Türkiyə və Afrika ölkələrindən jurnalistlər hərbi media hazırlığını tamamlayıb. Təlim ekstremal şəraitdə işləməyə fokuslanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Türkiyədən və doqquz Afrika ölkəsindən gələn jurnalistlər “Anadolu”nun Polis Akademiyası və TİKA ilə birlikdə təşkil etdiyi 28-ci “Hərbi jurnalistika üzrə mütəxəssis” hazırlıq kursunu uğurla başa vurub.
Kursda Anadolu agentliyinin 9 əməkdaşı, eləcə də Cibuti, Tunis, Seneqal, Niger, Kamerun, Konqo Demokratik Respublikası, Gabon, Qvineya və Çaddan olan 15 xarici müxbir iştirak edib.
Təlim proqramı həm nəzəri, həm də praktiki modulları əhatə edib. Jurnalistlər müharibə, yanğın, daşqın, zəlzələ və genişmiqyaslı iğtişaşlar kimi ekstremal şəraitdə işləmək qaydalarını, təhlükəsizlik prinsiplərini, operativ informasiya toplama metodlarını öyrəniblər.
Bu hazırlıq kursu münaqişə zonalarında çalışan media nümayəndələrinin təhlükəsizliyini artırmaq, həmçinin qlobal xəbər axınında daha peşəkar əməkdaşlıq qurmaq məqsədi daşıyır.
Xuraman Etibarlı
İnterpress.az






