Vidadi Bayramov xeyriyyəçiliyi- BİLİNMƏYƏN GERÇƏKLƏRbackend

Vidadi Bayramov xeyriyyəçiliyi- BİLİNMƏYƏN GERÇƏKLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətəni sevmək imandandır. Vətəni sevmək, onu düşmənlərin hücumundan qorumaq, ana yurdun çiçəklənməsi və inkişafı üçün çalışmaq hər bir vətən övladının mühüm vəzifəsidir. Onun yolunda canından keçmək nə qədər şərəflidirsə, onu qorumaq, yaşatmaq naminə çalışmaq da bir o qədər başucalığı gətirir insana. Vətənpərvərlik duyğusu insanın fitrətində olan bir hissdir.
Genişmiqyaslı xeyriyyəçilik fəaliyyəti, bəşəriyyətin ali ideallarına xidmət… Gərək sidq-ürəkdən Tanrıya bağlı olub onu hər an, hər yerdə görüb, duyub hiss edəsən ki, bu işləri görə biləsən. Tanrının gözəlliklərini duyub hiss edəsən ki, heç bir təmanna ummadan öz əməllərinlə o gözəlliklərin əhatəsini genişləndirməyə gücün yetsin.
… Qazağın çətin günləri idi, qəsbkar ermənilər yurdumuzun bu gözəl, dilbər guşəsini də zəbt etmək üçün məkrli planlar hazırlamışdı. Torpaq uğrunda ölüm-qalım savaşı gedirdi, əliyalın camaat təpədən-dırnağadək silahlanmış düşmənin qarşısında mərdliklə tab gətirirdi. Onları nə aclıq, nə də ölüm qorxudurdu…
Səhər yenicə açılmışdı, şəhərə doğru hərəkət edən yük maşınları bir-birinin ardınca gəlib rayon stadionunda dayandı. Maşınlar ərzaq, geyim şeyləri və digər lazımi əşyalarla dolu idi. Az keçməmiş xəbər rayon camaatının arasında yayıldı, stadion istiqamətinə insanların axını başladı. Üzlərində kədər qarışıq sevinc duyulurdu, xeyirxahları – Vidadi müəllim gəlmişdi, özü də vədə tamamında. Eloğlularının ehtiyac duyduqlarını maşınlara yükləyib gətirmişdi…
Kimdir Vidadi Bayramov? Düşünürəm ki, onu tanıyanların, ona dəyər verən insanların ürək sözləri, söylədiyi fikirlər bu sualın tam cavabını almağa yardımçı olacaq. Beləliklə… Qazax Xeyriyyə Cəmiyyətinin ağsaqqallar şurasının üzvü olmuş Həmzə Əliyev ilk bələdçimizdir… Cəmiyyətin təsis etdiyi “Dəli Kür” qəzetinin Vidadi Bayramovun 60 illiyinə həsr etdiyi xüsusi buraxılışında Həmzə müəllim yazır: “Qazax Xeyriyyə Cəmiyyəti təsis olunanda mən şəxsən Vidadi qağanı yaxşı tanımırdım. Hansı dövlət vəzifələrini daşımasından xəbərsiz idim. Yalnız I Şıxlı kənd orta məktəbinin sabiq direktoru, tələbəlik dostum Rəşid Sadıqovdan soruşanda ki, “Sizin məktəbin bu yeni binasını kim tikdirir?”, sualıma belə cavab vermişdi: “Kəndimizdən Bakıda işləyən Bayramov qardaşları var, onlar”. (Seyid, Bayram və Vidadi Bayramov qardaşları nəzərdə tutulur). Doğrusu, bu Bayramov qardaşlarının kimliyi yenə də mənə tam aydın olmadı…
Faciəli, məşəqqətli 1988-ci illər başladı. Xain, qəddar ermənilər Azərbaycanı, o cümlədən Qazax mahalının torpaqlarını işğal etmək istəyəndə, mahalın təəssübkeş, qeyrətli, vətənpərvər oğulları Qazax Xeyriyyə Cəmiyyəti ətrafında cəmləşməli oldular… Böyük yazıçımız İsmayıl Şıxlı başda olmaqla, tez-tez rayonlara getməli olurduq. Bu gedişləri təşkil etmək asan olmurdu. Bunun üçün vəsait, maşın lazım idi. Elə bu məsələlərdə Vidadi Bayramovun şəxsiyyəti, böyük vətənpərvərliyi, xeyirxahlığı, hatəmliyi özünü büruzə verirdi. Vidadi qağa o zamankı səlahiyyət və imkanlarından istifadə edərək çox geniş işlər görməyə başladı… O, Qazax Xeyriyyə Cəmiyyətinin duyan və döyünən qəlbidir…”
Şəfqət, başqasının halına yanmaq, həmişə xeyirxah işlər görməyə çalışmaq, qonaqpərvər və səxavətli olmaq… Xalqımızın ən mühüm həyati dəyərləri… İstər İslam, istərsə də digər dünya dinlərinin də təbliğ etdiyi ən mühüm fəzilətlərdən biri də məhz bu mənəvi prinsiplər və onlara riayət etməkdir.
Qəlbində mərhəmət, humanizm duyğuları varsa, sən bu duyğulara köklənib kiminsə sınıq qəlbini ovundurursansa, insanlara sevgi bəxş edə bilirsənsə onun əvəzini nə vaxtsa alacaqsan… Çünki xoş əməllər heç zaman cavabsız qalmır…
Müxtəlif dövrlərdə böyük idealların yerinə yetirilməsində ictimai səviyyədə fəaliyyət göstərən xeyriyyə fondlarının müstəsna əhəmiyyəti olmuşdur. Mütərəqqi qüvvələr qarşıya qoyulmuş məqsədləri reallığa çevirmək, bu yöndə fəaliyyətin mənəvi və maddi əsasını formalaşdırmaq üçün məhz bu cür fond və xeyriyyə cəmiyyətlərindən bəhrələnmiş, adları qızıl hərflərlə tarixə yazılmış böyük düha sahibləri öz fəaliyyətləri ilə xalqımızın humanizm və insansevərliyə əsaslanan zəngin və qədim xeyriyyəçilik ənənələri əsasında xeyriyyəçilik fəaliyyətinin parlaq nümunələrini ortaya qoymuşlar. Xeyriyyəçiliyin hələ zərdüştlük dövrünə gedib çıxan təzahürləri əsrlər boyu müqəddəs sayılmış, “xoş söz, xoş niyyət, xeyirxah əməl” kimi bir mənəvi-əxlaqi kodekslə bağlı olmuşdur. Xalqımızın bu sahədə öz ənənələri vardır. Bu ənənələr bu gün də yaşayır… Təəssüflə qeyd etməliyik ki, yetmiş ildən artıq bir dövrdə, sovet dönəmində xalqımızın xeyriyyəçilik ənənələri itib getmiş, XX əsrin sonlarında isə yenidən dirçəldilmişdir. Qazax Xeyriyyə Cəmiyyəti də Azərbaycan cəmiyyətində formalaşmış zəngin tarixi ənənələrin davam etdirilməsi zərurətindən, sovet dövründə itirdiyimiz xeyriyyəçilik ənənələrinin bərpa etdirilməsi məqsədilə yaradılmışdır. Onun yaradıcısı və ilk sədri, şair Aslan Kəmərli Bakıda və Sumqayıtda yaşayan eloğlularını cəmiyyətin ətrafında sıx birləşdirmişdi. O zaman əsas qüvvə Qazağın müdafiəsinə yönəldilmişdi. 1992-ci il oktyabrın 24-də Aslan Kəmərlinin avtomobil qəzasında ölümündən sonra, cəmiyyət üzvləri sözün əsl mənasında Qazax mahalının sevdalısı Vidadi Bayramovu onun sədri vəzifəsinə seçdi.
Vidadi Bayramov 1939-cu il dekabr ayının 29-da dünyaya gəlib. 1957-ci ildə Qazax rayonunun I Şıxlı kənd orta məktəbini bitirdikdən sonra, Ağdam Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb, hərbi xidmətini başa vurduqdan sonra isə 1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunun “Maşınqayırma sənayesi” fakültəsində oxuyub və mühəndislik sənətinə yiyələnib. 1969-cu ildə Azərbaycan Respublikası Təchizat Baş İdarəsində əmək fəaliyyətinə başlamış, kiçik mühəndislikdən həmin idarənin “Azərmaş” istehsalat birliyinin baş direktoru vəzifəsinə ucalmışdır. Bacarıqlı kadr kimi rəhbərliyin rəğbətini qazanan Vidadi Bayramov 1983-cü ildə Respublika Əhaliyə Məişət Xidməti nazirinin müavini vəzifəsinə təyin olunmuş və 1988-ci ilədək bu vəzifədə işləmiş və yenidən Təchizat Baş İdarəsinin “Azərmaş” istehsalat birliyinə baş direktor vəzifəsinə qayıtmışdır. Sonralar ayrı-ayrı vəzifələrdə işləyən Vidadi müəllim öz bilik və bacarığını müstəqil respublikamızın iqtisadiyyatının inkişafına sərf etmişdir. 1992-ci ildə isə Qazax Xeyriyyə Cəmiyyətinin sədri kimi fəal ictimai işlə məşğul olmağa başlayıb. O, doğma mahalında keçirilən bütün tədbirlərdə iştirak edir, öz maddi və mənəvi köməyini əsirgəmir. Vidadi Babanlının dediyi kimi: “İgid darda tanınar” – deyib ulu dədələr. Bu deyimdə böyük həqiqət var… Ötən əsrin doxsanıncı illərinin əvvəlləri hər bir vətəndaşımız üçün həqiqi sınaq dövrü idi… Kimisi sinəsini yağı gülləsinə verdi, kimisi də maddi və mənəvi köməklərlə vicdani borcunu ləyaqətlə yerinə yetirdi.
… O cümlədən, təpəri və el-oba təəssübkeşliyi yaddaşlara hopanlardan biri də Vidadi Bayramovdur. Mənim adaşım Qazax mahalının son dərəcə ağır, düşmən hədəfinə açıq-aşkar tuş gələn vaxtlarında özünün kimliyini yaxşı cəhətləri ilə sübuta yetirdi. Ümumi işə maddi köməkliyi, şəxsi vəsaitləri ilə bərabər, mükəmməl təşkilatçılıq bacarığı ilə nüfuz qazandı”….
Bəllidir ki, xeyriyyəçilik fəaliyyəti müəyyən əmlakın, o cümlədən, pul vəsaitlərinin verilməsi, bir sira əhəmiyyətli işlərin görülməsi və s. deməkdir, insanların hər hansı direktiv, göstəriş əsasında deyil, öz qəlbinin və vicdanının səsi ilə şəxsi vəsaitlərini, qüvvə, vaxt və enerjisini sərf edərək həyata keçirdiyi xeyirxah işlərdir. Vidadi müəllimin də həyat devizi budur: İnsanlara yaxşılıq etmək, başqasının dərdinə şərik olmaq, onun halına yanmaq, ehtiyacı olanlara əl tutmaq, yardıma mohtac soydaşlarına kömək əli uzatmaq!.. bütün bunlar onun insani keyfiyyətlərinin, humanizminin başlıca konturlarıdır. O, əliaçıq, səxavətli adamdır və etdiklərinin müqabilində özü üçün dividendlər, səmərələr gözləmir, sadəcə, insanlara sevgi ötürür, təmənnasız xeyirxah işlər görür, bu amal uğruna, bu qutsal yolda əlindən gələni əsirgəmir. Akademik Teymur Bünyadov ünvanına söylədiyi fikirlərlə hər kəsin tanımalı olduğu Vidadi Bayramovun portretini özünəməxsus şəkildə cızmağa çalışır: “Ay Vidadi, sən səxavətli olduğun qədər də sədaqətlisən. Dostluq işlətmək, dost qədri bilmək, dosta arxa durmaq sənin amalındı, sənin idealındı. Son dərəcə istiqanlı, vətəncanlısan. Qazax sənin taleyin, müqəddəs ocağın, ziyan, ziyarətgahındı. İnsan nə qədər torpağa, ocağa, yurda bağlı olarmış, İlahi!.. Dəlicəsinə sevmək, yolunda şəhid olmaq onun üçün şərəfdi. …Kişi kimi yaşamısan, kişi kimi də yaşa:

Ay Vidadi, qalacaq
Dünya qalır, qalacaq.
Hamı gəldi-gedərdi,
Bir kişilik qalacaq…”

Vidadi müəllim gördüyü işlərin məsuliyyətini də çox yaxşı bilir, incə mətləbini də. Bilir ki, xeyriyyəçilik insani münasibətlərin son dərəcə incə, nəzakətli və həssas həlqəsidir. Bu yolda addımlayarkən ümumbəşəri əxlaq, etika və nəzakət normalarına da ciddi əməl olunmalıdır. Axı, bu işlərin arxasında müxtəlif hadisələr üzündən həyatda çətin, çarəsiz vəziyyətə düşmüş insanların bir-birindən ağır problemləri dayanır. Bu işdə ürəkli, cəsarətli olmalısan. Elə elinin-obasının ağır günlərində də o, özünü məhz belə tanıtdı. Ətrafına topladığı məsləkdaşları ilə birlikdə Qazağa, Ağstafaya, və Xocalıya döyüşən əsgərlər üçün yardımlar aparanda, lap yaxınlıqlarında partlayan mərmilərin gurultusu, ermənilərin hədə-qorxusu təəssübkeş Vətən oğlunu qorxutmadı, bu yoldan qətiyyən çəkindirmədi…
Qazax-Ağstafa mahalında yaşayan qaçqınlara, şəhid ailələrinə mütəmadi olaraq baş çəkir, şəhidlik zirvəsinə ucalan igidlərin ailələrinə başsağlığı verir, heç vaxt onların yanına əliboş getmir, nə qədər çətin olsa da, maddi imkanları o qədər geniş olmasa belə, kimsəni ümidsiz, yardımsız qoymurdu. Şair Nəriman Həsənzadə onun məhz bu keyfiyyətlərini diqqətə çatdıraraq yazır: “Vidadi Bayramov cəmiyyətin sədrliyi vəzifəsində məccani işləyir. Maaş almır. Özü isə uzun müddətdir başqa yerdə işləmir, maaş cədvəlinə qol çəkmir. Onun da ailəsi var, dostları-tanışları var axı. Həm də gözəl mühəndis-mütəxəssisdir. Bu yaradıcı, təşəbbüskar, işgüzar insan cəmiyyət üzvləri arasında da, Qazax mahalında da böyük hörmət-izzət sahibidir. Kiməsə yaxşılıq eləsin, kiminsə ürəyini qırmasın, kiminsə dərdinə, sevincinə şərik olsun! – Bax, budur onun mənəvi paklığı, insanlığı və sədrliyi!
…O, xeyirxah olmasaydı, xeyriyyə cəmiyyətinin sədri ola bilməzdi. Bax, budur onun mənəvi paklığı, insanlığı və sədrliyi. Xeyirxahlıq – əzabkeşlikdir…”
Qazax mahalının yağı düşmənlə üz-üzə qaldığı vaxtlarda onun şəxsi təşəbbüsünün, təşkilatçılıq bacarığının, çətin məqamda simsar olmaq, mənəvi dayaq durmaq kimi yüksək insani keyfiyyətləri cəmiyyətin hər bir üzvünə sirayət etmişdi. Məhz onun rəhbərliyi altında hər kəs ata-babalarının kül tökdüyü, ocaq yandırdığı mahala bacardığından daha artığını edirdi. Bəlkə elə buna görə də torpaqlarını düşmənin aramsız hücumlarından qoruyub saxlaya bildilər. Kəndlərdə əli silah tutanları səfərbər edərək düşmənlə sərhəd olan bölgələri – Kəmərli, Əsgipara, Quşçu Ayrım, Xanlıqlar, Bala Cəfərli, Barxudarlı, Köhnə qışlaq, Tatlı və s. obaları qarış-qarış, səngər-səngər gəzir, döyüşən əsgərlərimizə maddi kömək göstərir, mənəvi dayaq olurdu, onları silahsız qoymurdu… Bəlkə də operativ, vaxtında görülmüş tədbirlərin nəticəsində Qazax mahalı düşmənin qarşısında daha mərdi-mərdanə dayana bildi…
Cəmiyyət yalnız Qazax rayonu üçün çalışmırdı, bütün cəbhə bölgələrinə yardımlar aparılırdı. O ağır günləri Vidadi müəllim belə xatırlayır: “Hamı öz torpağını, doğulduğu yeri sevir. Cəmiyyətimizin üzvləri də Qazağı, Ağstafanı çox sevir, amma hamı bilir ki, mən mahalımızı varımla, dövlətimlə, qəlbimlə sevirəm və hər şeyimi o mahala qurban verməyə hazıram… Hərdən məndən soruşurlar: Cəmiyyətinizin bu qədər uzun müddətdə fəaliyyət göstərməsinin səbəbi nədir? Əvvəla ona görə ki, burada hərc-mərclik, dağıntı yoxdur. Digər tərəfdən onun üzvlərinin sırasına diqqət edin: əksəriyyəti məşhur, tanınmış ziyalılardır…. Ən əsası müxalifət və iqtidar sözünü qəti qadağan etdik və hamı bundan razı qaldı, “mən, sən” sözü olmadı. QXC ona görə də dağılmadı, indi də yaşayır. Yəqin ki, bundan sonra da yaşayacaqdır… Ağır günlər idi… Bir gün gecə 3-4 radələrində telefon zəng çaldı, çox qorxdum, yəqin Qazax, Ağstafa çətin vəziyyətdədir, ona görə gecənin bu vaxtı zəng vururlar – deyə düşündüm. Hərbi hissənin işçisi Rəşid idi. O, vəziyyət barədə məlumat verib əsas məsələyə keçdi: “Vidadi qağa, Lökbatanda rusların hərbi komandiri ayrı-ayrı dəstələrə silah-sursat verir. Mən indi ordan gəlirəm, onlara hörmət etmək lazımdır ki, bizə də tank versinlər, yoxsa vermirlər”, – dedi. Mən o vaxt millət vəkili olan Şirin Hacıkərimovla birgə Lökbatana getdim, Rəşid də gəldi. Əvvəlcə Şirin onlarla söhbət etməyə başladı, biz bayırda gözləyirdik. Söhbətin gedişindən başa düşdüm ki, bir şey alınmır, deyəsən rus polkovniki Şirin Hacıkərimovun deputat olduğunu duymuşdu. Rus hərbçisi ilə dil tapmaq çətin olmadı, sövdələşməmiz baş tutdu. Bizə 4 ədəd tank, 2 ədəd BMP, 2 ədəd BTR və 8 rus əsgəri verdi ki, tankları müşayiət etsin… Ağstafa, Qazax camaatı dəmiryol vağzalına axışmışdı, gözlərində həm sevinc, həm də kədər görünürdü… Bax, onda bir daha inandılar ki, arxasız, köməksiz deyillər…
Cəmiyyətimiz hərbçilərdən başqa mülki əhaliyə də kömək edirdi, ən çox da şəhid ailələrinə. O biri mahallara da gücümüz çatdığı qədər köməklik göstərirdik. Goranboyda məskunlaşan Xocalı qaçqınları, Bərdədə məskunlaşan Ağdam qaçqınlarına dəfələrlə yardım göstərmişdik. Bir dəfə böyük bir kamaz maşını dolu çarpayı, döşək, adyal, balınc, qənd, çay, balınc üzləri və s. aparmışdıq. Çarpayıları, döşəkləri, adyalları mən və Niyazi (o, həbsxanada işləyirdi), üzlükləri isə qardaşım Bayram təşkil etmişdi. Qənd, çay isə cəmiyyətin hesabına alınmışdı. Cəbhə hissələrində isə təchizat pis vəziyyətdə idi. Yadımdadır, Qazağa 10 ədəd hərbi maşın – QAZ-66 göndərəndə, o vaxt Müdafiə nazirinin müavini işləyən Şahin Musayev və Vahid Musayev “səni hərbi tribunala verəcəyik, bizim xəbərimiz olmadan və icazə almadan etmisiniz” – demişdilər…”
Vidadi müəllim cəmiyyətin sədri kimi, onun işini, fəaliyyətini gücləndirmək üçün əlindən gələni edir, gecəli-gündüzlü yorulmaq bilmədən işləyirdi. Bölgədə baş verən heç bir hadisəyə laqeyd qalmırdı. 1995-ci ilin mart hadisələrində bir qrup ziyalı ilə Qazax, Ağstafa rayonlarına getmiş, “Cavanşir”də qərar tutan omonçu dəstə başçıları ilə söhbətlər aparmış, onları bu dəhşətli işdən çəkindirməyə çağırmışdı. Bölgənin ən ucqar yerlərində, dağ cığırlarında yaşayan əhali ilə tez-tez görüşür, onlardan maddi və mənəvi köməyini əsirgəmirdi. Əgər belə demək mümkünsə, o, özünün var-dövlətini bu müqəddəs işə sərf edir, bundan şərəf duyurdu.
Türkiyə Cümhuriyyəti, Rizə Universitetinin professoru Hüseyn Xəlilovun dediyi kimi: “…Vidadi Mehrəli oğlu bu etdiklərini etməyib, çoxlarının etdiyi kimi, biznesə yatırmış olsaydı, böyük bir biznes sahibi olardı. Amma, o, bunu etmədi, Qazax-Azərbaycan sevdasına çox paralar, zəhmət və əmək sərf etdi, buna da heç təəssüflənmədi. Bu da onun böyüklüyüdür, mən də onu, bu böyüklüyünün vurğunu olduğumdan çox sevirəm…”
Bu arada Azərbaycanda mesenatlığın daha geniş vüsət aldığı dövrə qısaca nəzər yetirmək də yerinə düşərdi. Həmin dövr XIX əsrin sonları XX əsrin əvvəllərinə təsadüf edir. Çar hökuməti ölkənin sosial-mədəni həyatında dəyişikliklər etmək məqsədilə bir sıra islahatlar həyata keçirirdi ki, onun da müsbət təsiri Azərbaycanda da hiss olunurdu. Belə ki, maarifçilik ideyalarının yayılması, savadsızlığın aradan qaldırılması, bir sıra sosial problemlərin həllinə kömək məqsədilə xeyriyyə cəmiyyətləri yaradılırdı. Bakıda ilk müsəlman xeyriyyə cəmiyyəti – “Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti”nin 1905-ci il oktyabrın 10-da fəaliyyətinə icazə verildi. Sonra qısaca olaraq “Nəşri-maarif” adlanan cəmiyyətin yaradıcısı görkəmli maarif xadimi Həsən bəy Zərdabi çox çətinliklər bahasına, Qafqazı şəhərbəşəhər, mahalbamahal gəzir, imkanlı, zəngin iş adamları ilə görüşür və söhbətlər edirdi, bir sözlə, cəmiyyətə üzv toplayırdı. O zaman cəmiyyətin ilk toplantısında xəstə halda belə iştirak edən H.Z.Tağıyev çıxış edərək demişdi: “Ey müsəlmanlar! Siz də bir xabi-qəflətdən oyanın, ətrafa nəzər ediniz! Axı biz nə vəqtəcən cahil olacağız? Özümü bu gün xoşbəxt hesab edib bu “Nəşri-maarif” cəmiyyətinə üç min manat bəzl ediyorum”. Bu sözlər iştirakçıların qəlbini kövrəltmişdi.
Vidadi müəllim gördüyü işlərin ictimai əhəmiyyətini yüksək dəyərləndirən bir ziyalıdır. Xeyriyyəçiliyi cəmiyyətdə mənəvi-psixoloji ab-havanın yaxşılaşmasına şərait yaradan, insanlar arasında münasibətləri humanistləşdirən, onların daha xeyirxah, səmimi və həssas olmasına kömək göstərən müsbət təsir kimi qiymətləndirən bu el ağsaqqalı cəmiyyətdə görülən xeyirxah işlərin dairəsinin genişlənməsinə, qarşılıqlı kömək və dəstək sisteminin yaradılmasına xidmət edir. Bu isə nəticədə insanların qarşılıqlı münasibətlərinə, onların ovqatına, sosial əhval-ruhiyyəsinə müsbət təsir göstərir. Onun fəaliyyətinin ən önəmli tərəflərindən biri də elə budur, mahalın ziyalılarını, vətəndə və kənarda yaşayanları yumruq kimi bir yerə yığa bilməsidir. Sayad Yolçuyevin dediyi kimi: “…Onun sayəsində qazaxlılar bu cəmiyyət ətrafında elə birləşib ki, artıq Qazağı bu cəmiyyətsiz təsəvvür etmək mümkün deyil”. Şair-publisist Fəridə Ləman yazır: “Vətən, Torpaq, Yurd təəssübkeşi, el ağsaqqalı, ağır-batman kişi – Vidadi müəllim, sözün əsl mənasında ziyalı, Qazax deyəndə, canını belə əsirgəməyən bir insandır. Qazax mahalı dünən də, bu gün də, sabah da Vidadi müəllim kimi oğullarına arxalanır”…
Vidadi Bayramovun dediklərindən: “Qazağa tez-tez gedirdik, hərdən sərhəd kəndlərində qalırdıq. Bir dəfə Daş Salahlı kəndində qaldıq. Kənd sovetinin sədri Sozalı, sovxozun direktoru Muxtar şikayətlənərək dedilər: “Əlimiz də yalındır, ayağımız da. Nə silahımız var, nə sursatımız, nə də maşınımız, cəmi bircə avtomatımız var. Düşmən qabağında silahsız, əliyalın dayanmaq olmaz. Daş Salahlı könüllülərindən ibarət hərbi dəstənin başçısı Hacıvəli dedi ki, bizə hərbi maşın lazımdır. Geri qayıdan kimi Bakı şəhəri Xətai rayon polis idarəsinin rəisi V.Kotova müraciət etdim: 5 avtomat, 3 min güllə aldım. Pulunu mənim kabinetimdə verib Qazağa göndərdim (153 min rus rublu ödədim). Daş Salahlılar üçün bir dənə də “QAZ-66” hərbi maşını təşkil etdik. Bir dəfə yenə Ağstafaya getmişdik, mən, Nəriman.Həsənzadə, Vidadi Babanlı, Teymur Bünyadov və s. Saloğlu, Böyük Kəsik hərbi hissələrində olduq, əsgərlərimizlə görüşdük, söhbət etdik, gətirdiyimiz siqareti, ərzağı onlara verdik. Ordan qayıdanda Poyluya gəldik. Qazax hərbi hissəsinin artilleriya batalyonu Poyluda yerləşirdi. Onun rəisi Maqsud Aşurov qradın olmamasından əziyyət çəkdiklərini dedi. Bakıya qayıdan kimi o vaxtkı leytenant Şmid, indiki Səttarxan adına zavodun direktorunu təcili yanıma çağırdım, dedim ki, Qazağa 5 ədəd qrad lazımdır. Narazı halda: “Vidadi müəllim, Müdafiə Nazirliyi var”… – dedi və istədi yenə nəsə desin, imkan vermədim. Dedim ki, sənə 2 ədəd “QAZ-31” verəcəm, biri qara, biri ağ rəngli (Mən onda “Azərmaş”ın baş direktoru idim, vəzifəmə görə respublika üçün bütün maşınları mən alırdım). Daha 10 hərbi maşın veriləcək (“QAZ-66”), 5-ni Qazax üçün, 5-ni Müdafiə Nazirliyi üçün yaz. Beləcə, Ağstafaya qrad göndərildi. Həmin ərəfələrdə Qazax rayon İcra Hakimiyyətinin başçısı Cavanşir Çarcıyev zəng vurub təcili 2 top lazım olduğunu dedi: biri 120 sm, digəri 8 sm. O vaxtkı B.Sərdarov adına zavodun direktoru Fazil müəllimlə əlaqə saxladım, lazımi tapşırıqlar verib lazım olan texnikanı ayırdım. Qəbələdən daha 1 ədəd Zenit qurğusu, 4 yeşik güllə alındı. Top qurğularını digər hərbi sursatlarla birlikdə Qazağa yolladıq. Zenit qurğusunu yerləşdirmək üçün isə “KAMAZ-555” markalı maşın, daha 10 ədəd “QAZ-66” da göndərildi”.
Bəli, Vətən, yurd üçün yanıb-tutuşan bu insanları heç nə qorxutmurdu, dəfələrlə ölümün pəncəsindən qurtulmalarına baxmayaraq öz xeyirxah əməllərindən əl çəkmirdilər. Hüseyn Xəlilovun xatirələrindən bir yarpaq: “1992-ci il may ayının əvvəlində yenə bölgələrimizdəki əsgərlərimizə və köçkünlərimizə yardım aparmışdıq. Mayın 1-də Qazaxda, 2-də Ağstafada olduq və rayonun Köhnə Qışlaq kəndinə, eləcə də bu kənddə yerləşən hərbi batalyona yardım apardıq. Kəndin açıq bir yerində rayon rəhbərliyinin, inzibati orqanların, əsgərlərin, kənd əhalisinin görüşü təşkil olunmuşdu (təxminən 150 adam). Birdən gurultu qopdu, başımıza qəlpələr yağmağa başladı. Sən demə, qonşu erməni Tatlısı kəndindən bizi görmüş və raket hədəfinə almışdılar. Xoşbəxtlikdən raket bizdən bir qədər aralıdakı dərəyə düşüb partlamış, yaxınlıqdakı uçuq divar bizi qəlpələrdən qorumuşdu, yəni, Allah saxlamışdı. Bir neçə dəqiqə sonra bizim toplar elə gurlamağa başladı ki, gəl görəsən. Gözlərimiz önündə “Hərb və Sülh” filmindəki mənzərəni kölgədə buraxan bir görüntü yarandı. Düşmən layiqli cavabını aldı”…
Vidadi müəllimin təşkilatçılıq bacarığı sayəsində Sumqayıt, Gəncə, Mingəçevir, Qazax, Qaradağda cəmiyyətin filialları yaradılıb, indi bu cəmiyyət qazaxlıları ətrafında birləşdirən ictimai bir təşkilata – ocağa çevrilib. Mahalın o qanlı-qadalı günlərində minlərlə qazaxlı qərargaha toplaşır, maddi və mənəvi yardımlarını əsirgəmirdilər. Silah, sursat, texnika – kimi gücü nəyə çatırdısa əsirgəmirdi. Hətta bəzən qərargah hərbi ştabı xatırladırdı. Qazağa, Ağstafaya nə lazım olurdusa, cəmiyyətə müraciət edirdilər. Ən çətin anlarda belə Vidadi müəllimin dilindən “Yox”, “Bacarmarıq”, “Çətindir” kəlmələri çıxmırdı. O, cəmiyyət üzvlərinə arxalanaraq yollar arayıb axtarır, çətinlikdən qorxmur, nə yolla olur-olsun, həmin iş həll edilirdi…
Vidadi müəllim sədrliyə gəlişi ilə cəmiyyətə yeni nəfəs, işgüzarlıq gətirmişdi. Onun rəhbərliyi ilə cəmiyyətin “Dəli Kür” qəzeti fəaliyyətini həm davam etdirdi, həm də məzmunca bir az da zənginləşdi və daha oxunaqlı oldu. Yeri gəlmişkən deyək ki, həmin dövrdə respublikanı, ümumən keçmiş sovetlər məkanını bürüyən iqtisadi çətinliklər xeyriyyə cəmiyyətlərinin də fəaliyyətinə öz acı təsirini göstərə bilmişdi. Belə ki, “Dəli Kür” qəzetinin nəşrində fasilələr yarandı, rayonlara gedişlərin sayı azaldı, yubiley tədbirlərini keçirmək sahəsində də bəzi sönüklük baş verdi. Fəqət bütün bu çətinliklər Qazax Xeyriyyə Cəmiyyətinin fəaliyyətini söndürə bilmədi, çünki ona xeyirxahlıq etmək, qurmaq, yaratmaq eşqi ilə yaşayan bir insan, Vidadi müəllim rəhbərlik edirdi…
Professor, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərovun da yazdığı kimi: “Vidadi müəllim böyük idarəçilik təcrübəsi olan, işgüzar, başladığı işi axıra çatdırmağı bacaran bir insandır. Həmin təcrübənin nəticəsidir ki, hər hansı məsələni ona geniş izah etməyə ehtiyac yoxdur, adamın üzünə baxanda bilir ki, dərdi nədir, nə demək istəyir. Allah Vidadi müəllimə çevik təfəkkür, həssas ürək verib – elə bir təfəkkür ki, ən mürəkkəb həyat hadisələrindən, münasibətlərdən əziyyət çəkmədən baş çıxarsın, elə bir ürək ki, hamının hiss-emosiya yükünü çəkə bilsin. Vidadi müəllimin bir üstünlüyü də ondadır ki, elədiyi xeyirxahlıq üçün təşəkkür gözləmir”…
Bu gün özünün səksən yaşını qeyd etməyə hazırlaşan Vidadi müəllim cəmiyyətə 25 il sədrlik edib. Zarafat deyil, bir igidin ömrü qədərdir. Sədrliyə gəldiyi ilk vaxtları tez-tez xatırlayır, hərdən kədərlənir, sevinir, bəzən qürur duyur. 42 yaşında böyük bir cəmiyyətin taleyini ona etibar etmişdilər axı! Vidadi müəllim deyir: “Mən bu cəmiyyət yarandığı gündən onun üzvüyəm, eloğlum Aslan Kəmərlinin çağırışına ilk qoşulanlardan biriyəm. Məsul dövlət vəzifəsində olsam da, cəmiyyətin bütün işlərində fəal iştirak edirdim. 1992-ci il oktyabrın 24-də Qazağın erməni işğalçılarına qarşı mübarizəsinin əsas təşkilatçılarından biri olan Aslan Kəmərlinin ölümündən sonra sədr seçildim. Sədr kimi ilk işim Azərbaycanın xalq şairi Mirvarid Dilbazinin 80 illik yubileyinin keçirilməsi oldu. Tədbir Dövlət Filarmoniyasında keçirildi, özü də çox möhtəşəm… Filarmoniyanın o zamankı direktoru: “Son 10 ildə burada belə əzəmətli tədbir keçirilməyib” – sözləri bütün tərəddüdlərimi yox etmişdi. Bundan sonra xeyli ürəkləndim: “Deyəsən, axı, bacara biləcəm” (Təvazökarlıqdan uzaq olsa da, deyəcəm, tədbirin bütün xərcini özüm çəkmişdim). Yaxşı yadımdadır, təzə sədr seçilən günlərin birində Qazaxdan zəng vurub dedilər ki, hərbi hissələrdə akkumulyator yoxluğundan heç bir texnika işləmir. Mənim təklifimlə İcra Hakimiyyətindən Nazirlər Kabinetinə rəsmi məktub göndərildi. Məktuba əsasən 42 ədəd akkumulyator alınıb Qazağa göndərildi. Bu işdə Bəhruz Əliyev mənə yaxından kömək etdi. Doğrudur, vətəndaşlıq borcu kimi görülən işlər barədə danışmaq o qədər də doğru deyil, elə dinimizdə də buyrulur ki, sağ əlin verdiyini sol əl bilməməlidir, ancaq bütün bunlar tarixdir, tarix isə doğru-düzgün yazılmalıdır. Biz o vaxtkı Bakı şəhər Baş Polis İdarəsinin rəisi Abdulla Allahverdiyevi necə xatırlamaya bilərik, hərbi hissələrə 3 maşın silah-sursat, paltar, ayaqqabı göndərmişdi. Buzovnadakı hərbi zavodun direktoru Məmməd Namazov əsgərlərimizi isti yeməklə təmin etmək məqsədilə çoxlu sayda 20-25 litrlik termoslar təşkil etmiş, polkovnik Tapdıq Osmanov erməni daşnaklarının yararsız hala saldığı xəstəxananı tam təmir etdirmiş, zavod direktoru Faiq Əfəndiyev, Rabitə Nazirinin müavini Omar Hüseynov, ayaqqabı fabrikinin direktoru Dursun Mustafayev, “Dəli Kür” restoranının müdiri Arif Əliyev, şirkət rəhbərləri Puşkin Əhmədov, Vidadi Dəmirçiyev və başqaları qaçqınlarımıza və əsgərlərimizə geyim əşyaları, ərzaq, silah-sursatla köməklik göstərmişdilər. Cəmiyyətimizin Qaradağ rayonu üzrə məsul işçiləri Səfər Rəhimov və Bəhruz Dilbazinin də xidmətlərini unutmaq olmaz. Hər kəs öz qiymətini almalıdır.
Bütün gördüyüm işlərin ən yaxşısı ilk sədrimiz, şair Aslan Kəmərlinin adını əbədiləşdirmək oldu. Kəmərli kənd məktəbinə onun adı verildi, heykəltaraş İbrahim Aşırlının düzəltdiyi heykəl adını daşıdığı məktəbin həyətinə qoyuldu. Düşünürəm, buna onun haqqı çatırdı…
Deyiləcək çox şeylər var. Mahalımıza, elimizə-obamıza nə etmişiksə, yenə azdır… İndi mənim işlərimi professor İlham Pirməmmədov davam etdirir, az vaxtda böyük işlər görüb, daha böyük işlər görəcəyinə isə inanıram. Biz hamımız ona kömək etməliyik.
Yeri gəlmişkən, bir şeyi də deyim. Bütün bu söylədiklərim gənc nəslə təəccüblü görünə bilər, sanki o dövrdə hamı silah alveri ilə məşğul imiş. Bilirsiniz, indi hər şeyə dövlət nəzarət edir, güclü ordumuz var. O vaxt belə deyildi axı. Hərc-mərclik baş alıb gedirdi. Nə isə… Yaşlı nəsil yaxşı xatırlayır.
Qazax Xeyriyyə Cəmiyyəti indi daha çox kütləvi tədbirlər keçirir, görkəmli şair və yazıçıların yubileylərini qeyd edir və s. İnanıram ki, tezliklə müharibəyə son qoyulacaq, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində işğal olunmuş torpaqlarımız azad ediləcək, ev-eşiyindən qovulmuş insanlar yurd-yuvalarına dönəcəklər…
O, çətin bir vəzifəni öz üzərinə götürmüşdü, həm əliyalın həmyerliləri, həm rayonda istintaq aparan SSRİ prokurorluğunun işçiləri, həm də rayondakı Sovet qoşunlarının, respublika hüquq-mühafizə orqanlarının rəhbərləri ilə dil tapıb, gözlənilmədən ortaya çıxan məsələlərin səbr və təmkinlə, uzaqgörənliklə həll edilməsinə nail olurdu. Hər kəsin öz dilində danışmağı bacarırdı Vidadi müəllim. Sözünün yerini bilirdi. Məhz bu keyfiyyətlər onu el-obasının sevimlisi etmişdir. Eloğluları haqlı olaraq onunla fəxr edir, qürur duyur, öyünür.
Tarixin əslində şəxsiyyət yaradıcılığının nəticəsi olduğunu, şəxsiyyətdən kənarda heç bir tarixin ola bilmədiyini söyləyən K.Yaspers yazırdı: “Tarix ayrı-ayrı adamların daim və təkidlə irəliyə doğru hərəkətidir. Onlar başqalarını da öz arxalarınca getməyə çağırır, onları eşidənlər və başa düşənlər bu hərəkata qoşulurlar”. Vidadi müəllim də tarix yaradanlardan biridir, ümumi amal uğrunda yüzləri öz arxasınca apara bilən şəxsiyyətdir… Onun şəfqətinə, mərhəmətinə sığınanların ümid qapısıdır…
“Ömür yaşayırsan, qağa, qeyrətlə”. Şair Zaməddin Ziyadoğlu məhəbbət dolu misralarla süslənən bu şeir parçasını el ağsaqqalına həsr edib:

Ürək döyüntündür sinəndə Qazax,
Sözün-söhbətindir dinəndə Qazax.
Odun-ocağındır, binən də Qazax,
Ömür yaşayırsan, qağa, şöhrətlə.

Yubiley məclisində dilləndir sazı,
Səsinə səs versin Kür, Qarayazı.
Ömür diləyirəm yüz il, ən azı,
Ömür yaşayırsan, qağa, qeyrətlə.

Yenə doğmaları, onu tanıyanlar, məsləkdaşları bir yerə toplaşıb ad gününü, ömrünün səksəninci baharını qeyd edəcək. Deyib-gülüb danışacaq, gördüyü işlərin dəyərindən, əhəmiyyətindən, xalq üçün gərəkliliyindən söz açacaqlar. Hə, axı insana sözünə görə deyil, gördüyü işlərə görə dəyər verilir… Görünən dağa bələdçi lazım olmadığı kimi, Vidadi müəllimin el-oba üçün etdiklərini də sadalamağa ehtiyac yoxdur, əməli də, işi də göz qabağındadır. Elədiyi xeyirxahlıq üçün heç kimsədən təşəkkür, minnətdarlıq gözləməyən bu el ağsaqqalı, müdrik insan bu dünyanın haqq-hesabının bu dünyada aparılmadığını da çox gözəl bilir. Odur ki, vaxtını boşa sərf etmədən işini görür, heç kəsdən öz köməyini əsirgəmir. Beləcə, illəri qova-qova yetmiş ilin tamamına yetişib. El qayğısı, el dərdi ilə yaşayan Vidadi müəllim bu dərdi yüklədiyi dəvə karvanının sarvanı kimi onu dayanmadan sonsuz səhrada 60-da, 70-də 80-da da necə çəkib aparıbsa, Tanrının izni ilə 90-da, 100-də də çəkəcək, öz xeyirxahlığında qalacaq, xeyriyyəilik işlərini davam etdirəcək, daha böyük miqyaslı işlər görməyə, xoş əməllərə doğru gedəcək…
Şair Mədət Məhbub demişkən:

Qanında torpağa vəfanın eşqi,
Canında o elin-obanın eşqi.
Yüz Mədət Məhbubtək cavanın eşqi
Qoca Vidadinin bircəsindədir…

Dos.Dr. Esmira Fuad

Vidadi müəllimi yubileyi münasibəti ilə Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri, Qazax Xeyriyyə Cəmiyyətinin idarə heyyətinin üzvü Məlahət Qurbanova başda olmaqla, Yeniçağ media qrupunun baş direktoru Aqil Ələsgər, İnterpress.az saytının rəhbəri Toğrul Allahverdili, Vətəninfo.az saytının rəhbəri,Qarabağ qazisi, Prezident mükafatçısı Nahid Canbaxışlı təbrik edir, dəyərli Vidadi müəllimə uzun ömür can sağlığı arzu edirik