“Siqaretin qiyməti ona görə bahalaşır ki, çəkənlərin sayı azalsın” – Deputatbackend

“Siqaretin qiyməti ona görə bahalaşır ki, çəkənlərin sayı azalsın” – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar Azərbaycanda tütün məmulatlarının qiymətlərində artım müşahidə olunur. Artım daha çox insanların daha çox istifadə etdiyi siqaret markalarında hiss edilir. Xüsusilə, köşklərdə bəzi siqaret markalarının qiyməti hər keçən gün daha da bahalaşır.

Bəs qiymət artımına səbəb nədir və bu amil siqaret çəkənlərin sayını azalda bilərmi?

İnterpress.az xəbər verir ki, məsələ ilə bağlı AZXEBER.COM-a Milli Məclisin deputatı Rüfət Quliyev fikirlərini bildirib.

O, qeyd edib ki, qiymət artımına səbəb həm fiskal siyasət, həm də siqaretlə mübarizədir:

“Siqaretlərin qiymətlərinin artmasının 50 faizi fiskal siyasətlə bağlıdır. Artım səbəbinin digər 50 faizi isə siqaretlə mübarizədir. Bu məntiq də var. Adətən siqaretlə mübarizə qiymətdən başqa, siqaret çəkmə yerlərinə məhdudiyyətlər qoymaqla də göstərilir. Belə deyək, siqaretin qiymətinin qalxması və siqaret çəkilən yerlərin məhdudlaşması birgə effekt verir. Bununla gündəlik siqaret çəkmə sayı azalır. Mən özüm də siqaret çəkənəm, misal üçün, əvvəl bir qutu, bir qutudan artıq çəkirdim. Amma qeyd etdiyim məhdudlaşmalar gətirib ona çıxarır ki, çəkdiyin siqaretin sayını azaldırsan”.

Deputatın fikrincə, siqaret qiymətlərində artım olduğu zaman siqaret çəkənlər sayı azaldırlar:

“Adətən insanlar ya daha ucuz siqaretlərə keçir, ya da ona öyərəşə bilmirlər. Siqaretdə belə bir öyrəşmə mexanizmi var. Ona görə də, məcbur olurlar ki, hesabı elə götürsünlər ki, əvvəl bir qutu çəkirdilərsə, indi azaltsınlar. Çünki həmin siqareti əvvəlki qədər almaq çətinləşir”.

Deputat həmçinin qeyd edib ki, bu cür mübarizə forması dünyanın hər yerində var:

“Bu formada mübarizə bütün dünyada gedir. Mən deməzdim ki, bu, Azərbaycanda tütün məmulatlarına qarşı ən ciddi mübarizələrdən biridir. Xeyr. Avropanın bir neçə ölkəsində, ümumiyyətlə, bütün ölkələrdə, o cümlədən ABŞ-da və digər aparıcı ölkələrdə qiymət, məhdudlaşma ona gətirib çıxarır ki, insanlar məcburiyyət qarşısında qalıb az çəkirlər”.