Yağı və çörəyi bahalaşdıra cinayət işi açıldıbackend

Yağı və çörəyi bahalaşdıra cinayət işi açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda müştəriləri aldadan sahibkarların əməlləri ifşa edildi. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən manatın məzənnəsində baş vermiş dəyişiklikdən istifadə edərək süni qiymət artımı, mal qıtlığının yaradılması, inhisarçılıq, istehlakçıların aldadılması və digər sui-istifadə hallarının qarşısının alınması məqsədilə ardıcıl olaraq təxirəsalınmaz qabaqlayıcı tədbirlər, habelə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış araşdırma zamanı yağ və çörəyin qiymətini ilə bağlı cəzalandırılanlar olub.

Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov ev 20, mənzil 1 ünvanında fəaliyyət göstərən “Fazil” firması tərəfindən istehsal olunmuş “Rossiyskoye №40” və “Rossiyskoye №10” kombinə edilmiş xüsusi yağ nümunələrinin etiketində qeyd olunan məhsullarda süd yağının miqdarının müvafiq olaraq 40% və 10% göstərildiyi halda, analiz nəticələrinə görə bu göstəricilərin dəfələrlə az, yəni müvafiq olaraq 0,49% və 1,22% olması müəyyən edilib. Toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Baş İdarə tərəfindən aparılmış araşdırma zamanı “Fazil” firmasının direktoru Tahir Sadıxov tərəfindən süni qiymət artımına yol verilməsinə və xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə tamah və sair şəxsi niyyətlərlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər. Bununla da onlar tərəfindən istehsal olunan “Rossiyskoye №40” və “Rossiyskoye №10” yağlarının xüsusiyyəti və keyfiyyətinə dair məlumatları saxtalaşdırmaqla istehlakçıları xeyli miqdarda aldadaraq fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına şübhələr üçün əsaslar olub. Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 200.1 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) və 313-cü maddələri ilə cinayət işi başlanılıb. T.Sadıxov şübhəli şəxs qismində saxlanılıb.

Hazırda qeyd olunan cinayətin törədilməsində iştirak etmiş digər təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bundan başqa monitorinq zamanı Bərdə rayonunda yerləşən “Bərdə Çörək” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi – mağaza müdiri İlqar Həsənov və Mingəçevir şəhərində yerləşən “Kür-Çörək” Açıq Səhmdar Cəmiyyətinin sədri Rövşən Hacıyev tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə, özləri və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, çörəyin qiymətini gizli artırmaq məqsədilə 1-ci və 2-ci növ buğda unundan hazırlanan çörəyin hazırlanması zamanı mövcud standartların tələblərinə əməl edilməyib. Bununla da çörəyin çəkisinin azaldılmaqla vətəndaşların hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmalarına şübhələr üçün əsaslar olub. Materiallar əsasında həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həmin faktlarla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddələri ilə cinayət işləri başlanıb, İ.Həsənov və R.Hacıyev şübhəli şəxs qismində saxlanıb.

Hazırda cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bir daha bəyan edir ki, süni qiymət artımı, məqsədli mal qıtlığının yaradılması və digər sui-istifadə hallarına yol verən təxribatçı, işbaz və dəllallar barəsində qanunla nəzərdə tutulmuş ən ciddi cəza tədbirləri görüləcək.

Həmçinin bu cür hallarla qarşılaşan vətəndaşlara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı və İqtisadiyyat Nazirliyinin 195-2 saylı “Qaynar xətt” əlaqə mərkəzlərinə müraciət etmələri tövsiyə olunur.