ABŞ 11 sentyabr terror aktlarının təşkilində şübhəli bilinən şəxsi mühakimə edəcək.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ hərbi məhkəməsinin qərarı açıqlanıb.
2001-ci il 11 sentyabr terror aktlarının təşkilində əsas şübhəli hesab edilən Xalid Şeyx Məhəmmədin məhkəmə prosesinin 2028-ci il iyunun 5-də başlanması planlaşdırılır.
Bununla belə, sübutların məhkəməyə qəbul edilməsi də daxil olmaqla bir sıra prosessual məsələlərlə bağlı qərarlar hələ verilmədiyindən prosesin yenidən təxirə salına biləcəyi bildirilir.
2001-ci il sentyabrın 11-də ABŞ tarixinin ən böyük terror aktı nəticəsində təxminən 3 min nəfər həlak olub. Terrorçular ələ keçirdikləri üç sərnişin təyyarəsini Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin binalarına və Vaşinqton yaxınlığındakı Pentaqona yönəldiblər. Daha bir təyyarə Pensilvaniya ştatında qəzaya uğrayıb.
Xalid Şeyx Məhəmməd 2003-cü ildə Pakistanda saxlanılıb. Daha sonra onun MKİ tərəfindən dindirildiyi, ABŞ Senatının hesabatına əsasən, dindirmələr zamanı işgəncələrə məruz qaldığı bildirilir.
2006-cı ildə o, Kubadakı Quantanamo həbsxanasına köçürülüb.
Quantanamoda 11 sentyabr terrorundan sonra terrorçuluqda şübhəli bilinən şəxslərin saxlanılması üçün xüsusi düşərgə yaradılıb.
Müxtəlif dövrlərdə burada 800-ə yaxın məhbusun saxlanıldığı bildirilib.
Hüquq müdafiə təşkilatları uzun müddətdir düşərgənin bağlanmasını tələb edir.

Xuraman Etibarlı
İnterpress.az






