Rayonlarımız bomboş qalıbbackend

Rayonlarımız bomboş qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Turistlər Bakıda məskən salırlar, çünki bölgələr haqqında məlumatsızdırlar
 
“Cəlbedici təkliflər olmalıdır, turistik paketlər təqdim olunmalıdır. Sən turistə nə vəd edirsən, bax, bu, önəmlidir”
 
“Daimi təbliğat və reklam olmalıdır ki, turistlər də onları maraqlandıracaq məlumatları əldə etsinlər. Bölgələrdə təkcə mehmanxana, otel tikməklə turizmi inkişaf etdirmək çətindir”
 
Turistlər niyə daha çox Bakını seçir? Sualın sadə cavabı ola bilər: Bakı paytaxtdır, çox gözəl şəhərdir, xüsusilə də son illərdə cəlbediciliyi artıb. Şəhərdə turistlərin rahat gəzmələri, əylənmələri, istirahətləri üçün hər bir şərait mövcuddur. Qısası, Bakı həqiqətən də gəzməli, görməli şəhərdir. Bunlar aydındır. Amma bölgələrimiz də axı sürətlə abadlaşır, gözəlləşir, təmiz hava, ekoloji təmizlik, yaşıllıqlar əhatəsində tarixi məkanlar, yerli adət-ənənələr, hər bölgənin özünəməxsusluğu, yadda qalan memarlıq abidələri və sair...
Bölgələrimizdə də gəzməli-görməli yerlər kifayət qədərdir. Nəzərə alsaq ki, bir çox bölgələrimizdə müasir infrastruktur, kommunikasiya xətləri mövcuddur, turistlər üçün bunlar da cəlbedici olmalıdır. Lakin deyil. Dövlət Statistika Komitəsinin bu ilin ilk 9 ayı üzrə ölkə mehmanxanalarında gecələmələrin sayına görə ilk pillədə məhz paytaxtdır. Tam 82,9 faiz! Deməli, ölkəyə gələn turistlərin 82 faizi Bakıda qalır. Bölgələrin payına çox az – 5-1 faiz qonaqlama düşür. Bir halda ki, bölgələrdə də “beşulduzlu” mehmanxanalar, təmtəraqlı otellər, qonaq evləri, istirahət və əyləncə məkanları var, o zaman turistlər niyə bu yerlərə üz tutmur?


İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında qeyd etdi ki, məsələnin kökündə heç də müasir mehmanxana və ya infrastruktur dayanmır:
– Əvvəla bunu diqqətə çatdırım ki, yayılan məlumat bu ilin ilk 9 ayını əhatə edir. Pandemiyadan öncəki məlumatlara baxsaq, mənzərənin fərqli olduğunu görə bilərik. Pandemiya bütün sahələrdə olduğu kimi turizm sektoruna da mənfi təsirini göstərdi. İnsanlar tamamilə məntiqi olaraq yaşadıqları ölkəni, şəhəri, bölgəni tərk etməyə risk etmirdilər. Əvvəlcədən planlaşdırılmış səfərlər də təxirə salınırdı. İndi də vəziyyət o qədər də fərqli deyil. Baxırsan, hansısa ölkədə koronavirusa yoluxma sayında azalma var, hansısa ölkədə, əksinə, artım. Ona görə də insanlar səyahət etməyə çəkinir. Daha uyğun bir vaxtın yetişməsini gözləyirlər. Əsas səbəb pandemiyadır. İkinci mühüm səbəbsə, turizm şəbəkəsindəki boşluqlardır. Burada dövlət nəzarəti və ya dövlət orqanlarına aid bir iş yoxdur. Bu, sırf turizm şəbəkələrinin passivliyinin nəticəsidir.
 
F.İbrahimov bildirdi ki, turizmdə ən əsas məsələ reklam və təbliğatdır:
– Bu da ibarətdir, məlumatların ötürülməsindən, məlumatların çatdırılmasından. Hər hansı xarici ölkə vətəndaşı tutalım, Masallı haqqında haradan məlumat əldə bilər? Lap tutalım axtarış verdi və Azərbaycanın gözəl bölgələri barədə məlumatlar çıxdı qarşısına. Bununla iş bitmir. İnsanları cəlb etmək lazımdır. Cəlbedici təkliflər olmalıdır, turistik paketlər təqdim olunmalıdır. Sən turistə nə vəd edirsən, bax, bu, önəmlidir. Biz Bakıda əyləşib Türkiyənin istirahət məkanları haqqında nə qədər bilgi əldə edirik. Məsələn, Rusiyanın “Mineralnıye Vodı” kurort zonası haqqında nə qədər informasiyalar, cəlbedici tur-paketlər təqdim edilir. İndi internet əsridir. İnsan evində oturub məlumat əldə etmək və buna uyğun da hərəkət etmək istəyir. Səyahətə hazırlaşanlar bütün prosedurları onlayn qaydada həll edirlər. Bizim turizm agentlikləri, şirkətləri isə bu məsələdə çox ləng işləyir. Hər şey var, amma reklam yoxdur, məlumatlandırma yoxdur. Turizm şirkətləri provayderlərlə əməkdaşlıq etməlidir. Əcnəbi ölkəyə ayaq basan kimi Azərbaycanın mobil rabitə şəbəkəsinə qoşulmalı və ona davamlı məlumatlar daxil olmalıdır. Harada nə var, hara necə getmək olar, qiymətlər necədir… Turistlər məlumatsız olduqları üçün bölgələrə gedə bilmirlər. Çünki turizm şirkətləri informasiya texnologiyalarından istifadə etmirlər. Məsələn, Gürcüstan-Azərbaycan birgə turizm layihəsi işlənə bilər. Gürcüstan da təbliğat, reklam işlərində çox inkişaf edib.
 
Daimi təbliğat və reklam olmalıdır ki, turistlər də onları maraqlandıracaq məlumatları əldə etsinlər. Bölgələrdə təkcə mehmanxana, otel tikməklə turizmi inkişaf etdirmək çətindir.