Bu gün Azərbaycan dövlətinin milli təhlükəsizliyinin keşiyində fədakarlıqla dayanan, ölkəmizə qarşı baş qaldıran xarici və daxili təhdidləri puça çıxaran Xüsusi xidmət orqanlarımızın yaradılmasının 102-ci ildönümüdür.
Cümhuriyyətin təşəkkül tapdığı mürəkkəbb şəraitdə formalaşdırılan Xüsusi xidmət orqanlarımız AXC, sovet Azərbaycanı və müstəqil Azərbaycanın mövcudluğu dönəmlərində çox şərəfli yol keçib. Fərqli ictimai formasiyalarda fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycanın dövlət təhlükəsizliyi orqanları özünün peşəkarlığı sayəsində istər keçmiş SSRİ dönəmində, istərsə də müsair dünya reallığında ən güclü Xüsusi xidmət orqanlarından biri kimi xarakterizə olunmaqdadır.
Əlbəttə ki, Azərbaycanın dövlət təhlükəsizliyi orqanlarının bu səviyyəyə yüksəlməsində vaxtilə həmin orqanlara və respublikaya rəhbərlik etmiş Ümummilli Lider Heydər Əliyevin müstəsna rolu olub. Yeri gəlmişkən, Ümummulli Liderin adını şərəflə daşıyan, Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin öz hərbi xidmətini məhz DTX Qvardiyasında keçirməsi faktı özlüyündə böyük rəmzi məna daşıyır.
Sövet Azərbaycanı dövründə Dövlət Təhlükəsizliyi Komitəsi (DTK), müstəqilliyin bərpasından sonra Milli Təhlükəsizlik Nazirliyi (MTN), 2015-ci ildən etibarən isə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) adı ilə fəaliyyət göstərən Xüsusi xidmət orqanlarımızın fəaliyyəti erməni fitnəkarlığı nəticəsində təqribən 30 il əvvəl alovlanan Qarabağ münaqişəsi fonunda son dərəcə mühüm əhəmiyyət daşıyıb. Əminliklə söyləmək olar ki, milli maraqlarımızın keşiyində mətinliklə dayanan Xüsusi xidmət orqanlarımızın sayıqlığı və önləyici tədbirləri olmasaydı, vəziyyət daha da mürəkkəbləşərdi.
102 il əvvəl yaradılmış Xüsusi xidmət orqanlarımızın layiqli xələfi olan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) öz peşəkar fəaliyyəti sayəsində hər bir vətəndaşımızın qürur və güvən yerinə çevrilib. General-polkovnik Əli Nağıyevin DTX rəisi təyin olunmasından sonra fəaliyyətində mütləq dönüş yaradılan xüsusi xidmət orqanlarımızın həyata keçirdiyi ən müxtəlif əməliyyatlar dövlətimizə qarşı hazırlanan təxribatların qarşısını almaqla yanaşı, ölkə əhalisinin böyük rəğbətini qazanıb. Bəli, öz peşəkarlığı ilə nümunə olan Əli Nağıyev təsadüfi sələflərindən fərqli olaraq, bütün diqqətini milli təhlükəsizliyimizin qorunmasına yönəldib. Bu, hər kəs tərəfindən qəbul edilən həqiqətdir.
Sözsüz ki, DTX-nın fəaliyyətinin ən əhəmiyyətli dönəmi Azərbaycanın pralq qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsinə təsadüf etdi. Özü “hərbi teatr”ın ön “səhnə”sində görünməsə də, səssiz savaşın adsız qəhrəmanı kimi qəbul edilən DTX-nın analoqsuz fəaliyyəti böyük Qələbənin əldə olunmasına misilsiz töhfə verdi. O baxımdan, DTX rəhbərliyi və əməkdaşlarının xalq tərəfindən sədaqət, əhd və vəfanın tərcümanı kimi tanınmaları tam qanunauyğunluqdur.
Bu əlamətdar gündə yaradılmasının 102-ci ildönümü münasibətilə başda general-polkovnik Əli Nağıyev olmaqla, Xidmətin bütün əməkdaşlarını səmimiyyətlə təbrik edir, onlara şərəfli işlərində uğurlar arzulayıram.
Allah köməyiniz olsun!