Dayanacaq dəyişdiriləndə, avtobuslar niyə dəyişdirilib?
Yol boyu sakinlərlə apardığımız söhbət zamanı məlum oldu ki, sən demə, 173 saylı xətt üzrə hərəkət edən avtobusların sonuncu dayanacağı metronun “Q.Qarayev” stansiyası olub. Amma bu, rəhbərlik tərəfindən dəyişdirilərək, “Ulduz” metrostansiyası ilə əvəzlənib. Buna etriraz edən sürücülərdən bir çoxu ya işləməkdən imtina edib, ya da rəhbərlik tərəfindən işdən uzaqlaşdırılıb. Sonradan isə, dayanacaq “Koroğlu” metro stansiyası ilə əvəzlənib. Sakinləri narahat edən bir məqam da odur ki, sonuncu dayanacaq dəyişdirilərkən avtobuslar da dəyişdirilib. Onların bildirdiyinə görə, indi avtobuslar arasındaki interval da uzadılıb ki, bu da onlar üçün heç də sərf etmir.
Zabratlılar öz marşurutlarına minsin…
Elə qəsəbə sakini Vahid Allahverdiyev də olanlardan narazıdır: “Axşamüstü avtobusda elə sıxlıq olur ki, qəsəbə sakinlərinin çoxu minə bilmir. Bu yandan da Zabrat sakinləri sıxlıq yaradırlar. Onlara nə qədər deyirik ki, avtobus Zabratdan keçən də nə olar, bizi də başa düşün də. Zabratın öz marşrut avtobusları var axı. Gedib ona minsinlər. Onlar isə bizim bu etriazımla heç cür razılaşmırlar”.
“Ağ ev”in işıqlarını kim söndürür?
Jurnalist olduğumuzu bilən sakinlərin dərdi açılır və başlayırlar giley-güzara. Qəsəbinin girişində “Ağ ev” kimi tanınan küçədə yaşayan sakinlərdən bir neçəsi gecələr işıqlarının yanmamasından şikayətlənirlər: “Axşam olan kimi işığımızı söndürürlər və səhər saat 5:00 radələrində yandırırlar. Və hətta işığın belə tez-tez yanıb sönməsi evimizdə olan soyuducunu, televizoru, paltaryuyan maşınını sıradan çıxarır. Dəfələrlə müraciət etmişik, amma hər dəfə müxtəlif cavab almışıq”.
Maraqlı olan odur ki, sakinlərin bildirdiyinə görə, bu küçəyə elektrik enerjisi Sumqayıt şəhər elektrik stansiyası tərəfindən verildiyindən, gecə vaxtı qəsəbənin başqa yerlərində elektrik enerjisi olduğu bir vaxtda, onların küçəsi qaranlığa qərq olur. Sakinlər hətta bəzi sakinlərdə əlavə gizli xətlərin olduğunu bildirdilər. Təbii ki, bu da sakinlər tərəfindən deyilənlərdir və bunu araşdırmaq bizim yox, qəsəbənin elektrik enerjisinə nəzarət edən nəzarətçilərin işidir.
Qaş düzəltikləri yerdə vurub gözü də çıxartdılar…
Qəsəbəyə çatırıq və elə dayanacaqda düşüb sakinlərin narazı olduqları “Yeni yaşayış” massivinə getmək üçün bir az piyada getməli oluruq. Qəsəbinin mərkəzi yolunun yeni təmirdən çıxmış dördzolaqlı yolu heç də olanlara əsas vermir. Amma görünür, fikrimizdə yanılmışıq. Yolun sol tərəfində yerləşən “Yaşayış massivi”nə yaxınlaşdıqda adam təəccüblənməyə bilmir. Yolda yağış sularından yaranmış böyük gölməçələr palçıq olduğundan bizim ayağımızdaki ayaqqabıyla əraziyə daxil olmağımız mümkünsüz olur.
Sakinlər öz aralarında pul toplayıb yolu təmir ediblər amma…
Sakinlərdən xahiş edirik ki, əraziyə baxış keçirməyimiz mütləqdi və bunun üçün bizə yardımçı olsunlar. Əvvəl istəyirlər ki, bizim əraziyə baxış keçirib şəkil çəkməyimiz üçün maşın versinlər. Sonra məlum olur ki, bir neçə metrdən sonra maşın da yolda bata bilər. Və qərara gəlirik ki, ayağımıza geyinməyə rezin çəkmə gətirsinlər. Sakinlər bizi rezin çəkmə ilə təmin edib, bizimlə birlikdə “Yeni yaşayış” massivinin küçələrinə baxış keçirərək, şəkillərini çəkirik. Sakinlər bildirir ki, əslində bu yol elə də bərbad deyilmiş. Düzdür, bu massivə pənah gətirənlər əsasən Füzuli, Tovuz, Cəlilabad, Astara və respublikanın digər bölgələrindən olan sakinlərlə yanaşı, Kürdəxanı qəsəbə sakinləri də burada ev tikərək yaşamağa başlayıblar. Sakinlərin bildirdiyinə görə, yolu əvvəllər palçıq olduğundan öz aralarında pul toplayaraq yolu az da olsa təmir edə biliblər.
Qaş üzəltdikləri yerdə vurub göz də çıxarıblar…
Amma “AZƏRSU” ASC tərəfindən əraziyə su xətləri çəkiləndə yollarda aparılan qazıntı işləri zamanı ağır texnikaların hərəkəti yolları bərbad vəziyyətə salıb.
Xatırladaq ki, bu su xətlərini “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) çəkir. Ötən ilin may ayında başlanmış su sisteminin çəkilişi artıq yekunlaşıb. Koreya hökumətinin ayırdığı 26 milyon dollar qrant hesabına həyata keçirilən layihəyə əsasən Kürdəxanı qəsəbəsində müxtəlif diametrli polietilen borularla 90 km-ə yaxın içməli su xətti çəkilməli, 3600-dən çox ünvana birləşmə verilməli və hər bir abunəçi sayğacla təmin olunmalıdır.
Burada sağ qalmağın özü də möcüzədir…
Bu sözləri deyən Vasif Əlifağayev isə bildirir ki, “bu yaxınlarda anam bizə qonaq gəlmişdi. Anam həm şəkərdən və həm də təzyiqdən əziyyət çəkir. Gecə qəflətən halı dəyişdi. Təcili tibbi yardım çağırdım. Amma təcili tibbi yardım maşını küçənin o biri başında, yəni küçənin girişində dayanaraq, sürücü əraziyə girə bilməyəcəyini bildirdi. Əslində, onları qınamıram, burada ağır texnikalar batıb qalır, qaldı ki, təcili tibbi yardım maşını ola. Burada sağ qalmağın özü də möcüzədir, vallah, yoxsa biz neyləyərik?”
Evimdən oğurluq etdilər…
Füzuli rayonundan məcburi köçkün və özünü Ceyhun kimi təqdim edən qəsəbə sakini buranın qışda daha dözülməz vəziyyət aldığını deyib: “Bu hələ noyabrda yağan yağışdır. Bir az yağan yağışdan bu günə düşən yolları hələ qışda görəsiniz. Mən balalarımın boğazından kəsib məcbur olub evimin yanını özüm düzəltdim. Neynəyim, qışda bura elə bil Lerikin hansısa ucqar kəndidir. Mənim heç ağlıma batmır ki, kimsə gəlib bizə yol düzəldə. Gərək sakinlər özləri öz başlarına çarə qılsınlar. Burada oğurluq hadisəsinə demək olar ki, sakinlər öyrəncəlidir. Bir dəfə evdə olmayanda pəncərəmi sındırıb evimdən xeyli sayda ev əşyalarını oğurlamışdılar. Amma oğruların kimliyini məlum edə bilmədik”.
Yolları kim düzəltməlidir?
20 oktyabr 2014-cü ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Dəyişikliklərə əsasən, sərəncamın 3.3-cü bəndi aşağıdakı redaksiyada verilir:
“Bakı şəhəri istisna olmaqla, ölkənin digər şəhərlərində və rayon mərkəzlərində şəhər avtomobil yollarının müvafiq yerli icra hakimiyyəti orqanlarının balansına, şəhərlərin və rayon mərkəzlərinin məhəllədaxili yollarının, habelə kənd və qəsəbələrin ərazisində yerləşən küçələrin, keçidlərin, ictimai nəqliyyat xətlərinin, digər yolların və yol qurğularının isə müvafiq bələdiyyələrin balansına verilməsini təmin etsin”.
Sakinlərlə sağollaşıb qəsəbədən şəhərə qayıdırıq. Ümid edirik ki, adı çəkilən problemlər öz həllini tapar.