirilməsinə, antiazərbaycan mövqelərinin neytrallaşdırılmasına, antimilli çıxışların qarşısının alınmasına, ölkəmizə qarşı ikili standartların aradan qaldırılmasına kömək edə bilər. İlk növbədə, şəbəkələşmənin əhəmiyyəti budur.

Şəbəkələşmənin daha bir üstünlüyü ondan ibarətdir ki, ölkəmiz haqqında sosial-iqtisadi, siyasi-mədəni və s. xəbərlərin dəqiq və çevik əldə edilməsi imkanını yaradır.

Bir məsələni qeyd etmək yerinə düşər ki, müasir dünyada hər hansı məsələyə münasibət bildirilərkən, ilkin olaraq, sosial şəbəkə təhlilləri aparılır: məsələnin aktuallığı necədir, cəmiyyətdə nə qədər insan bu məsələ ilə bağlı informasiyanı paylaşıb, bəyənib və s. Bu baxımdan da, soydaşlarımızın şəbəkələşməsi ölkəmizin taleyüklü məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə, torpaqlarımızın işğalına, Xocalı soyqırımına beynəlxalq ictimaiyyətin, beynəlxalq təşkilatların düzgün mövqeyinin formalaşmasına kömək edə bilər. Və nəhayət, soydaşlarımızın şəbəkələşməsi qlobal dünya şəbəkəsi üzərində bir qlobal Azərbaycan formalaşdıra bilər. Şəbəkələşmə ilə biz həm dünyanı doğma Vətənimiz haqqında dəqiq informasiyalarla təmin edə, həm də Azərbaycanın dünyəviləşməsinə daha sivil şəkildə dəstək verə bilərik

Fuad Muradov,
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri