Avropa İttifaqının qərəzi özünə zərər vurur – Tənzilə Rüstəmxanlıbackend

Avropa İttifaqının qərəzi özünə zərər vurur – Tənzilə Rüstəmxanlı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnaməsi heç bir tarixi və demokratik prinsiplərə söykənməyən qərəzli bir münasibətdir”. Bu fikiri Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı söyləyib.

O bildirib ki, bu qətnamə tam əsassız və bütövlükdə ermənipərəst mövqedən qəbul olunub:

“Bir milyondan çox azərbaycanlı evlərindən qovuldu, Ermənistan etnik təmizləmə həyata keçirdi. Bundan başqa, Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal etdi, amma belə kəskin qətnamələr Ermənistana qarşı qəbul olunmadı”.

Milli Məclisin üzvü Avropa İttifaqının özündə həm insan haqları, həm də dini tolerantlıq sahəsində böyük problemlərin olduğunu diqqətə çatdıraraq, bu quruma daxil olan ölkələrdə antisemit, islamofob və irqçi elementlərin olduğu hadisələrin kütləvi hal aldığını deyib.

Avropa Parlamentinin qəbul etdiyi qətnamənin yalnız müəyyən anti-Azərbaycan qüvvələrinin təzyiq vasitəsi olduğunu bildirən T.Rüstəmxanlı qeyd edib ki,, bu sənəd beynəlxalq hüququn prinsiplərini əks etdirmir:

“Azərbaycan qeyri-adi bir iş görməyib. Ölkəmiz sadəcə BMT TŞ-nin qətnamələrini icra edib. Qəbul etdikləri qətnamədə beynəlxalq hüququn pozulmasından danışan avropalı parlamentarilər 30 ildə bir milyon azərbaycanlının pozulmuş hüquqlarından niyə danışmadı? Ermənistanın silahlandırılmasına dəstək ifadə olunması, bölgədə revanşist meyillərin dəstəklənməsi, yenidən münaqişəni alovlandırmağa təşviq etməsi kimi təhlükəli təkliflər var. Sülh və sabitliyə çağırmalı olan bir qurumun belə mövqe sərgiləməsi dərin təəssüf doğurur”.

Xanım deputat onu da əlavə edib ki, bu kimi qərəzli münasibət Avropa İttifaqının maraqlarına ziddir:

“Bu gün Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində yeganə alternativdir. Avropa Parlamenti Avropa İttifaqının enerji təhlükəsizliyinə kökündən balta vurmağına və enerji böhranının daha da dərinləşdirilməsinə çalışır. Təbii ki, bu məsələlər Avropa İttifaqı üçün yaxşı heç nə vəd etmir”.

İnterpress.az