“Azəriqaz” düşmənlə sərhəddə yerləşən kəndlərimizin boşalmasında niyə maraqlıdı?backend

“Azəriqaz” düşmənlə sərhəddə yerləşən kəndlərimizin boşalmasında niyə maraqlıdı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gədəbəyin Ermənistanla sərhəd ərazidəki Şinıx bölgəsində qazlaşdırmadan kənarda qalmış 20-ə yaxın kəndinə qaz çəkilməyəcək”.

İnterpress.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev sentyabrın 23-də keçirdiyi mətbuat konfransında deyib.

O, bunun səbəbini həmin kəndlərin “dağlıq ərazidə yerləşməsi ilə” izah edib: “Həmin bölgədə 24 kənd var, onlardan 3-ə qaz çəkilib, çünli aran hissə idi. Digər kəndlər isə sıldırım qayalıq ərazidə yerləşir və hərəsində 10-20 ev var. Elə əraziyə qaz çəkmək üçün texnika yoxdur. Ümumiyyətlə, ən inkişaf etmiş Avropa ölkələrində belə dağın başında yerləşən, 10-20 ailənin yaşadığı kəndlərə 40 km-lik qaz borusu çəkilmir. Bir sözlə, həmin kəndlərə qaz çəkilməsi planlaşdırılmır. Çünki bu, iqtisadi cəhətdən özünü doğrultmur”.

Baş direktor əlavə edib ki, həmin kəndin əhalisi qaz balonları, yəni daşınan maye qazla qaz ehtiyaclarını təmin edə bilərlər.

Qeyd edək ki, Gədəbəyin haqqında söhbət gedən Ermənistanla sərhəd Şınıx bölgəsinin qazlaşdırılması 2010-cu ildə başlayıb. Lakin “Azəriqaz” bölgənin cəmi 3 kəndini qazlaşdırdıqdan sonra işləri yarımçıq qoyub.

Bölgəyə qədər əsas qaz xətti çəkilsə də müəmmalı səbəbdən həmin kəmərin cəmi 3-4 kilometrliyində yerləşən kəndlərə kiçik diametrli borularla qazın paylanması bu günədək həyata keçirilməyib. Bu isə yanacaq kimi odundan istifadə edən bölgə əhalisinin güzəranının dana da ağırlaşmasına, qazlaşdırma ilə həyatlarına gələsi rahatlığa bağlı ümüdlərin puç olmasına səbəb olur.

Bölgə əhalisinin mətbuata verdiyi məlumatlarda qeyd edilir ki, artıq meşə fondu da tükənib və qışda evləri odunla qızdırmaq da ildən ilə daha çətin olur.
Bu arada isə Əkbər Hacıyevin düşmənlə sərhəddə ağır şəraitdə yaşayan bu kəndlərin əhalisinə göndərdiyi mesaj əsl sensasiya və ölkə başçısının bölgələrdə qazlaşdırma işlərinin sürətləndirilməsinə dair verdiyi tapşırıqların sabotaj edilməsi hesab oluna bilər.

“Azəriqaz” rəhbərinin həmin kəndlərin niyə qazlaşdırılmayacağına dair dedikləri isə əslində absurddur. Çünki həmin kəndlərin əvvəl qazlaşdırılan 3 kənddən relyef baxımından heç nə ilə fərqlənmədiyi faktdır. Bu kəndlərə nəinki texnika işləyir, eyni zamanda ilin istənilən vaxtında ora istənilən minik maşını ilə gedib-gəlmək mümkündür. Həmçinin bu kəndlərin hərəsində 10-20 yox, onlarla və yüzlərlə ev var.

Onu da xatırladaq ki, SOCAR qonşu Gürcüstanda Azərbaycan qazı hesabına nəinki texnikanın çətin hərəkət etdiyi kəndləri qazlaşdırır, eyni zamanda ümumiyyətlə texnika işləməyən yerlərdə boruları vertolyotla daşıyır.

Bütün bunlar bir yana, amma ortada çox ciddi bir məqam da var. Hər kəs bilir ki, ucqar dağ kəndlərimiz ildər ilə daha sürətlə boşalır. Bunun səbəbləri müxtəlifdir, işsizlikdən tutmuş, dağ həyatınının ağırlıqları, sosial infrasrukturların istənilən səviyyədə olmaması, eləcə də qaz, su, işıq, rabitə və yol problemləri… Azərbaycan dövlət olaraq bütün dağ kəndlərimizin, xüsusən sərhəddə yerləşən kəndlərimizin, və xüsusən də düşmən ölkə ilə sərhəd bölkələrin yerli əhali ilə məskunlaşmasında son dərəcə maralı olmalıdır. Bunun üçün isə Ermənistanla sərhər kəndlərdə yol, qaz, işıq, rabitə kimi problemlər birdəfəlik aradan qaldırılmalı, yerli əhali üçün yeni iş yerləri açılmalı, müəyyən güzəştlər tətbiq edilməlidir ki, cavanlar kəndləri tərk edib şəhərlərə yollanmaqla sərhəddə yerləşən kəndlərimizin boşalmasına, sahibsiz qalmasına səbəb olmasınlar. Bu Azərbaycan üçün həyati əhəmiyyət daşıyan bir məsələdir. Amma bu aydın zərurətin fonunda biz konkret olaraq “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevin dilindən həmin kəndlərin əhalisinə taleyin ümüdünə buraxıldıqları mesajının göndərildiyinin şahidi oluruq.

\”Elə əraziyə qaz çəkmək üçün texnika yoxdur\” deyir Əkbər Hacıyev və kəndlərin əhalisinə \”qaz balonları, yəni daşınan maye qazla qaz ehtiyaclarını təmin edə bilərlər\” mesajını göndərir. Özü öz dediyini təzkib etmirmi? Yəni qaz balonlarını daşımağa texnika var, və bu texnika o kəndlərə gedib çıxa bilir, bəs onda qaz borusu çəkmək üçün lazım olan 3-5 traktor, buldozer necə olur ki o əraziyə gedib çıxa bilmir?

\”Bir sözlə, həmin kəndlərə qaz çəkilməsi planlaşdırılmır. Çünki bu, iqtisadi cəhətdən özünü doğrultmur”\” deyir Əkbər Hacıyev… Hansı \”iqtisadi cəhət\”??? Söhbət düşmənlə üz – üzə dayanan kəndlərin əhalisindən gedir! Bu məntiqlə Əkbər Hacıyev ümumiyyətlə həmin kəndlərdə əhalinin yaşamasının da, o kəndlərin böyük hərbi xərclər hesabına ordu tərəfindən qorunmasının da \”iqtisadi cəhət\”dən özünü doğrultmadığını söyləyə bilər…

Bir sözlə cöx maraqlı məqamdır – “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev \”qaz olmayacaq\” mesajı ilə bu kəndlərin boşalmasına təkan verdiyini bilə – bilə, bunu niyə edir və “Azəriqaz” Ermənistanla sərhəddə yerləşən kəndlərimizin boşalmasında niyə maraqlıdı?
Sual açıq qalır.

E. Məmmədov
İnterpress.az