Nazirliyin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf və tərəqqi strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi qüdrətinin, müdafiə potensialının, beynəlxalq mövqelərinin 2017-ci ildə əhəmiyyətli dərəcədə möhkəmləndiyini bildirib.
Daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov xidməti-döyüş fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış edib.
Daxili Qoşunlar komandanı ötən il normativ-hüquqi bazanın təkmilləşdirilməsinin, təlimlərin real döyüş şəraitinə uyğunlaşdırılmasının, maddi-tədris bazasının inkişaf etdirilməsinin, şəxsi heyətin nəzəri biliklərinin artırılmasının, onlara yüksək peşəkar praktiki vərdişlərin aşılanmasının, mənəvi-psixoloji və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsinin döyüş təliminin əsas vəzifələri olaraq həyata keçirildiyini diqqətə çatdırıb.
Müşavirəyə yekun vuran daxili işlər naziri şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yekunlarını yüksək qiymətləndirib, qarşıda duran vəzifələrdən danışıb, onların həlli yollarını göstərib, konkret tapşırıq və tövsiyələrini verib.
O deyib ki, hərbi qulluqçuların mənəvi-psixoloji hazırılığının daha da yüksəldilməsi, o cümlədən şəxsi heyətin Vətənə və hərbi anda sədaqət, hərbi nizamnamələrin tələblərinə sözsüz əməl edilməsi ruhunda tərbiyə olunması istiqamətində zəruri tədbirlər davam etdirilməlidir.
Nazir bu yubileylər ilində baş tutacaq mühüm dövlət tədbirləri və “2018 Formula-1 Azərbaycan Qran Pri”si kimi beynəlxalq əhəmiyyətli idman yarışı ilə əlaqədar, Daxili Qoşunlarda bütün təşkilati tədbirlərin müəyyən edilmiş vaxtda keçirilməsinin, bu zaman qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarınınn layiqincə yerinə yetirilməsinin əhəmiyyətini vurğulayıb.
R.Usubov hərbi hissələrdə idarəçilik fəaliyyətinin, döyüş xidmətinin təşkili və aparılmasının, hərbi qulluqçuların Vətənə, dövlətə və dövlətçiliyə sədaqət ruhunda tərbiyə edilmələrinin, fiziki və döyüş hazırlığının daha da yüksəldilməsinin, ekstremal hallar da daxil olmaqla, onların polis əməkdaşları ilə bərabər istənilən əmr və göstərişlərin ən yüksək səviyyədə icrasına hər zaman hazır olmalarını tələb edib.
Toğrul Allahverdili
İnterpress.az