Azərbaycan XİN-dən xarici vətəndaşlara xəbərdarlıqbackend

Azərbaycan XİN-dən xarici vətəndaşlara xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “This week in focus” verilişində deyib. Onun sözlərinə əsasən, Azərbaycan bu məsələdə çox praqmatik və açıq fikirlidir və Dağlıq Qarabağ münaqişəsini araşdıran və ya işıqlandıran şəxslərə qanun çərçivəsində praktiki həll təklif edir.

H.Hacıyev qeyd edib ki, peşəkar fəaliyyəti həyata keçirmək məqsədilə Azərbaycanın işğal edilmiş ərazilərinə baş çəkmək üçün əcnəbilər Azərbaycan XİN-ə ərizə göndərməlidirlər: \”ABŞ-ın “The New York Times” qəzetinin nümayəndələri bu yaxınlarda Dağlıq Qarabağa səfər etmək üçün belə ərizə təqdim etmişdilər. Onlar Ermənistan-Azərbaycan münaqişəsi və hər iki tərəfdəki vəziyyətlə bağlı reportaj hazırlamağı planlaşdırırdılar. Jurnalistlər XİN-ə müracitələrində qeyd etmişdilər ki, Azərbaycanın qanunlarına və normativ aktlarına, eləcə də ölkənin ərazi bütövlüyünə hörmət edirlər. Nəticədə qəzet nümayəndələri işğal edilmiş ərazilərə qanuni icazə aldılar və Azərbaycanın digər regionlarında işləyən jurnalistlərə verilən akkreditasiya kartları əldə etdilər. Çünki Dağlıq Qarabağ Ermənistanın işğalı altında olsa da, Azərbaycan ərazisidir. Bundan başqa, Böyük Britaniyadan olan araşdırmaçılar qanun çərçivəsində Azərbaycan XİN-dən icazə aldılar və Dağlıq Qarabağa baş çəkdilər”.

O əlavə edib ki, daha əvvəl xarici jurnalistlər Azərbaycanın işğal edilmiş ərazilərinə baş çəkmək üçün zəruri prosedurlar barədə məlumatlı deyildilər: “Buna görə də bu məsələdə əcnəbilərin məlumatlılığını artırmaq olduqca vacibdir və XİN bunun üzərində fəal işləyir”.

H.Hacıyev bildirib ki, Ermənistanın Dağlıq Qarabağa əcnəbilərin cəlb edilməsi hesabına pul əldə etmələri barədə bəyanatı gülməlidir: “Bu regiona qanunsuz səfər edən insanların böyük əksəriyyəti Ermənistan vətəndaşlarıdır. İkinci qrup digər ölkələrin erməni diasporasının üzvləridirlər. Digərləri isə aldadılaraq Ermənistanın regionlarından birinə aparılanlardır. Onlar da bilmirdilər ki, Azərbaycanın işğal edilmiş ərazilərindədirlər. Bu qrupdan olan bir çox insanlar bizə müraciət edir. Onlar vəziyyəti başa düşürlər və Azərbaycanın ərazi bütövlüyünə dəstək verirlər. Onlar Azərbaycanın qanunlarına hörmət edirlər və istəyirlər ki, respublikaya səfər etmək üçün arzu edilməyən şəxslər siyahısından çıxarılsınlar. Ermənistanın təbliğatına və informasiya kampaniyasına baxmayaraq, Azərbaycanın işğal edilmiş ərazilərinə baş çəkənlərin sayı azalır. Bunu statistik məlumatlar təsdiq edir. Məsələn, 2014-cü ildə Dağlıq Qarabağa qanunsuz səfər edən şəxslərin siyahısı 60-70 nəfər azalıb”.

İnterpress.az