İran Prezidenti andiçmə mərasimi keçirirbackend

İran Prezidenti andiçmə mərasimi keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

5 avqust 2021-ci il tarixindən İranın yeni seçilmiş Prezidenti İbrahim Rəisi rəsmi şəkildə prezident səlahiyyətlərinin icrasına başlayır. Bu tarixdən iki gün öncə İranın dini lideri Ayətullah Seyyid Əli Xamenei tərəfindən Rəisinin bu vəsifəyə təyinatı təsdiq olunub. Ali dini lider yeni prezidentin qarşısında COVID-19 və Amerikanın tətbiq etdiyi sanksiyalar nəticəsində yaranan iqtisadi böhran kimi həllini gözləyən çox ciddi məsələlərin durduğunu bildirib və Rəisidən mümkün qədər tez bu məsələlərin həlli ilə məşğul olmağı tapşırıb. Xameneinin yeni seçilmiş prezidentə müraciəti həm də ölkə əhalisinə ünvanlanan mesajlar daşıyırdı.

Məlum olduğu kimi, ötən həftə İranın Xuzistan rayonunda su çatışmazlığı səbəbindən əhalinin mitinqləri baş tutmuşdu. Elə həmin gün yeni təsdiq olunmuş prezident bu statusda koronavirusla mübarizə qərargahının toplantısında ilk dəfə iştirak edib. Bu gün isə andiçmə mərasimi keçirilir. Bu tədbirdə 70 ölkədən 100-dən artıq qonaq iştirak edəcək. Səudiyyə Ərəbistanından və Avropa İttifaqından olan nümayəndələrin də andiçmə mərasiminə qatılması regionun yeni münasibətlər sisteminin formalaşması astanasında olduğundan xəbər verir. Çünki uzun müddətdən bəri ilk dəfədir ki, Səudiyyə Ərəbistanı İranla münasibətlərində bu qədər önə çıxır.

Avropa İttifaqının nümayəndəsi olan tanınmış diplomat Enriki Morallın də andiçmə mərasiminə qatılması bu təşkilatın yaxın gələcəkdə İranla izləyəcəyi isti münasibətlərin carçısı ola bilər. Həm də Avropa İttifaqı İsrail və Yəhudi dairələrinin ciddi etirazına baxmayaraq öz nümayəndəsini İrana göndərib.

Amerika Birləşmiş Ştatları tərəfindən andiçmə mərasimində kiminsə iştirak etməsi haqqında məlumat yoxdur. Bu da Bayden hökumətinin İranın yeni seçilmiş prezidenti və ümumiyyətlə İranla yaxın gələcəkdə yürüdəcəyi siyasətlə bağlı qeyri-müəyyənliyin hökm sürdüyünü deməyə əsas verir.

Ermənistanın ikinci dəfə yenidən seçilən Baş Naziri Nikol Paşinyan da andiçmə mərasimində iştirak etmək üçün Tehrandadır. Onun bu tədbirə qatılmasının əsas səbəbi isə 44 günlük İkinci Qarabağ müharibəsindən sonra İranın Ermənistanla münasibətlərində hər hansı bir dəyişikliyin olub-olmayacağını yoxlamaqdır. Çünki son dövrlərdə elə İbrahim Rəisinin Azərbaycan respublikası Prezidenti İlham Əliyevə məktubu və bu məktubda yeni seçilmiş prezidentin Azərbaycan xalqı və Prezidentini torpaqlarımızın işğaldan azad olunması münasibəti ilə təbrik etməsi Azərbaycan-İran münasibətlərində yeni, daha isti dövrün başlanması haqqında mesajlar daşıyır.

İbrahim Rəisinin prezident səlahiyyətlərini həyata keçirməyə başlaması isə İran üçün olduqca ağır dövrə təsadüf edir. Bu ölkənin daxili və beynəlxalq vəziyyəti hər keçən gün olduqca çətinləşir. İsrail, ABŞ, Böyük Britaniya və digər bu kimi ölkələr İranı Oman  və Fars körfəzlərində ötən həftə baş verən  tankerlərə hücumda günahlandırırlar. Hücum nəticəsində Böyük Britaniya və Rumıniya vətəndaşları həlak olmuşdu.

Digər tərəfdən İranla P5+1 ölkələri arasında nüvə sahəsində Vyanada başlanmış olan danışıqların taleyi də olduqca dumanlıdır. İran bu dəfə danışıqlarda iştirak etməkdə çox ehtiyatlı davranır və Trampla yaşadığı münaqişənin gələcəkdə yenidən yenidən təkrar olunmamasına çalışır. Ona görə də Amerika tərəfindən tətbiq olunan bütün sanksiyalar aradan qalxmayınca İran nüvə sahəsində tədqiqatları dayandırmayacağını bəyan edir.

Amerika Birləşmiş Ştatları isə nəinki Yəhudi lobbisinin təzyiqi ilə tətbiq etdiyi sanksiyaları aradan qaldırmaq haqqında düşünür, nüvə sazişinə qoşulmağa şərt kimi İranın orta və uzaq mənzilli raketlər sahəsində tədqiqatları və regiondakı hərəkətləri ilə bağlayır.

Xarici siyasətdə baş verən bu xaosa ölkə daxilində COVİD-19 və Amerika sanksiyalarının  təsiri nəticəsində baş verən iqtisadi tənəzzülü də əlavə etsək yeni seçilmiş İran prezidenti İbrahim Rəisi üçün prezidentliyin heç də asan başlamayacağını proqnozlaşdırmaq olar.