“Azərbaycan və Serbiya bütün əməkdaşlıq formalarını müzakirə edir” – Politoloqbackend

“Azərbaycan və Serbiya bütün əməkdaşlıq formalarını müzakirə edir” – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan və Serbiya Prezidentlərinin görüşü iki dövlət arasında mühüm strateji tərəfdaşlığa doğru növbəti addımdır”

Bu sözləri Serbiya prezidentinin Azərbaycan səfərini şərh edən politoloq Yusif Bağırzadə İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan ilə Serbiya arasında siyasi dialoq daim yüksək səviyyədə olub və bu il ölkələrimiz arasında diplomatik əlaqələrin yaranmasının 25 ili tamam olub:

“Ümumiyyətlə, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Serbiya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir.
Biz hər keçən il Azərbaycan və Serbiya arasında münasibətlərin daha da dərinləşdiyinin şahidi oluruq. Dövlət başçılarının qarşılıqlı səfərləri bu əlaqələrin dinamikasını daha da artırır. Azərbaycan prezidenti, cənab İlham Əliyevin Serbiyaya müntəzəm səfərləri, eləcə də 2010-cu ildə Serbiya prezidenti Boris Tadiçin, 2013 və 2015-ci illərdə prezident Tomislav Nikoliçin, hələ baş nazir olduğu dönəmdə Aleksandar Vuçiçin ölkəmizə səfərləri Azərbaycan-Serbiya münasibətlərinin inkişafına öz müsbət töhfələrini vemişdi. Bu il isə ölkələrimiz arasında əlaqələrin inkişafı baxımından olduqca uğurlu il olmuşdur. İl ərzində iki ölkə başçıları arasında 4 dəfə görüş keçirmiş, ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından bir çox məsələlər müzakirə olunmuş və mühüm qərarlar qəbul edilmişdir. Qəbul olunmuş qərarların, imzalanmış ikitərəfli müqavilələrin nəticəsində 2022-ci ildə Serbiya ilə ticarət dövriyyəmiz 2021-ci ilə nisbətən 28%-ə qədər artmışdır.

Səfərlərdə və görüşlərdə əsas hədəf təbii olaraq ikitərəfli əlaqələri daha da sürətlə inkişaf etdirmək və qəbul edilmiş qərarların vaxt itirmədən icrasını təmin etməkdir. Bakı və Belqrad hər zaman bir-birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. İndiki məqamda, yəni dünyada hökm sürən ikili standartlar fonunda bu, olduqca vacibdir. Bütün sadalananlar onu deməyə əsas verir ki, Azərbaycanla Serbiya arasındakı münasibətlərin yaxşı perspektivləri var və yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin inkişafına töhfə verəcək. Elə Serbiya prezidentinin son səfəri zamanı ölkə başçılarının birgə bəyanatda səsləndirdikləri fikirlər də bunun sübut edir. Dövlət başçılarının bəyanatından aydın oldu ki, həm Serbiya, həm də Azərbaycan öz resurslarına arxalanan ölkələrdir, müstəqil siyasət aparan ölkələrdir və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir. BU da öz növbəsində gələcək əməkdaşlıq üçün mühüm zəmin yaradır.

Prezident Vuçiçin nitqində ən çox diqqət çəkən məqam Azərbaycanın təbii resurslarla zəngin olan ölkələrlə müqayisəsi oldu. Serbiya dövlət başçısı bunu ölkə rəhbərliyinin gücü, Prezident Əliyevin uzaqgörənliyi, onun Azərbaycanın və müasir dünyanın üzləşdiyi çağırışlara yaxşı bələd olması ilə izah etdi. Cənab Vuçiç dedikərndə tamamilə haqlı idi. Belə ki, doğrudan da müasir dövrdə ölkələrdə dayanıqlı sabitlik, təbii resursları səmərəli kapitala çevirmək birbaşa lider faktorundan asılıdır.
Mətbuat üçün birgə bəyanat zamanı cənab İlham Əliyev də bir sıra çox mühüm məqamlara toxundu. Dövlət başçısı nəqliyyat-logistika sahəsində böyük potensialın olduğunu bildirərək Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyini bildirdi və onu da əlavə etdi ki, bu istiqamətdə uzlaşma və bağlantının yaradılması üçün müvafiq qurumların fəal işləməsi lazımdır. Həqiqətən də nəqliyyat-logistika sahəsində mövcud potensialı real nəticələrə çevirmək üçün birgə fəaliyyətin təşkili şərtdir və hər iki ölkənin ərazisindən beynəlxalq nəqliyyat dəhlizlərinin keçməsi bu sahədə effektiv birgə fəaliyyəti zəruri edir.

Prezident öz çıxışında energetika sektorunda əməkdaşlığa da toxunaraq son dövrlərdə bu sahənin xüsusilə böyük əhəmiyyət kəsb etdiyini bildirdi. Prezidentin də qeyd etdiyi kimi Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Odur ki, həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var. Dövlət başçısı həm də gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılacağının anonsunu da verdi.

Məlumdur ki, Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün artıq müvafiq saziş imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək. Prezidentin bəyanatından da göründüyü kimi müdafiə sənayesi sahəsi iki ölkə arasında perspektiv əməkdaşlıq istiqamətlərindən biridir. Dövlət başçısı çıxışında bildirdi ki, bu sahədə də hər iki ölkədə potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması gözlənilir. Göründüyü kimi, bu gün Azərbaycan və Serbiya bütün əməkdaşlıq formalarını müzakirə edir. Dövlət başçılarının qarşılıqlı səfərlərindən sonra isə daha mühüm olan bəzi yeni əməkdaşlıq sahələri də açılqmaqdadır. İndi iki ölkə arasında müdafiə sənayesi sahəsi ilə bağlı əməkdaşlıq və təcrübə mübadiləsinin dərinləşməsi hər iki ölkənin bu sahədə daha böyük uğur qazanacağını deməyə əsas verir. Bu da indiki mürəkkəb şəraitdə təhlükəsizliyin təmin olunması baxımından olduqca vacibdir”.