Professordan XƏBƏRDARLIQ: “Nə qədər ki bu, insanlarda adi həyat tərzinə çevrilməyib, qəfil ölümlər artacaq”backend

Professordan XƏBƏRDARLIQ: “Nə qədər ki bu, insanlarda adi həyat tərzinə çevrilməyib, qəfil ölümlər artacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan ürək-damar xəstəlikləri ilə bağlı dünya statistikasında ikinci yerdədir. Cənubi Koreya, Yaponiya, Sinqapur, İsrail, Fransa kimi ölkələr isə siyahıda ən son yerlərdədir. Bu statistikada Azərbaycanın 2-ci yerdə olması “sos” siqnalından xəbər verir.

Artıq neçə vaxtdır ki, ürək xəstəliklərindən qəfil vəfat edənlərin sayı kəskin artıb. Təəssüflə qeyd etməliyik ki, ürək xəstəlikləri həm də ilbəil cavanlaşır.

Mövzu ilə bağlı İnterpress.az-ın suallarını tibb elmləri doktoru, professor Adil Qeybulla cavablandırıb.

Mütəxəssis bildirib ki, insanların düzgün və keyfiyyətli qidalanmaması bu xəstəliklərin artmasına gətirib çıxarır.

“Əvvəla, ürək-damar sistemi patologiyasına görə ağırlaşmalar və ölüm halları dünyada öncül yerlərdən birini tutur. Bu, əslində, bütün dünyada aftomatlaşmanın artması, insanların təmbəlləşməsi, daha çox qida qəbulu, daha az hərəkət, yəni daxil olan kalori ilə sərf olunan kalori arasındakı disbalansla, həm də oturaq həyat tərzi ilə bağlıdır. Ona görə də ürək-damar xəstəliklərinin sayı atır.

Əvvəlla, qidalanman özü də əsas məsələlərdən biridir. Bu gün insanların böyük əksəriyyətində mübadilə pozuntuları, diabet önü vəziyyət, insulin dirənci, durğunluq fonu və mübadilə ilə bağlı müxtəlif xəstəliklər var. Ondan başqa, qidalanmanın özü də bu xəstəliklərin artmasında xüsusi rol oynayır.

Qida maddələrinin keyfiyyətli olmaması, xolesterin derivatlarının damarlarda çökməsi, onların tez sıradan çıxması, xüsusilə də daim oksigen və qida maddləri tələb edən ürək və beynin oksigen təhcizatının perfuziyasının aşağı düşməsi, əlbəttə, ürək-damar xəstəliklərini, ölüm hallarını, ağırlaşmaları artırır”, – Adil Qeybulla deyib.

Həkimin sözlərinə görə, Azərbaycanda ürək-damar xəstəliklərinin və ölüm hallarının çox olması həm də mentalitetlə bağlıdır.

“Azərbaycanda bunun çox olması mentalitetimizlə bağlıdır. Burada da həddən ziyadə qida qəbulu, xüsusilə də bütün qonaqlıqların, şadlıq məclislərinin günün 2-ci yaşına təsadüf etməsi, qida qəbulundan sonra heç bir hərəkətin olmaması, bunlar insanların ürək-damar sistemini vaxtından əvvəl sıradan çıxarır ki, bu da müxtəlif ağırlaşmalara səbəb olur.

Ona görə də bizdə bunun bu cür olması təbiidir və biz mütləq genofondun sağlamlaşdırılması istiqamətində fəaliyyət göstərməliyik. Kütləvi idmana meyil artmalıdır. Ən əsası isə həm qidalanma, həm fiziki aktivlik, həm təmiz hava və s. haqqında insanların təsəvvürü düzgün olmalıdır.

Nə qədər ki kütləvi idman, genofondun sağlamlaşdırılması istiqamətində bu kimi tədbirlər insanlarda adi həyat tərzinə çevrilməyib, biz elə ön yerləri tutmaqda davam edəcəyik”, – professor xəbərdarlıq edib.

Xuraman Etibarlı

İnterpress.az