“Diqqət, mina var” – Ermənistan Qarabağa qayıdışı necə çətinləşdirir?backend

“Diqqət, mina var” – Ermənistan Qarabağa qayıdışı necə çətinləşdirir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya qarşısında duran əsas çağırışlardan biri minalarla bağlıdır. Belə ki, hər 2 saatdan bir kimsə mina partlayışı nəticəsində həlak olur yaxud xəsarət alır.

Planetin 60 ölkəsində 12 milyon partlamamış mərmi və mina basdırıldığı məlumdur. Xüsusilə, hərbi əməliyyatların uzun müddət davam etdiyi bölgələrdə bu risk xeyli yüksəkdir.

 

Minalar insanların öz torplaqlarına qayıtmasına, stabilliyə və normal sosial-iqtisadi fəaliyyət qurmasına mane olan əsas səbəblərdən biridir. Hazırda piyada əleyhinə minaların sayına görə, Əfqanıstan, Anqola və Kamboca dünya liderləridir. Bununla yanaşı, hərbi əməliyyatların yenicə başa çatdığı İraqda, Suriyada, Kolumbiyada, Liviyada, Livanda və bir sıra Afrika ölkələrində bu təhlükə stabilliyi təhdid edir.

 

1997-ci ildə Minaların Qadağan Olunması haqqında Ottava Konvensiya qəbul edilib. 164 ölkənin imzaladığı sənəd minalardan istifadəni məhdudlaşdırsa da, konvensiyaya qoşulmayan ölkələr də var.

 

ABŞ, Rusiya, Çin, Pakistan və s. ölkələrin hələ də böyük mina ehtiyatı mövcuddur. Hindistan, Myanma, Pakistan və Cənubi Koreya hələ də böyük miqdarda mina istehsal edir.

 

Hərbi əməliyyatların başa çatdığı Dağlıq Qarabağ da dünyanın ən minalanmış ərazilərindən biridir. İstər Birinci, istərsə də İkinci Qarabağ Müharibəsinin gedişində bölgədə piyada və tank əleyhinə minalardan geniş istifadə olunub. Ona görə də, azad olunmuş. ərazilərin minalardan təmizlənməsi insanların doğma yurd-yuvalarına dönməsi, təsərrüfatla məşğul olması üçün çox önəmlidir.

Azərbaycanda ərazilərin minalardan təmizlənməsi missiyasını 1998-ci il iyulun 18-də yaradılan Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAM) həyata keçirir.

 

2021-ci il yanvarın 15-də prezident İlham Əliyevin sərəncamı ilə ANAM-nın bazasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradıldı.

Türkiyə və Rusiyadan gələn minatəmizləmə qrupları da bu işdə ölkəmizə dəstək olur. Təkcə 2020-ci ilin noyabr-dekabr aylarında Dağlıq Qarabağda Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri 400 hektardan çox ərazidə 16 mindən çox partlayıcı vasitə, o cümlədən minalar zərərsizləşdirib.

 

Amma minatəmizləmə işində ən böyük çətinlik Ermənistanın Qarabağda basdırdığəı minaların xəritəsini Azərbaycan tərəfinə təqdim etməməsi ilə bağlıdır.

Bu barədə Azərbaycan prezidenti İlham Əliyev AzTV-yə müsahibəısi zamanı söyləmişdi.

“İlk növbədə, keçmiş köçkünlər, nə vaxt qayıda bilərlər o torpaqlara. Birinci, minalardan təmizləmə. Bu, böyük bir prosesdir. Ermənilər bizə mina sahələrinin xəritələrini vermirlər. Ona görə indi partlayışlar da tez-tez olur. Biz indi Minatəmizləmə Agentliyini yenidən formalaşdırırıq və onun fəaliyyəti daha səmərəli olacaq. Ancaq bu, müəyyən vaxt aparacaq. Mina təmizləməklə əlaqədar işlər, əlbəttə ki, başa çatmalıdır”

 

Rəsmi məlumatlara görə, 2001-ci ilin sentyabrından bəri 2021-ci ilin yanvarına qədər Qarabağda mina partlayışları zamanı azı 61 nəfər həlak olub, 138 nəfər isə xəsarət alıb.

Hərbi əməliyyatların başa çatdığı 2020-ci il noyabrın 10-dan bu günə qədər 20-dən çox Azərbaycan vətəndaşı minaya düşüb. Baş verən hadisələr məhz rəsmi Yerevanın minalanmış ərazilərin xəritəsini verməməsi ilə bağlıdır. Beləliklə, rəsmi Yerevan kapitulasiya etdikdən sonra belə hərbi cinayətlər törətməkdə davam edir.

 

Ərazilərin minalardan təmizlənməsi prosesinin illərlə vaxt aparacağı söylənilir.

Dünyada da mina problemi hələ də aktual qalır.Bu sahədə qlobal miqydasda mina təmizləmə missiyasını BMT-nin Mina Təmizləmə Xidməti və Böyük Britaniyanın “Halo Trust” təşkilatı həyata keçirir.

“Bu gün piyada əleyhinə minalar hələ də hərbi əməliyyatlar meydanında tətbiq olunur. Bu xüsusən, Minaların Qadağan Olunması haqqında Konvensiyaya üzv olmayan ölkələr tərəfindən geniş istifadə olunur”- deyə London Kral Kollecinin Siyasət İnstitutunun baş elmi işçisi Benedikt Uilkinson bu problem barədə danışıb.

 

 

İnterpress.az