“2016-cı ildən 2019-cu ilə kimi dövlət büdcəsində artım gözlənilmir”backend

“2016-cı ildən 2019-cu ilə kimi dövlət büdcəsində artım gözlənilmir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycan dünyanın bir parçası olduğundan baş verən qlobal proseslər, hadisələr ölkəmizin iqtisadiyyatına da təsir edib. \”Dünyada neftin qiymətinin aşağı olması bir çox ölkələrdə olduğu kimi, Azərbaycana da təsir edib, gəlirlərimizin azalmasına səbəb olub. Bütün bunlar Azərbaycan hökumətinin dövlət büdcəsinin hazırlanmasında yeni yanaşmaları tələb edir. Azərbaycan hökuməti, respublikanın büdcə siyasəti ilə məşğul olan strukturları bunları nəzərə alaraq, öz təkliflərini verib. Bu təkliflər dünyada baş verən proseslərin təsirinin azaldılmasını ehtiva edir. Buna baxmayaraq, 2016-cı ilin dövlət büdcəsi sosial proqramların davam etdirilməsinə rəvac verir\”, – deyə Z. Səmədzadə qeyd edib.

Maliyyə naziri Samir Şərifov isə bildirib ki, 2016-cı ilin dövlət və icmal büdcəsi, eləcə də büdcə sisteminə daxil olan sənədlər builki parlament seçkiləri ilə əlaqədar “Büdcə sistemi haqqında” Qanunda nəzərdə tutulan vaxtdan xeyli əvvəl hazırlanıb və Milli Məclisin müzakirəsinə təqdim edilib. Nazir qeyd edib ki 2016-cı ilin dövlət büdcəsinin hazırlanmasında dünya iqtisadiyyatında gözlənilən inkişaf meylləri nəzərə alınıb.

Nazir dövlət büdcəsinin əsas parametrlərindən danışmazdan əvvəl bu il ərzində dünya iqtisadiyyatında baş verən proseslərə toxunub. O bildirib ki, neftin qiymətinin kəskin aşağı düşməsi və dövlət gəlirlərinin azalmasına baxmayaraq, \”Fitch\” və \”Standart & Poor`s\” beynəlxalq reytinq agentlikləri Azərbaycanın reytinqini əvvəlki səviyyədə saxlayıb.

S. Şərifov 2016-cı ilin dövlət büdcəsində sosialyönümlü tədbirlərin, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı zəruri xərclərin prioritet olaraq qaldığını bəyan edib.

\”2016-cı ilin dövlət büdcəsində neftin baza qiyməti 50 dollardan götürülüb. 2016-cı ilin dövlət büdcəsinin gəlirləri ÜDM-in 25,2%-i olmaqla, mütləq ifadədə 14,566 mlrd. manat nəzərdə tutulub. Bu da 2015-ci ilin göstəricisindən 4,872 mlrd. manat və ya 25,1% azdır. 2016-cı ilin dövlət büdcəsinin gəlirlərinin 46,5%-i və ya 6,773 mlrd. manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək. 2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6,602 mlrd. manat daxilolma proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 510 mln. manat və yaxud 7,2% azdır. Gələn il həmin məbləğin 4 mlrd. 812 mln. manatı (2015-ci il səviyyəsində) və yaxud 72,9%-i qeyri-neft sektorunun, 1 mlrd. 790 mln. manatı və yaxud 27,1%-i isə neft sektorunun payına düşəcək. 2016-cı ildə Azərbaycan Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların dövlət büdcəsində xüsusi çəkisi 10,9% olmaqla, 1 mlrd. 590 mln. manat proqnozlaşdırılır ki, bu da 2015-ci il səviyyəsindədir. Dövlət Gömrük Komitəsi üzrə mədaxil proqnozunun qeyri-neft ÜDM-də xüsusi çəkisi 3,8% səviyyəsində olacaq\”, – deyə nazir qeyd edib.

Onun sözlərinə görə, 2016-cı il dövlət büdcəsinin xərcləri ÜDM-in 28,2%-i səviyyəsində və yaxud 2015-ci illə müqayisədə 7,1 faiz-bənd azdır. 2016-cı il dövlət büdcəsinin xərcləri 16,264 mlrd. manat proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 4,836 mlrd. manat və yaxud 22,9% az deməkdir.

S. Şərifov bildirib ki, gələn il Dövlət Neft Fondundan dövlət büdcəsinə 6 mlrd. manat transfert nəzərdə tutulur ki, bu da 2015-ci illə müqayisədə 4,388 mlrd. manat və yaxud 42,2% az deməkdir.

İnterpress.az