Fərəc Quliyev: “Dövlətin atributuna münasibət, millətə və dövlətə olan münasibətdir”
Sabir Rüstəmxanlı: “Milli Məclisin özü bunun cavabını verməlidir”
Nəsiman Yaqublu: “Bu himnin nə mənasının, nə də musiqisinin belə adamlara aidiyyatı yoxdur!”
Faiq Sücəddinov: “Necə demək olar ki, himnimiz mərsiyədir?”
\”Nə musiqisi himnimizə yaraşır, nə də sözləri…” Bu fikirləri Unikal.org-a Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə bildirib.
O, qeyd edib ki, dahi Üzeyir Hacıbəyov himnimizi mərsiyyə kimi yazıb: “Azərbaycan Demokratik Respublikasının baniləri tələm-tələsik musiqiyə sözlər uyğunlaşdırdılar. Dünyada yeganə ölkəyik ki, bizim himinimiz minordur. Bütün dünyada himnlər majordadır. Yəni majorda olan himnlər ruh yüksəkliyi gətirir. Bizim himnə qulaq asanda adam istəyir, əlinə dəsmal alıb, ağlasın”.
Qeyd edək ki, deputatın Azərbaycan Respublikasının Dövlət himni barəsində səsləndirdiyi fikirlər ictimaiyyətdə birmənalı qarşılanmayıb. 1919-cu ildə dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyli və Əhməd Cavad tərəfindən tərtib olunmuş himnimizin mərsiyə adlandırılması mətbuatda, sosial şəbəkələrdə ciddi etiraz doğurub.
Professor, Cümhuriyyət dövrünün araşdırmaçısı Şirməmməd Hüseynov “Azadlıq” qəzetinə açıqlamasında deputatın fikirlərini kəskin tənqid edib. O, qeyd edib ki, deputat gündəmi qarışdırmaq üçün belə bir açıqlama verib: “Mən Araz Əlizadə kimi tarixçi tanımıram. O, kimdənsə eşitdiklərini söyləyir. Himnimiz 25 ildir ki, çalınırsa, BMT-dən tutmuş bütün dövlətlər onu tanıyırsa, heç kim ona irad tuta bilməz. Araz Əlizadə kimdir ki, bütün ölkələrin, dövlətlərin, parlamentlərin, alimlərin qəbul etdiyi himni qınasın?! O vaxt belə bir söhbət yayıldı ki, himndəki “Hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu” misrası düzgün deyil. Mən sübut etdim ki, insanın ən ümdə hüququ onun yaşamaq, var olmaq hüququdur. Yəni yaşamaq hüququndan keçən əsgər qəhrəman kimi təqdim edilməlidir. Bir vaxtlar ortaya atılan bir sıra şəxslər himnin sözlərini dəyişmək istəyirdilər. Biz onlara cavab verdik, səslərini kəsdilər. Ona görə də, o sözlər, o musiqi tələm-tələsik yazılmayıb. Əvvəlcədən həm sözlərə, həm də musiqiyə müsabiqə elan ediblər. Bu işə də Üzeyir bəy nəzarət edib. Araz Əlizadə ilə Üzeyir bəyi bir çəkiyə qoymaq olar? O, Üzeyir bəydən çox bilir? Necə olur, M.Ə.Rəsulzadə, parlament, camaat, Azərbaycan adlı dövləti yaradanlar bu işi bəyəndi, Araz Əlizadə bəyənmədi? O, gündəmi qarışdırmaq üçün belə bir açıqlama verir. Ona görə də, belə deputatın dedikləri ciddiyə alınmamalıdır”.
Məsələ ilə əlaqədar Milli Məclisin üzvü Fərəc Quliyev isə musavat.com-a danışaraq, öz mövqeyini bildirib. Deputat həmkarının himnimzə qarşı olan münasibətini anormal adlandırıb: “Bizim himnimiz hətta pis səslənsəydi belə, dövlətimizin rəmzi, simvoludur. Ona hörmətlə, sayğı ilə yanaşmaq lazımdır. İstənilən dövlətin atributuna münasibət, millətə və dövlətə olan münasibətdir. Təbii ki, himnimizə olan o cür münasibəti anormal münasibət hesab edirəm. Üstəlik də deputat, məmur, ictimaiyyətdə tanınan adam olaraq, belə məsələlərə olduqca ehtiyatlı davranmaq lazımdır. Vətənə, millətə olan münasibət bu cür münasibətlər bildirəndə ifadə olunur”.
Xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı isə öz açıqlamasında bildirdi ki, dövlət himnimizə olan bu cür münasibət əslində, dövlətə qarşı hörmətsizlikdir: “Bu himn artıq 25 ildir ki, Azərbaycanda səslənir və Milli Məclis tərəfindən qəbul olunub. Əgər bu gün Milli Məclisin deputatı himnimizə qarşı çıxırsa, oturduğu kürsüyə, tərkibində olduğu parlamentə qarşı çıxır. Milli Məclisin özü bunun cavabını verməlidir. Bu himn artıq qəbul olunub, dövlətin atributudur. Bunu belə müzakirə mövzusuna çevirmək, o cür dilə-dişə salmaq əslində, dövlətə hörmətsizlik və onu şübhə altına almaqdır”.
Məsələ ilə əlaqədar Rəsulzadə irsinin araşdırıcısı, tarixçi-alim Nəsiman Yaqublu da musavat.com-a danışaraq, öz mövqeyini bildirib. Tarixçi-alim qeyd edib ki, bundan öncə də himnimizə qarşı təftiş və hücumlar olub: “Himnimiz haqqında bu cür fikirlərin söylənilməsi yeni hadisə deyil. Vaxtilə müxtəlif alimlərimiz, şairlərimiz tərəfindən də bu cür fikirlər səslənib. Hətta himndə bəzi sözlərin anlaşılmaz olduğunu deyənlər də varıydı. Məsələn, “Hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu” cümləsi barədə tanımış şairlərdən biri belə bir fikir söyləmişdi ki, guya o söz anlaşılmır, nə demək olduğu bilinmir. Sonra biz ona cavab verdik, izah etdik ki, “Hüququndan keçən əsgər”, yəni “öz yaşamaq hüququndan, canından keçən əsgər” mənasındadır. O himn 1919-cu ildə ifa edilib və müəllifləri böyük Üzeyir bəy Hacıbəyli və Əhməd Cavaddır. Arada dedilər ki, guya sözləri Əhməd Cavadın deyil.
Hətta bir qrup şair istəyirdi ki, himn ləğv olunsun, özləri himn müəllifi olsunlar. Onlara cavab verdim ki, bu cür işlərə, oyunlara getməklə himnimizi tarixdən silmək mümkün deyil. Bəs, bu himnin yerinə hansı himni məsləhət verirlər? O hansı musiqi olacaq ki, Üzeyir bəyin musiqisindən daha yüksəkdə dayanacaq? İkinci bir tərəfdən bu himn yazılaraq, insanların yaddaşına hopub.
Vaxtilə Türkiyənin “İstiqlal marşı”nı yazan Məhməd Akif Ərsoy demişdi ki, bu marş mənim özüm üçün deyil, bunu Türkiyə üçün yazmışam. Və 1928-ci ilədək, yəni dünyadan köçdüyü günədək heç bir kitabına “İstiqlal marşı”nı salmadı. Çünki bildirmişdi ki, onun müəllifi xalqdır.
İndi də bizim himnimizin müəllifi artıq Üzeyir bəy Hacıbəyli, Əhməd Cavad deyil, xalqdır. Uzun illər boyu Sovetlər Birliyində insanlar tərəfindən qəlblərdə yaşadılıb. Daha sonra isə müstəqilliyimizi qurduqdan sonra, xüsusən də Meydan Hərəkatında oxunub və xalq tərəfindən qəbul edilib.
Bu gün himnimizi təftiş etmək, əleyhinə sözlər demək, düzgün deyil. Yaxşı olardı ki, parlamentdə oturan adamlar onları seçən insanların problemlərini qaldırıb, gündəmə gətirsinlər. Hər kəs öz peşəsi, işi ilə məşğul olsa, daha yaxşı olar. Bu himnin nə mənasının, nə də musiqisinin belə adamlara aidiyyatı yoxdur”.
Xalq artisti, tanınmış bəstəkar Faiq Sücəddinov himnimiz barəsində səslənən fikirləri hiddətlə qarşılayıb: “Himnin bu yaxınlarda tonallığını dəyişdirdilər. Tonallıq bir qədər yuxarı idi. Bu, Üzeyir bəyin himnidir, necə ona mərsiyə demək olar?! Birinci dəfədir ki, belə bir şey eşidirəm. Bunu kim deyir, axı?! Musiqişünaslar, Bəstəkarlar İttifaqı, Mədəniyyət Nazirliyi var. Necə demək olar ki, himnimiz mərsiyədir? Yaxşı deyil, axı… Mərsiyə başqa şeydir. (Himndən bir parça oxuyur). Bu, mərsiyədir?! Allah rəhmət eləsin, Üzeyir bəyə…”
Xatırladaq ki, 1919-cu ildə dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyli və Əhməd Cavad tərəfindən “Azərbaycan marşı” tərtib olunub. 1992-ci il mayın 27-də parlament \”Azərbaycan Respublikasının Dövlət himni haqqında\” Qanunu qəbul edib.
Qanuna əsasən həmin marş Azərbaycanın Dövlət himni kimi təsdiq edilib. Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 mart tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət himni haqqında əsasnamə təsdiq edilib.
Onu da vurğulayaq ki, himnimiz Azərbaycan dövlətinin 3 əsas rəmzindən biridir. (report)
İnterpress.az