İnterpress.az xəbər verir ki, bu il Osmanlı dövlətinin son böyük zəfəri olan “Çanaqqala savaşı”nın 100 illiyi qeyd olunur. Türk əsgərlərinin yazdığı qəhrəmanlıq dastanına baxmayaraq, Türkiyə 1-ci dünya müharibəsində məğlub hesab edilib və məğlub ölkə münasibəti görüb. Bu rəftarın nəticələri də ağır olub.
Uzun illər Avropadan Avstraliyaya qədər Çanaqqala xatirələrinin izini araşdıran tədqiqatçı-yazar Bəsri Emin Südlü yeni çapdan çıxan “Xatirələrlə Çanaqqala” kitabında maraqlı faktlara yer verib.
Dinamitlə partlatdıb hədiyyə göndərdilər
Onun yazdığına görə, 1916-cı ildə Şühəda təpəsində ucaldılan “Kanlısırt” abidəsi və “Seddülbahir Firar Xatirəsi”nin olduğu yer, yəni Gelibolu yarımadası Mondros və Lozan müqaviləsi ilə ingilis rəhbərliyinə əmanət edilib. Beləcə, rahatlıqla yarımadaya girən ingilislərin ilk işi abidəni dinamitlə partlatmaq olub. Bununla kifayətlənməyən düşmən dinamitlə partladılan abidələrin qalıqlarını ölkələrinə yeni il hədiyyəsi olaraq göndəriblər.
İngilislər döyüşdəki məğlubiyyətin acığını sanki abidələrdən çıxırmış kimi “Kanlısırt”, “Çataldere”, “Arıburnu” və “Seddülbahir Firar” abidələrini dağıdıblar.
Qanlı təpəni kim ucaldıb?
Kitabda yer alan məlumata görə, 1915-ci ilin avqust ayında Anzaklar tərəfindən Suvla Körfəzindən “Kanlısırt”a edilən hücum güclü toqquşma ilə nəticələnib. Mövqeyi vermək istəməyən türk əsgərləri sinəsini sipər edib. 2 min şəhid və 5 minə yaxın qazinin olduğu savaşda “Kanlısırt” həqiqətən də qanlı təpəyə çevrilib. Suvla Körfəzi hücumundan da bir nəticə ala bilməyən Antanta qüvvələri Çanaqqalanı əldə edə bilməyəcəyini anlayaraq 1916-cı ilin yanvar ayında yarımadanı tərk edib. “Kanlısırt”dakı bu müdhiş qəhrəmanlığın xatirəsinə türk əsgərləri tərəfindən sanki “Minlərlə yoldaşımızı burada şəhid verdik, amma düşməni buradan irəliyə keçirmədik” deyərək “Kanlısırt” Şəhidlər Abidəsi ucaldılıb.
“Kanlısırt” Şəhidlər Abidəsinin fotoşəkli isə Avstraliya arxivlərindən çıxıb. 1919-ci ildə, aralarında məşhur Charles Beanın da olduğu Avstraliya Tarix Komissiyası Gelibolu yarımadasında olduqca maraqlı bir iş görüb. “Kanlısırt” Şəhidlər Abidəsinin ortaya çıxan bu fotoşəkili də bu komissiya tərəfindən çəkilib.
Əllərində kəllə olan əsgərlər
“Kanlısırt” abidəsinin daha bir fotoşəkli var. Əllərində kəllələr ilə şəkil çəkdirən əsgərlər 1920-ci ildə abidə hələ dağıdılmadan əvvəl bölgəni ziyarətə gələn ingilis və Avstraliyalı dənizçilərdir. İşin maraqlı tərəfi isə ingilis əsgərlərin əlində olan kəllələrin kimə aid olduğudur. (Dəqiq məlumat yoxdur, amma kəllələrin türk əsgərlərinə aid olduğu bildirilir.)
Fotoşəkildə göründüyü kimi abidənin yerində bu gün boş bir sahə var. Abidə elə məhv edilib ki, ondan əsər-əlamət qalmayıb.
“Seddülbahir Firar” abidəsi
Dağıdılan başqa abidə isə “Seddülbahir Firar” dır. Abidənin fotosu alman kolleksioneri Günter Hartnagelin arxivindən çıxıb. Abidənin fotoşəkilini isə onu dağıtmazdan əvvəl ingilislər və fransızlar çəkib. Bu abidə isə ingilis və fransızların yarımadadan qaçmalarının şərəfinə ucaldılıb. “Abidəni təkrar ucaltmaq şəhidlərə olan bir borc deyilmi?” sualını verən tədqiqatçı-yazar Bəsri Emin Südlü “Xilas olan iki abidə “Mehmet Çavuş Anıtı” və “Əhəng təpə Jandarma Anıtı”dır. Çox güman ki, o da cəbhəyə uzaq və ucqar bir nöqtədə olduğu üçün diqqətdən yayına bilib. Bundan əlavə Gelibolu yarımadası yenidən abadlaşdırılıb, hər il yeni şəhidliklər inşa edilərkən, belə əhəmiyyətli bir abidənin təkrar ucaldılması lazım deyilmi? “Kanlısırt” abidəsini qanlarıyla sulayan, sinəsini vətən üçün sipər edən minlərlə şəhidimizin xatirəsi olan bu abidə təkrar onu ucaldılacaq vəfalı əlləri gözləyir” deyə yazısını tamamlayıb.
İnterpress.az