«Ölkənin aylıq valyuta tələbi 2 milyarddan az deyil»backend

«Ölkənin aylıq valyuta tələbi 2 milyarddan az deyil»

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

– Rövşən bəy, Prezident bildirdi ki, geniş özəlləşdirmə proqramı hazırlanmalı, xarici və yerli investorlar cəlb edilməlidir. İndiyədək investorlara qarşı göstərilən qeyri-sağlam münasibət bu addımların reallaşdırıla bilməsinə imkan verə biləcəkmi?

– Qeyd etdiyim kimi, hökumət bir tərəfdən vəziyyətdən çıxmaq üçün hansısa qanunlar qəbul edir, ixraca yönəlik investisiyaların təşviqi ilə bağlı qərarlar çıxarır. Başqa tərəfdən görürük ki, dövlət orqanları hüquqi cəhətdən əsaslandırılması çətin olan maddələrlə bazara müdaxilələr edir, sahibkarları ittiham edir və sıxışdırır. İnvestorlar, adətən, bir ölkədə sərmayə qoyarkən bir neçə məqama üstünlük verirlər. Birincisi, həmin ölkədə nə dərəcədə azad məhkəmə sisteminin olmasına, hətta prezidentin belə müdaxilə edə bilməyəcəyi məhkəmənin olub-olmadığına diqqət yetirirlər. Ikincisi, hüququ pozulduğu təqdirdə dərhal yanında görə biləcəyi medianın, vətəndaş cəmiyyətinin olub-olmadığına önəm verirlər. Üçüncüsü, ölkədə azad rəqabət mühitinin durumuna baxırlar. Məmur oliqarxların biznesə qarışıb-qarışmadığını öyrənirlər, çünki bu tip ölkələrdən ehtiyat edirlər. Bilirlər ki, maraq toqquşması olanda onların deyil, sahibkarlıqla qeyri-rəsmi məşğul olan idarəedicilərin maraqları önə çəkilir. Belə ölkələrdə bütün qanunlar da maraqlı olan tərəfin xeyrinə icra edilir. Ona görə də burada sistem məsələləri dəyişdirilməlidir.

Bundan əlavə kapitalın sərbəst daxil olub çıxması məsələsi var. İnvestorlar vəsaitlərini istədiyi vaxt gətirib, istədiyi vaxt aparması üçün hansı maneələrlə üzləşə bilir? Ölkədə idxal-ixrac mexanizmləri nə dərəcədə liberaldır?

Üstəgəl, viza rejimi əsas problemlərdən biridir. Xarici sahibkarın qohumları, yaxınları, işgüzar tərəfdaşları, dəvətli təlimçiləri hər dəfə Azərbaycana gələndə viza rejimi onları bezdirəcək. Habelə, tədbir keçirərkən dəvət etdiyi qonaqların vizasında çətinliklər yaşayacaq. Bunlar sistem məsələləridir, onlar həll olunmadan ölkə daxilində bəyanatlar verilməsi, hansısa qanunların dəyişməsi effekt verməyəcək.

Sahibkarlarda əminlik yaratmaq üçün, yuxarıda qeyd etdiyim kimi, kreditlərin sığortalanması fondu yaradılmalıdır. Prezident Azərbaycana sərmayə qoyulması üçün investorlara çağırış edib. Belə qeyri-sabit vəziyyətdə, manatın gələcəyi ilə bağlı təminatın olmadığı durumda sahibkar ölkəyə necə investisiya qoysun?

– Sizcə, iri dövlət müəssisələri özəlləşdirilməyə çıxarıla bilər?

– Düzü, kommunal xidmət müəssisələrinin özəlləşdirilməsinin əleyhinəyəm. Mən həmin müəssisələrin konsessiya əsasında uzunmüddətli icarəyə verilməsinin tərəfdarıyam. Məsələn, 100 il müddətinə xarici investorlara icarəyə vermək olar. Bu çox ciddi, dünyada geniş yayılmış mexanizmdir. Hətta inkişaf etmiş ölkələrdə kommunal xidmət sektoru bələdiyyənin öhdəliyindədir. Bir çox hallarda bələdiyyə ya onları kimlərəsə idarəetməyə verir, ya da özünün yaratdığı kommunal şirkətlər vasitəsilə idarə edir.

Yəni dövlət burada müqavilə tərəfi kimi çıxış edir, eyni zamanda ona nəzarət edir, amma icraçı özəl tərəfdaş olur. Konsessiya müqaviləsində hər iki tərəfin öhdəlikləri müəyyən olunur. Yəni faktiki özəl operator öz mülkiyyəti kimi qərar verir, sadəcə olaraq keyfiyyətli xidmət göstərmək, tarif tənzimlənməsinə tabe olmaq, investisiya tələblərini yerinə yetirmək və sair bu kimi məsələlərlə bağlı öhdəliklər götürür. Bunlar müəyyən olunandan sonra qazpaylaşdırıcı, elektrikpaylaşdırıcı, supaylaşdırıcı şəbəkələrin xarici investorlara verilməsinin tərəfdarıyam. Amma bir narahat doğuran məqam var. Azərbaycana neft pulları gəlməyə başlayanda, investorlar bilirdi ki, ölkənin pulu var. Ona görə də neft sektorunun perspektivlərini görüb həvəslə yatırım etmək istəyirdilər. \”Barmek\”in Azərbaycana gəlməsi, \”Siemens\”in ölkəmizə böyük ilgi göstərməsi, qazpaylayıcı şəbəkə ilə Fransa şirkətinin maraqlanması – bunların hamısı neft gəlirlərinin yaratdığı cəlbedici biznes mühitinin əlamətləri idi. İndi saydığımız siyasi problemlərin olduğu, ciddi iqtisadi, resurs böhranın yaşandığı halda xarici investorlar üçün nə dərəcədə maraqlı olacağı sual doğurur. Yerli investorlara gəlincə, hakimiyyət daxilində siyasi sabitliyin olmadığı şəraitdə onların nə dərəcədə maraqlı olacağı bilinmir. Əgər investor tapılarsa, kommunal müəssisələrin bu şəkildə idarəetməyə verilməsinin tərəfdarıyam.
Digər dövlət şirkətlərinə gəlincə, düşünürəm ki, \”Aztelekom\”u bütövlükdə, Dövlət Neft Şirkətinin səhmlərinin müəyyən hissəsini özəlləşdirmək mümkündür. Bundan əlavə \”Aqrolizinq\”i özəlləşdirib, fermerlərin ixtiyarına vermək lazımdır. Mənzil-istismar sahələrini ləğv edib onların bazasında mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin yaranması təmin edilməlidir.
Eyni zamanda Azərbaycanda korporativləşmə proqramı hazırlanmalıdır. Bir sıra iri özəl şirkətlər var ki, səhmləri olsa da beynəlxalq prospektlərdə qeydiyyatdan keçmir. Məsələn, \”Azersun\”, \”Ata Holding\” kimi iri şirkətlərin beynəlxalq bazarlara çıxışı və onların səhmlərinin xarici investorlara satılması təşkil edilməlidir. Bu, həm də Azərbaycanın özəlləşdirmə praktikasının reklam olunmasına gətirib çıxaracaq.

– 90-cı illərin özəlləşdirilməsi çox uğursuz alındı. Ölkədə normal səhmdar institutu formalaşa bilmədi. Bu uğursuzluğun yenidən təkrarlanması təhlükəsi nə qədərdir?

– Bu suala müəyyən qədər cavab verdik. Yuxarıda qeyd etdik ki, hökumət investorların maraqlarını əhatə edən qanunlar qəbul edir, amma siyasi mühit buna dəstək vermir. Bu baxımdan sizinlə razılaşıram. Hökumətin özəlləşdirilməsi ilə bağlı gündəliyi şəffaf deyil, qara səhifələr var. 90-ci illərdə keçirilən özəlləşdirmə şəffaf olmayıb, böyük dəyərli dövlət mülkiyyətləri bir qrup oliqarxın maraqlarına xidmət etdi. Qeyri-şəffaf keçirilən hərraclar vasitəsilə həmin mülkiyyətlər su qiymətinə kiçik bir qrupun əlinə keçdi. Baxmayaraq, özəlləşdirmə çekləri buraxılmışdı, amma əhali prosesin subyektinə çevrilə bilmədi. Bu səbəbdən gündəlikdə belə ləkələr var və bunlar əhali arasında inamsızlıq yaradır. Hamıda bir sindrom qalıb ki, özəlləşdirmə başlayarsa, yenə əvvəlki vəziyyət təkrarlanacaq. İndiki siyasi mühit, azad parlamentin, ictimai nəzarətin olmaması buna təminat vermir. Hələ 90-cı illərdə Azərbaycanda kifayət qədər güclü media var idi, vətəndaş cəmiyyəti güclü idi, hökumət cəmiyyətə daha açıq idi. Hazırda sözügedən institutlar sıradan çıxıb. Halbuki, bunlar özəlləşdirmənin şəffaf keçirilməsi üçün bir nömrəli vacib institutlardır. Ona görə də indi özəlləşdirmənin perspektivi daha dumanlı görünür. Sadəcə olaraq, sual verdiyiniz üçün deyirəm ki, bu islahatları aparmaq üçün fürsətlər var, amma onları imkana çevirmək üçün gediləsi uzun yol da var.

Hökumət 2-3 illik anti-böhran proqramı hazırlayaraq, bu məsələləri ora daxil edib, siyasi təminatlar verməlidirlər.

– Prezident bildirdi ki, iqtisadi dayanıqlılığı və xarici borcumuzun aşağı səviyyədə olmasını nəzərə alaraq, xarici maliyyə bazarlarından lazım olan həcmdə valyuta resurslarını Azərbaycana cəlb edə bilərik. Yəni hökumət valyuta qıtlığını xarici borclanma ilə qaldırmaq istəyir. Bunun hansı fəsadları olacaq?

– Neft gəlirlərinin azaldığını və uzun perspektivdə də böyük neft gəlirlərinin olmayacağını nəzərə alsaq, bundan sonra xarici borclanmaya gedilməsinə daha ehtiyatlı yanaşılmalıdır. Azərbaycan hökuməti neft gəlirlərindən istifadə məsələsində uğurlu yol tuta bilmədi. Hələlik bu mərhələyədək hökumət Nigeriyanın bir səhvini təkrar etməkdən çəkinib. Belə ki, Nigeriya çox böyük borclara getmişdi. Azərbaycan hökuməti isə daha çox neft gəlirlərinin xərclənməsi yolunu tutdu. Amma indiki situasiyada borclanmağa meyllər çoxalıb və bu mərhələdə Nigeriyanın səhvi baş verə bilər. Əslində, bizim borcumuz az deyil. Əvvəlki məzənnə ilə götürəndə ümumi daxili məhsulun 6-7 faizi edirdi. Amma reallıqda çoxdur. Sonuncu məlumata görə, 6.7 milyard dollar səviyyəsində xarici borcumuz var. Amma yeni məzənnə ilə 2015-ci il üçün ÜDM-nin həcmi 34.5 milyard dollardı. Bu o deməkdir ki, artıq hökumət və onun zəmanəti ilə alınan xarici borcların ÜDM-də payı artıq 20 faizə çatır. Amma məsələn, bizim borc statistikamızla bağlı hesabatlılığımız Rusiyadan fərqlidir. Orada bütövlükdə Rusiyanın borcu və Rusiya hökumətinin borcu ayrı-ayrı göstərilir. Məsələn, Rusiya üzrə ümumi 500 milyard dollar ətrafındadı. Bura həm hökumətin, həm bankların, həm də dövlət və özəl şirkətlərin aldığı borclar daxildir. Amma bu borcun təxminən 50 milyard dolları bilavasitə hökumətə məxsusdur. Rusiya Mərkəzi Bankı açıqlama verdikdə, hətta, özəl bankların borcunu Rusiya Federasiyasının borcu kimi ümumi məbləği, onun içərisində ayrıca olaraq hökumətin borcunu elan edir. Ona görə ki, borc kimi qaytarılan valyuta ölkənin maliyyə sistemindən gedir. Ola bilsin ki, borcu dövlət qaytarmır, əsas odur ki, ölkədən valyuta çıxır. Əgər ölkədə xarici borcu ödəmək üçün kifayət qədər dönərli valyuta yoxdursa, bu, milli valyutanın dəyərdən düşməsini qaçılmaz edir və yekunda ölkənin maliyyə sisteminin sabitliyi təhlükə altına düşür. Ona görə də, qonşu ölkədə Rusiyanın ümumi borcunun statistikası hökumət üçün daha böyük maraq kəsb edir.
Əslində, Azərbaycanda rəsmi elan edilən 6.7 milyard dolların hamısı birbaşa hökumətin özü tərəfindən və ya onun zəmanəti ilə alınan kreditlərdir. Məlumdur ki, bir çox dövlət şirkətləri hökumət zəmanəti ilə kredit alırlar. Amma Dövlət Neft Şirkətinin hökumət zəmanəti ilə alınmayan 7 milyard dollara yaxın borcu var. Əlavə olaraq bankların hazırda 6 milyard dollara yaxın borcu var.

– O zaman təqribi hesablamalarda Azərbaycan iqtisadiyyatı üzrə xarici borc nə qədər ola bilər?

– Təkcə 3 mənbə üzrə Azərbaycan iqtisadiyyatı üzrə ümumi xarici borc 20 milyard dollara yaxındır. Söhbət hökumətin, dövlət şirkətinin və bank sektorunun borclarından gedir. Hələ qeyri-maliyyə özəl sektorun borcları barədə ümumiyyətlə heç bir məlumat verilmir. Bunun üçün gərək ölkənin beynəlxalq investisiya mövqeyi açıqlansın, təəssüf bizim Mərkəzi Bank dünyada mövcud olan bu hesabatı Azərbaycan üzrə hazırlayıb açıqlamır. Əgər Mərkəzi Bank beynəlxaq investisiya mövqeyini açıqlasa, o zaman görə bilərik ki, Azərbaycan hökumətinin nə qədər borcu var, dövlət şirkətlərinin zəmanəti ilə alınmış borclar nə qədərdir, banklar və qeyri-bank özəl sektorun borcu nə qədərdir.
Bir sözlə, yalnız açıq mənbələr üzrə olan xarici borcların həcminin 20 milyard dollara yaxın olduğu aydınlaşır. Bu, çox böyük vəsaitdir. Çox istərdim ki, hökumət ictimaiyyətə açıqlama versin. Bu o deməkdir ki, iqtisadiyyat üzrə xarici borcun məcmu həcmi ÜDM-in yarısından çoxdu və potensial olaraq bu qarşıdakı illərdə ölkədən kənara çıxacaq valyutanın həcmidir. Bunu ödəmək üçün müntəzəm olaraq ölkənin böyük həcmdə valyuta ehtiyatını \”udacaq\”, kapital şəkildə xaricə çıxacaq. Bir tərəfdən idxal tələbatını, başqa tərəfdən xarici borcları ödəməliyik. Habelə, ölkə daxilində insanların azad seçiminə qarışa bilmərik, onlar da dollarda yığım edəcəklər. Görün nə qədər xarici valyutaya tələb yaranıb. Bizim valyutamız, əsasən, hardan gəlir? Qeyri-neft sektorundan hər ay orta hesabla cəmi 140 milyon dollar daxil olur. Amma ən kobud hesablamalara görə, ölkənin valyuta bazarının aylıq valyuta tələbi 2 milyard dollardan az deyil.(bizimyol)

İnterpress.az