Allahın evi hansı halda sökülə bilər?backend

Allahın evi hansı halda sökülə bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qeyd edək ki, məscid binası şəhər infrastrukturunun genişmiqyaslı yenidənqurması və yeni yolların tikintisi gedən zonada yerləşdiyindən plana düşüb. Ancaq dindarlar məscidin həyətində toplaşaraq söküntüyə icazə verməyiblər. Məscidin sökülməsinə etiraz edən dindarlar Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşəcəklərini deyiblər. Bütün gecəni məsciddə keçirdiklərini deyən etirazçılardan biri, Kənan Əzizov \”BBC Azərbaycan”a hazırda ərazidə sakitlik olduğunu deyib. \”Şeyxülislamla görüşün müsbət həllinə ümid edirik”, o əlavə edib.

Bu məsələ iki gündür ki, mətbuatda və sosial şəbəkələrdə müzakirə olunur. İnsanları narahat edən digər bir məqam odur ki, İslam Oyunları ərəfəsində belə bir gərginliyin yaranması yaxşı hal deyil. Cəmiyyətin ən həssas kəsimi olan dindarların məscid sökülməsi kimi ciddi bir məsələ ilə narazı salınması beynəlxalq tədbir ərəfəsində Azərbaycanın imici üçün də xoş hadisə deyil.

İnterpress.az xəbər verir ki, \”Yeni Müsavat” ictimai xadimlərin və dini ekspertlərin bu məsələ ilə bağlı mövqeyini öyrənib.

Dini məsələlər üzrə ekspert Kənan Rövşənoğlu bildirib ki, məscid sökülə bilər, lakin əvəzində mütləq yenisi tikilməlidir: \”İslamın ilk illərində Mədinədə də məscid sökülüb. Yəni məscidlər sökülməyəcək deyə bir hökm yoxdur. Məscid səcdə olunan yer anlamındadır, yəni insanlar ora yığışıb Allaha ibadət edirlər. Amma məqsədindən kənarda, mənfi niyyətlərə xidmət edirsə, eləcə də yol çəkilişi və ya infrastruktur yenilənməsi zamanı məscid sökülə bilər. Təbii ki, bu zaman yenisi, daha münasib, uyğun yerdə tikilməlidir. Məscid camaatından hallallıq alınması deyə bir qayda yoxdur, insanlara ibadət edəcəyi yeri vermək lazımdır”.

ADP sədri Sərdar Cəlaloğlu isə birmənalı şəkildə bildirib ki, Allahın evi sayılan məscidlərin sökülməsindən söhbət belə gedə bilməz: \”Məscidlərin sökülməsi və ya yolunun bağlanması ən böyük günahdır. Nə ad qoyurlarsa qoysunlar, bu yolverilməzdir. Nə park salmaq, nə yol salmaq buna bəraət qazandıra bilməz. Parkın ortasında məscidin olmasının heç kimə ziyanı yoxdur. Oranı gələcəkdə dini muzey də eləmək olar. Amma məscid sökmək İslam cəmiyyəti üçün ən böyük günahlardan biridir. Mən Almaniyada balaca biz məscid görmüşəm. Magistral yol çəkiblər və yol gəlib balaca bir məsciddə dayanıb. Çox kiçik məsciddir. Eni-uzunu təxminən 3 metrdir. Kiçik bir günbəzi də var. Almaniyadan Fransaya gedən yolu ayırıblar, o məscid qalıb iki yolun arasında, ona əl vurmayıblar. Dində məscidlərin sökülməsi ilə bağlı heç bir istisna yoxdur. Dünyada ən xeyirli əməl ibadətdir. Ona görə də başqa heç bir xeyirli şey Allahın evinin sökülməsinə icazə verilməsinə əsas ola bilməz”.

Milli Məclisin deputatı Fazil Mustafa da bildirib ki, abadlıq məqsədilə hər hansı məscid sökülə bilər və əvəzində daha yaxşısının inşa edilməsi məqsədəuyğun olar: \”Azərbaycanda məscidlərin müəyyən bir hissəsi dindarlara xidmət edən məscidlər deyil. Böyük məscidlər, camelər var, onlar başqa… Ancaq ayrı-ayrı yerlərdə kimlərsə kiçik formatda 5-10 adamın toplaşması üçün məscid tikibsə, bu məscidlərin köçürülməsi məsələsi gündəmə gələ bilər. Orada abadlıq işləri gedirsə, hər hansı şəkildə onun saxlanması əvəzinə, yenisinin daha yaxşı formada tikilməsi daha yaxşı olmazmı? Hökumət rəsmilərindən də açıqlama verildi ki, yeni bir yer ayrılsın, həmin yerdə məscid tikintisinə başlanılsın, ondan sonra bu məscid sökülsün. Burada məsələyə abadlıq nöqteyi-nəzərindən baxmaq lazımdır. Kimlərsə, bunu siyasiləşdirib dinə qarşı təzyiq kimi qiymətləndirirsə, bu ədalətsizlik olar. Çünki dövlət özü məscidlərin tikintisini, təmirini maliyyələşdirir. Dövlətin dinlə bağlı bir probleminin olması görünmür ki, hansısa məscid tikintisini qadağan eləsin. Əgər bu icmanın üzvləri çoxdursa, onlar müraciət edə bilərlər, bələdiyyə və ya dövlət tərəfindən yer ayrılar, orada məscid tikilər və məsələ öz həllini tapar. Bunu siyasiləşdirməyin bir anlamı yoxdur”.

İnterpress.az