Azərbaycan Milli Elmlər Akademiyası yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin bir yol keçmiş, respublikanın elmi-intellektual potensialını milli sərvətə çevirən mərkəz kimi tanınmışdır.

Akademiyanın ötən müddət ərzindəki səmərəli fəaliyyətinin əsasında elmin zamanın tələblərinə uyğun prioritet problemlərinin araşdırılması, ən müxtəlif elmi istiqamətlər üzrə yüksək hazırlıqlı kadrların yetişdirilməsi, elmi məktəblərin formalaşdırılması və nüfuzlu beynəlxalq elm qurumları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi prinsipləri dayanmışdır.
Bu baxımdan Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında iştirakı dövlət başçısının elmə, təhsilə və ziyalılara göstərdiyi dərin diqqət və hörmətin bariz göstəricisidir. Prezidentin tədbirdəki çıxışı, verdiyi mesajlar da Azərbaycanın yaratdığı yeni vəziyyətə uyğun olaraq qarşısında duran çağırışlarla bağlı idi.
Azərbaycan öz addımlarını dəyişən dünyada gedən proseslərə uyğunlaşdırmalı və yeni təşəbbüslərlə çıxış etməlidir. Çünki bugünkü və gələcək inkişaf prioritetləri əvvəlki dövrdən fərqlənir.
İlk növbədə dövlət başçımız vurğuladı ki, hər bir ölkə, o cümlədən Azərbaycan üçün ən vacib məsələ texnoloji inkişafdır və burada Azərbaycan elmi müstəsna rol oynamalıdır.
Nitqində cənab Prezidentimiz elmin naliyyətlərini təhlükəsizliyin etibarlı qorunması, texnoloji inkişaf və informasiya təhlükəsizliyi ilə əlaqələndirdi. Elmimizin qarşısında dayanan mühüm vəzifələr kimi süni intellektin yaradılması, rəqəmsallaşma, kiber təhlükəsizlik məsələləri ön plana çəkildi. Kiber təhlükəsizliyin qorunmasının vacibliyi göstərildi.
Prezident İlham Əliyev elmin qarşısında dayanan mühüm strateji hədəflərdən danışarkən tariximizin tədqiqi, onun yeni tarixi baxışla, təzələnən diskursla araşdırılması, Qərbi Azərbaycan gerçəklərinin gələcək nəslə çatdırılması, separatist yalanlarının ifşası və Azərbaycan dilinin saflığının keşiyində dayanmaq məsələsinə xüsusi önəm verdi.
Müasir texnoloji inkişaf yeni terminlər gətirsə də, dövlət başçımız Azərbaycan dilinin saflığının qorunmasının vacibliyini ön plana çəkdi, dilimizin saflığının qorunmasının eyni zamanda qonşu ölkələrdə yaşayan azərbaycanlıların dilinin saflığının qorunması ilə əlaqələndirdi.
Ölkə başçımızın qeyd etdiyi kimi, Azərbaycan Milli Elmlər Akademiyası həm tarixən, həm də bu gün ölkənin elmi potensialının formalaşmasında və inkişafında mərkəzi əhəmiyyət kəsb edib. Akademiyanın fəaliyyəti elmi araşdırmaların genişləndirilməsi, texnoloji yeniliklərin tətbiqi və ölkədə iqtisadi inkişafın dəstəklənməsi baxımından önəmlidir.
Öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan qarşısında və elm və təhsilin, sənayenin vəhdətini quran AMEA qarşısında yeni vəzifələr durur. Heç şübhəsiz, Azərbaycan alimləri cənab Prezidentin bu mesajlarından düzgün nəticə çıxaracaq və fəaliyyətlərini bu çağırışlara adekvat şəkildə quracaqlar.






