ASGA “Mənim ilk səsim” təbliğat saytının təqdimatını keçirdibackend

ASGA “Mənim ilk səsim” təbliğat saytının təqdimatını keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tədbirdə Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev, QHT nümayəndələri, media kapitanları və ilk dəfə səs verən gəncləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev açaraq tələbə gənclərin ölkənin ictimai həyatında aktiv fəaliyyətinin vacibliyindən danışdı: “Hesab edirəm ki, ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün kifayət qədər imkanlar yaradılıb. Bügün Azərbaycan gəncliyi bütün mümkün imkanlardan istifadə edərək Azərbaycanşünaslıın dünyada təbliğ etməlidir. Biz BSU olaraq bu istiqamətdə bir çox işlər görmüşük və görməkdəyik. Ölkəmiz azad internet ölkəsidir. Hesab edirəm bu layihənin əsas üstünlüyü ondan ibarətdir ki, ilk dəfə səs verən gənclər daha aktiv şəkildə seçki proseslərində iştirak edəcəklər.”

ASGA-nın sədri Səbuhi Abbasov isə çıxış edərək layihə haqqında iştirakçılara məlumat verdi: “Son statistik məlumatlara görə ölkəmizdə 125 Seçki dairəsi, 5386 Seçki məntəqəsi fəaliyyət göstərir. Ümumi seçicilərin sayı 5 093 289 nəfər təşkil edir ki, bunlardanda 2 436 603 nəfəri (48.21 faizi) kişi, 2 617 852 (51,79 faiz) qadınlar təşkil edir.Yaşı 18 olan, yəni ilk dəfə seçkilərdə iştirak edənlərin sayı isə 33 746 nəfər, yaşı 19-26 olan gənclərin sayı isə 879 292 nəfər təşkil edir. Bu da öz növbəsində bu tip layihələrin reallaşmasını zəruri edir. Bugün Azərbaycan dünyada azad söz, azad internet təminatçısı və şəffaf seçkilərin keçirildiyi tolerant ölkə kimi tanınır. Bütün bu uğurlara görə təbii ki, biz ilk növbədə Ulu Öndər Heydər Əliyevə borcluyuq. Bugün bu siyasi kurs Cənab Prezident tərəfindən uğurla davam etdirilməkdədir. Bu mənada mən ASGA adından Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına və dəstək olan hər kəsə təşəkkür edirəm”

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək Azərbaycanda demokratik seçkilərin keçirilməsi ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra mümkün olduğunu qeyd etdi: “Azərbaycanda demokratik seçkilərin keçirilməsi ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra mümkün olmuşdu. Demokratik seçki mühitinin formalaşdırılmasına yönəlmiş addımlar ölkədə hüquqi dövlət quruculuğunun aparıcı istiqamətinə çevrilməklə yanaşı, seçki sisteminin təkmilləşdirilməsinin əsasını qoymuşdu. Məhz 1995-ci ildə qəbul edilmiş ilk Konstitusiya Azərbaycanda demokratik standartlara cavab verən azad və ədalətli seçkilərin keçirilməsi üçün əsas prioritetləri müəyyənləşdirmişdi. Konstitusiyanın maddələrinə əsasən, xalqın seçdiyi səlahiyyətli nümayəndələrdən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur, hər bir vətəndaşın da dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ var.

Əldə olunan nailiyyətlərlə kifayətlənməyən Azərbaycan dövləti ölkədə seçki təcrübəsinin demokratik standartlara uyğunlaşdırılması yönündə fəaliyyətini gücləndirmiş və beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərini genişləndirmişdir. 1997-ci ildən ölkədə yüksək standartlara cavab verən seçki qanunvericiliyinin formalaşdırılması məqsədilə Azərbaycan hökuməti beynəlxalq təşkilatlarla fəal işbirliyi qurmuşdur və 2002-ci ilin ortalarından etibarən bu təşkilatlarla aparılan məsləhətləşmələrdən, alınan müsbət rəylərdən sonra Seçki Məcəlləsi Milli Məclisin müzakirəsinə təqdim edilmişdir. İctimai müzakirə və bütün təkmilləşdirmələrdən sonra Seçki Məcəlləsi 2003-cü ilin mayında Milli Məclisdə qəbul edilmiş və Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə qüvvəyə minmişdir.

Azərbaycan inkişaf edir, genişmiqyaslı layihələr gerçəkləşir, dövlət proqramları qəbul edilərək uğurla icra olunur. Azərbaycanda demokratik dəyərlər çox yüksəkdir və bu dəyərlərə qiymət verilir. Bunlardan biri də seçki prosesidir. Seçki prosesi durmadan təkmilləşir.

Təbii ki, ölkəmizdə seçki mühitinin hər zaman yüksək səviyyədə olmasında KİV-lərin rolu əvəzsizdir. Bu gün hər bir namizəd də, seçici də KİV-ə ehtiyac duyur. Çünki, KİV namizədin seçki kampaniyasını aparmağı üçün ən əlverişli vasitədir. Seçici isə KİV-ə ən doğru seçki xəbərlərinin və informasiyaların ünvanı kimi müraciət edir. Bu mənada elektron KİV-lərin rolunu xüsusi qeyd etmək lazımdır.

Bu gün ölkəmizdə internet istifadəçilərinin sayı günbəgün artmaqdadır. Vətəndaşlarımız, xüsusilə də gənclərimiz internetin yaratdığı imkanlardan maksimum dərəcədə yararlanır, sosial şəbəkələrdən fəal istifadə edirlər. Bu baxımdan hər bir seçki prosesi dönəmində namizədlərin digər təbliğat vasitələri ilə yanaşı, virtual aləmdə də təbliğat aparmağa xüsusi maraq göstərməsi təsadüfi deyil. Çünki, namizədlərin görüşlərində, keçirdikləri təbliğat aksiyalarında hər bir seçicinin vaxt məhdudiyyəti baxımından iştirakı mümkün olmur. Bu mənada virtual təbliğatın böyük rolu vardır. Sonda mən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasına belə bir layihəni reallaşdırdığına görə öz minnətdarlığımı bildirirəm”

Daha sonra AMEA-nın əməkdaşı, İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu çıxış edərək gənclərin maarifləndirilməsi istiqamətində İKT imkanlarının düzgün müəyyənləşdirilməsinin önəmliliyindən danışdı.

Gənclər Üçün Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənzadə isə çıxış edərək təhsil sistemində seçki ilə bağlı xüsusi maarifləndirmə proqramının salınmasının vacibliyindən danışdı.

23 saylı Nəsimi-Səbail seçi dairəsinin 10 saylı Seçki Məntəqəsinin sədri Fuad Rəsulov isə ilk dəfə səs verən gəncləri seçki prosesi ilə əyani tanış etdi.

Daha sonra Yenicag.az saytının baş redaktoru Aqil Ələsgər, Ölkə.az xəbər saytının baş direktoru-Məmməd Gülməmmədov, AzXeber.com saytının baş redakotoru-Hacıbəy Heydərli, İslahatçı Gənclər İB-nin sədri, Editor.az saytının rəhbəri Fərid Şahbazlı, çıxış edərək ilk dəfə səs verən gənclərin seçki maarifləndirilməsində KİV-in böyük rola malik olduğunu vurğuladılar.

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Mənim ilk səsim” VİRTUAL TƏBLİĞAT MƏRKƏZİ (Election.az) layihəsi ölkənin bir çox regionlarında davam edəcəkdir.

İnterpress.az