“İnsanları ucdantutma məhkəməyə verməklə banklar nəyə nail olmaq istəyirlər?”backend

“İnsanları ucdantutma məhkəməyə verməklə banklar nəyə nail olmaq istəyirlər?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qeyd edək ki, millət vəkilinin Bakı Şəhər İcra Hakimiyyətinin yarıtmaz fəaliyyəti ilə bağlı suala cavabını dünən oxuculara təqdim etmişdik. Həmin cavabı bu linkdən oxumaq olar—moderator.az/news/129247.html

-Bakı Şəhər İcra Hakimiyyətinin bu cür yarıtmaz fəaliyyəti barədə aprelin 5-də Milli Məclisin plenar iclasında məsələ qaldırmaq fikriniz varmı?

-Yox, ondan da vacib məsələlər var ki, imkan olsa onları səsləndirməyi düşünürəm. Ölkənin milli iqtisadiyyatında çoxsaylı problemlər var. Bank sistemində insanlarımızı narahat edən problemlər qalmaqdadır və bu problemlər həllini tapmasa çox çətin olacaq.

-Vahid müəllim, bir müddət öncə bir məsələ qaldırmışdınız ki, ölkənin bütün kommersiya banklarının rəhbərləri Milli Məclisə dəvət olunmalı və onlarla bank faizlərinin azaldılması, şərtlərin yumşaldılması, borclulara hansı yollarla güzəştə gedilməsi üçün ciddi müzakirələrin aparılması üçün təklif səsləndirmişdiniz. Amma bir nəticə olmadı.

-Bu təklif bu gün də öz aktuallığını saxlayır. Açığı, mən bir şeyi anlaya bilmirəm. Özü də mən bu məsələni həm Milli Məclisin plenar iclasında, həm də komitə iclaslarında bir neçə dəfə qaldırmışam. Amma çox təəssüf ki, elə bil bank sistemindən müəyyən qədər çəkinirlər. Komitənin sədri də bu barədə bilir və bildirmişəm ki, gəlin bankların rəhbərlərini parlamentə dəvət edək, bu sahədəki mövcud durumu təhlil edərək mümkün olan məsələləri yubanmadan həll edək. Təbii, mən iddia etmirəm ki, bank rəhbərlərini çağırıb onlara hansısa tələblərlə çıxış edək. Heç kimə sirr deyil ki, iki devalvasiyadan sonra əhali ilə yanaşı bankların da xeyli problemi yaranıb. Amma bu cür yanaşma ilə nə borcalanın, nə borcverənin problemini həll etmək mümkün olmayacaq. Eyni zamanda Mərkəzi Bankın rəhbərliyi Milli Məclis tərəfindən təyin edildiyindən bank sisteminin problemlərinin aradan qaldırılması təşəbbüsləri məhz parlamentdən gəlməlidir. Aprelin 5-dəki plenar iclasda da mən bu məsələyə bir daha toxunacam. Çünki mənə çoxsaylı müraciətlər olub və əhali ciddi narahatçılıq keçirir bank faizlərinin ödənilməsində yaranmış problemlərlə bağlı. Mən bu qənaətdəyəm ki, Milli Məclisin heç olmasa iqtisadi siyasət komitəsi bank rəhbərləri ilə üz-üzə oturub bu məsələni geniş müzakirə etməsə vəziyyətdə dönüş olmayacaq.

-Həmin görüş baş tutsa bank rəhbərlərinə verəcəyiniz sual və təklif nə olacaq?

– Soruşacam ki, iki devalvasiyadan qabaq ölkədə məntiqə sığmayan və ağır şərtlərlə bank kreditlərinin verilməsinin səbəblərini inandırıcı sübutlarla ortaya qoysunlar və həmin müddət ərzində qazandıqlarının indi hansı hissəsini güzəştə getməyə hazır olduqlarını etiraf etsinlər. Çünki hər şey ondan başladı ki, yüksək bank kreditləri əhalini, iş adamlarını bank qapılarında qoydu. Hətta devalvasiyadan qabaq da əhali bu faizlərin ağır şərtləri altında əziyyət çəkirdi və problemli kreditlərin həcmi milyardı keçmişdi. İndi isə milyard yarım həddindədir. Amma axı biz bu sahədəki baş verənləri kifayət qədər bilirik. Həm Mərkəzi Bank kommersiya banklarına həmişə aşağı faizlə pul verib, həm də xaricdən alınan vəsaitlər çox aşağı faizlə olub, bu azmış kimi əmanətlərin də faizi həmişə əhalidən daha çox bankların xeyrinə işləyib. Belə olan halda o boyda kredit faizi ilə əhalini bu duruma salmağa dəyərdimi? Bu sualın ağılabatan cavabı verilməsə, deməli problemin də həlli olmayacaq. İndi təsəvvür edin ki, devalvasiyadan sonra şərtləri daha da ağırlaşdırıblar. Nə ipoteka krediti əhali üçün əlçatan olub, nə istehlak və sahibkarlıq fəaliyyəti üçün olan kreditlər. Deməyim odur ki, bank rəhbərlərinə veriləcək suallar çoxdur və mən hesab edirəm ki, belə bir görüş hökmən olacaq, bunun ayrı yolu yoxdur. Düşünürəm ki, aprel-may aylarında bu görüşü təşkil etmək lazımdır.

-Əhalini pərt və daha doğrusu umsuq edən bir məsələ də vaxtilə devalvasiya şokunda olan cəmiyyətdəki çaxnaşmanı aradan qaldırmaq üçün Milli Məclisin sədri Oqtay Əsədovun verdiyi o məhşur sözün sonradan unudulması oldu. Hansı ki, həmin iclasda spiker hamını sakitləşdirərək dedi ki, narahat olmayın, bir neçə günə məsələ həllini tapacaq, hətta sizin də adınızı çəkdi ki, müxtəlif təkliflərə baxılır, ən münasib təklif də Vahid Əhmədovun verdiyi təklifdir. Amma hamının sevincini Samir Şərifovun “dövlət xeyriyyə cəmiyyəti deyil” açıqlaması gözündə qoydu…

-Doğru deyirsiniz, həmin iclasda parlamentin sədri cənab Oqtay Əsədov o məsələyə toxundu və problemin tezliklə həllini tapacağını dedi. Təbii ki, o da müəyyən arqumentlərə əsaslanaraq belə bir fikir səsləndirmişdi. Çünki o da iqtisadçıdır və bu məsələləri də çox gözəl anlayır ki, nəyi necə etmək doğru olardı. Eyni zamanda o düz deyirdi və bu istiqamətdə müzakirələr də, razılaşmalar da vardı. Amma sonradan hökumətin iqtisadi bloku bu razılaşmaların arxasından qaçdı və nəticədə verilən sözlər yerinə yetirilmədi. Bundan əlavə mən Samir Şərifovun o ritorikasını qəbul etmədim və belə bir həssas dönəmdə dövlət xeyriyyə cəmiyyəti deyil açıqlaması doğru deyildi. Təbii ki, xeyriyyə cəmiyyəti deyil, amma cənab prezident də dəfələrlə deyib ki, dövlət xalq üçündür və biz hamımız xalqın xidmətçiləriyik. Əgər bu xalq çətin dönəm yaşayırsa hökumət qısa zaman kəsiyində də olmuş olsa xeyriyyə cəmiyyəti funksiyasını daşımağı öz öhdəsinə götürməyə borclu idi. Amma nədənsə hökumət kommersiya banklarına qarşı bir qədər ehtiyatlı addım atdı və əhalinin narazılığına səbəb oldu. Yadınızdadırsa hələ 2008-2009-cu illərdə dünyadakı qlobal maliyyə böhranı baş qaldıranda cənab prezident göstəriş vermişdi ki, xaricdəki vəsaitlərimizdən bir neçə milayrd gətirib banklara aşağı fazilə verilsin ki, onlar da əhaliyə əlçatan kreditlər versinlər. Amma prezidentin bu göstərişi qulaqardına vuruldu. O vaxt bu tapşırığa əməl edilsəydi ölkənin bank sektorunda belə acınacaqlı vəziyyət yaranmazdı. Hələ bu günədək bu suala kimsə bir inandırıcı cavab verə bilmədi ki, nədən belə addım atıldı və prezidentin tapşırığna əməl edilmədi.

-Siz deyirsiniz ki, sanki hökumət banklara nəsə deməyə qorxur. Axı bu ölkədə kim bilmir ki, o banklar kimindir və onların səhmdarları da kimdir, idarəedənləri də. Niyə o məsələni bircə gecənin içində həll etmirlər?

-Haqlısınız. Biz neçə dəfələrlə demişik ki, bank sistemində kosmetik deyil, köklü islahatlar aparılmalıdır. Biz az qala hər məmura yaxın bir bank yaratmaqla bütövlükdə bank sistemində heç nəyə nail ola bilmədik. Əksinə, sistemdə çeşidli problemlər yaratdıq. Təbii ki, bankların bağlanması çıxış yolu deyil, banklar birləşərək daha iri banklara çevrilməli, bundan başqa əlavə resurslar cəlb edilərək kredit faizləri ən azı iki dəfə aşağı salınmalıdıər. Yalnız bundan sonra bank sisteminə inamı bərpa etmək mümkün ola bilər.

-Son vaxtlar problemlərin üzərinə biri də əlavə olunub. Məhkəmlər ucdantutma kredit borcu olabları məhşər ayağına çəkir və nəinki borcalanın, hətta ona zamin duranın da məsuliyyətə cəlb olunması, yaxud maaşından, təqaüdündən tutulmalar baş verir. Bu da cəmiyyətdə növbəti gərginlik dalğasına rəvac verir. Məgər hökumət bunun hara apardığını görmürmü?

-Mən məhkəmləri başa düşə bilmirəm. Axı banklara tövsiyyə olunub ki, əgər insanlar o kreditləri qaytara bilmirlərsə onlara müəyyən müddət bu stresdən çıxmağa vaxt versinlər, sonra vaxtı uzatsınlar ki, insanlar özlərinə gələrək bu pulları ödəyə bilsinlər. İnsanları ucdantutma məhkəməyə verməklə banklar nəyə nail olmaq istəyirlər? Məhkəmələr də sanki bankların ilhamvericiləri kimi davranmağa başlayaraq bir qayda olaraq borcalanın əleyhinə qərarlar verirlər. (moderator.az)

İnterpress.az