1 sentyabr 2018-ci il tarixindən etibarən Skaut hərəkatının köməyilə Biləsuvar rayonunda yerləşən Cəbrayıl rayonunun məcburi köçkün qəsəbələrində yaşayan uşaq, yeniyetmə və gənclərin növbəti nəsil liderlərinə çevrilməsi üçün tərəqqi imkanlarının yaradılması və onlarda komandada işləmək, könüllülük, təşəbbüskarlıq, təşkilatçılıq kimi müasir dünyavi şəxsi keyfiyyətlərinin inkişaf etdirilməsi üçün yeni layihəyə start verilib.
İnterpress.az xəbər verir ki, “Skaut – gələcək nəslin lideri” adlı layihə Amerika Birləşmiş Ştatlarının Səfirliyinin “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində həyata keçirilir.
Layihənin məqsədinə çatmaq üçün vasitə kimi dünyada ən aktual və aparıcı qeyri formal təhsil forması olan skaut hərəkatından istifadə ediləcək. Dünya Skaut Hərəkatının məqsədi skaut vədi və qanunlarına əsaslanan dəyərlər sistemi vasitəsi ilə gənc nəslə təhsil vermək, cəmiyyətdə daha konstruktiv rol oyanayan fərdlərin daha da yaxşı dünya modeli qurmasına köməklik göstərməkdir. Nəticə etibarı ilə layihədən yararlanmış iştirakçılarda liderlik, komandada işləmək, könüllülük, təşəbbüskarlıq və təşkilatçılıq kimi bacarıqlar əldə etmiş olacaqlar.
Ümumilikdə, layihədə Biləsuvar rayonunda yerləşən Cəbrayıl rayonunun məcburi köçkünlər üçün qəsəbələrində yaşayan 11-15 yaşlı uşaq və yeniyetmələr, həmçinin gənclər iştirak etməklə layihədən birbaşa yararlanmış olacaqlar. Layihə barədə geniş ictimai maarifləndirmə işləri aparılacaq. Nəticədə layihədən birbaşa və dolayısı yolla 3000-ə yaxın uşaq, yeniyetmə və gənclər faydalanmış olacaqdır. Yaş həddinə gəlincə isə layihədən əsasən faydalananlar 11-29 yaşlı uşaq, yeniyetmə və gənclər olacaqdır.
Məlumat üçün onu da bildirək ki, Biləsuvar rayonu ərazisində ümumilikdə 4456 evdən ibarət 11 qəsəbə salınmış, hazırda bu qəsəbələrdə 18262 nəfər Cəbrayıllı məcburi köçkünlər yaşayır. Həmin 11 qəsəbədə müasir tipli hər biri 280 yerlik 11 məktəbdə fəaliyyət göstərir.
Yuxarıda qeyd olunmuş məqsədə çatmaq üçün layihənin bır sıra vəzifələri vardır. Bunlar aşağıdakılardan ibarətdir:
– İctimaiyyat arasında layihənin təbliği;
– Könüllü gəncləri üzə çıxartmaqla bu sahədə yetişdirmək;
– Skaut təlimləri və ustad dəsrləri vasitəsilə mövcud gənclərdə liderlərlik, skaut bilik və bacarıqlarının artırılması ilə uşaq və yeniyetmələrin gündəlik həyat tərzini səmərəli etmək;
– Hərakata qoşulacaq uşaq, yeniyetmə və gənclərin sayını artırmaq;
– Qaçqın şəhərciyində uşaq, yeniyetmə və gənclərin ictimai fəaliyyətinin artırılması;
– “Future Leaders Exchange” iştirakçıların regionda tanıdılması və gələcəkdə qaçqın qəsəbəsində yaşayan uşaq, yeniyetmə və gənclərin də bu proqramdan yararlanma şansısın mövcudluğu barədə təbliğatı;
Layihənin qeyd olunan məqsədindən irəli gələn vəzifələri həyata keçirtmək üçün Biləsuvar rayonunda 5 ildir ki çox fəal şəkildə fəaliyyət göstərən “Mübarizlər” Skaut Qrupunun könüllük əsasında çalışan liderləri və həmçinin Azərbaycan Skautlar Assosiasiyasının digər könüllü böyükyaşlı üzvlərinin köməyindən və digər dəstəyindən istifadə olunacaq. Lakin bu layihənin sayəsində həm Amerika Birləşmiş Ştatlarının Səfirliyinin, həm ASA-nın onlar barəsində düşündüklərini və heç də cəmiyyət içərisində onların diqqətdən kənar olmadıqlarını sübut etmiş olacağıq.
Qeyd edək ki, Dünya Skaut Hərəkatı (DSH) 217 ölkədən 50 milyon uşaq, yeniyetmə və gəncləri bir araya toplamış bir qlobal təşkilatdır.
Layihənin əsas təşkilati dəstəyi Azərbaycan Skautlar Assosiasiyasıdır.
Məlumat üçün bildirək ki, Azərbaycan Skautlar Assosiasiyası (ASA) 1997-ci ildən Azərbaycanda fəaliyyət göstərir və son 5 ildə isə ASA-nın fəaliyyət daha da genişlənib və inkişaf edib. Buna misal olaraq 2017-ci il avqust ayında 166 ölkədən 2400 nəfərdən çox xarici skautun Bakıda Dünya Skaut Konfransında iştirak etməsini göstərmək olar. Baxmayaraq ki, mütəmadi olaraq ASA müxtəlif növ sosial tədbirlər, seminarlar və təlimlər təşkil edir, bu vaxta qədər heç vaxt sırf məcburi köçkünlər üçün qəsəbələrdə yaşayan uşaq, yeniyetmə və gənclərlə birbaşa fəaliyyətdə olmayıb.
İnterpress.az