Əmək və Əhalinin Sosial Müdafiə naziri Səlim Müslümovun ailədə yeni doğulacaq ikinci qız uşağına görə dövlət tərəfindən 10 min manat mükafat veriləcəyi ilə bağlı açıqlaması cəmiyyətdə birmənalı qarşılanmadı.
Belə ki, 2015-2020-ci illər üçün nəzərdə tutulmuş \”Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı\”na daxil ediləcək yeni sistemdəki təkliflərə əsasən ailədə ikinci qız dünyaya gəldikdə onun adına bank hesabı açılır. Mükafat kimi nəzərdə tutulan 10 min manatın ailəyə ya birdəfəlik, ya da mərhələlərlə 18 yaşına kimi verilməsi nəzərdə tutulur.
Statistikaya görə, hazırda ölkədə hər 100 qız uşağına 117 oğlan düşür. Bu isə bu sahədə vəziyyətin o qədər də ürəkaçan olmadığından, demoqrafik göstəricilərin süni şəkildə oğlanların xeyrinə dəyişdirilən bəzi Asiya ölkələrindəki rəqəmlərə yaxınlaşmağımızdan xəbər verir. Məsələn, Çində hər 100 qıza 120-150, Gürcüstanda 118, Ermənistanda isə 120 oğlan düşür. “Science” jurnalının araşdırmasına görə isə dünyada təbii halda hər 100 qıza qarşılıq 105 oğlan doğulur.
Əhməd Qəşəmoğlu – sosioloq
Sosioloq Əhməd Qəşəmoğlu isə ölkədə doğulan qız uşaqlarının sayının sürətlə azalması və bunun demoqrafik problem yaradacağı ilə bağlı qaldırılan məsələni düzgün hesab etmir. Sosioloqun fikrincə, hazırda qız və oğlan uşaqlarının doğum bərabərliyi normaldır.
“Ölkədə ümumi qadınların sayı kişilərdən çoxdur. Hər 100 kişiyə 101 qadın düşür. Hazırda düşünülməsi vacib məsələ valideynlərin mənəvi cəhətdən aşınmasının qarşısını almaqdır. Bətndəki övladlarının qız olduğunu bilən ata-ananın ona ölüm hökmü kəsməsi cəmiyyətimizin mənəvi çökməsi deməkdir. Bütün diqqət bu istiqamətə yönəlməlidir” deyə sosioloq vurğulayır.
Amma Əhməd Qəşəmoğlu ümumilikdə mükafatlandırma təklifinin təbii artıma yönələn addım, maddi ehtiyacı olan və qız uşaqlarını yük hesab edən bəzi ailələrə kömək baxımından müsbət qiymətləndirir.
Aydın Mirzəzadə – millət vəkili
Bəzi ictimai xadimlər isə 10 min manatlıq mükafat təklifinin bu sahədə vəziyyətə müsbət təsirinə inanmır. Millət vəkili Aydın Mirzəzadənin sosial şəbəkədə paylaşdığı fikirlərinə görə, bu addım növbəti mərhələdə oğlan uşaqlarının sayına mənfi təsir göstərə bilər.
“Ehtiyat edirəm ki, bu yenilik əks effekt verəcək. Belə ki, ultrasəs müayinəsindən sonra bəzi ailələr ikinci qız, daha doğrusu 10 min manat arzusu ilə oğlan döllərini məhv etməyə başlayacaqlar. Bununla da ölkəmizdə 10 illiklərdən sonra ciddi surətdə oğlan (kişi) qıtlığı yarana bilər. Bu isə öz növbəsində ərə gedə bilməyən qızlar, çatışmayan əsgərlər, yaranmayan ailələr və doğulmayan uşaqlar, mənəviyyat prinsiplərin pozulması halları deməkdir”.
Millət vəkili bu baxımdan problemin həlli üçün çıxış yolunu ailələri ikinci qız dünyaya gətirmək üçün həvəsləndirməkdə deyil, cəmiyyətdə maarifləndirmənin inkişafında görür.
Bir çox xarici ölkələrin təcrübəsinə nəzər saldıqda isə görmək olur ki, onlarda yalnız ikinci doğulan qız uşaqlarına görə deyil, ümumilikdə ailədə doğulan uşaqların sayı artdıqca ayrılan müavinətin məbləğini artırmaq siyasəti əsas götürülüb. Məsələn, qonşu Türkiyədə yeni doğulan uşağa görə 300 türk lirəsi (106,95 AZN), ikinci uşağa 400 lirə (142,60 AZN), üçüncü və sonrakılara isə 600 lirə (213,90 AZN) birdəfəlik yardım edilir.
Rusiyada anadan olan 1-ci uşağa görə 1,5 yaşına qədər 2718,35 rubl (40.50 AZN), 2-ci, 3-cü və sonrakı uşaq üçün doğumdan 1,5 yaşa qədər 5436,67 rubl (81 AZN), Almaniyada ilk iki uşağa görə aylıq müavinət 184 avrodur (209,64 AZN), üçüncüyə 190 avro (216.48 AZN), sonrakılara isə aylıq 215 avro (244.97 AZN) verilir.
Göründüyü kimi, xarici ölkələrin təcrübəsində yalnız qız uşaqlarının doğumuna görə ailəyə xüsusi vəsaitin ayrılmasına təsadüf olunmur. Bu baxımdan ailədə ikinci qız uşağının doğulmaslna görə 10 min manat mükafat verilməsi ilə bağlı yeni təklif reallaşdırılarsa, bu sarıdan bir ilkə imza atmış olarıq. Amma ilk reaksiyalardan da görünür ki, bu məsələ cəmiyyətimizdə yenidən geniş müzakirələrə yol açacaq.(anspress)
İnterpress.az