Daxili işlər naziri, general-polkovnik Ramil Usubov kollegiya iclasını açaraq müzakirəyə çıxarılan məsələlərin xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini, vətəndaşların müraciətlərinə baxılmasının Azərbaycan prezidenti İlham Əliyevin daim diqqət və nəzarətində olduğunu, məhz onun tapşırığına əsasən, son illər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda mütəmadi olaraq vətəndaşların qəbulunu keçirdiklərini, onların problemlərini şəxsən dinlədiklərini vurğulayıb. Daxili işlər orqanlarının fəaliyyətində ən prioritet istiqamətlərdən olan bu əhəmiyyətli məsələnin sonuncu dəfə 2013-cü ildə müzakirə olunduğunu xatırladan nazir qarşıda duran yeni vəzifələrin müəyyən edildiyini, həmin kollegiyadan ötən iki il ərzində bu sahədə xeyli irəliləyişin baş verdiyini, əhəmiyyətli tədbirlərin həyata keçirildiyini, o cümlədən müraciətlərin obyektiv və vaxtında araşdırılmasına, təşəbbüskarlara yazılı cavabların verilməsinə, şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına, qanunauyğun ədalətli qərarların çıxarılmasına, qəbulların müntəzəmliyinə nəzarət və tələbkarlığın artırıldığını bildirib.
Bununla yanaşı, qeyd olunub ki, kriminogen duruma mənfi təsir göstərən amillərdən olan narkotik vasitələrin qanunsuz dövriyyəsi də müvafiq sahədə fəaliyyətin təşkilinə xüsusi diqqət, vəziyyətin daim nəzarətdə saxlanılmasını və adekvat tədbirlərin vaxtında müəyyən edilib icraya yönəldilməsini tələb edir.
Nazir son illər hər iki istiqamətdə işin daha səmərəli yerinə yetirildiyini, lakin uğurlarla yanaşı, ayrı-ayrı ərazi polis orqanlarının fəaliyyətində hələ də müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu xatırladıb.
Gündəlikdəki birinci məsələ ilə bağlı DİN Katibliyinin rəisi, polis general-mayoru Nüsrət Şirinov məruzə ilə çıxış edib. O deyib ki, nazirliyin aparatında və struktur qurumlarında \”Elektron sənəd dövriyyəsi\” sisteminin əhatə dairəsi, o cümlədən proqram təminatı genişləndirilib, müraciətlərin elektron poçt vasitəsilə qəbulu, qeydiyyatının elektron formada aparılması işinin təkmilləşdirilməsi davam etdirilib. Qeyd edilib ki, nazirliyin rəhbərliyi tərəfindən son bir il 9 ayda 6.412, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın bölgələri üzrə 4.223 vətəndaş qəbul olunub. Hər bir müraciətin mahiyyəti üzrə lazımi tədbirlər görülərək qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub, əmlak mübahisələri və dəymiş ziyanın ödənilməsi məsələləri ilə bağlı hüquqi yardımlar göstərilib.
Görülmüş bu və digər təşkilati-praktiki tədbirlərlə 2014-cü ildə vətəndaşlardan nazirliyə daxil olmuş müraciətlərin sayı 4,3 faiz, şikayətlərin sayı 6,9 faiz, Prezident Administrasiyasına ünvanlanan müraciətlərin sayı 21 faiz azalıb. Bildirilib ki, şikayətlərin araşdırılmasının birbaşa rayon polis orqanlarının rəislərinə həvalə edilməsi və nəticələrinin məruzə olunması tələbi ötən il daxil olan ümumi müraciətlərin dinamikasına müsbət təsir göstərib. Carı ilin 9 ayında bilavasitə nazirliyə daxil olan şikayətlərin sayı 9 faiz, o cümlədən təkrar şikayətlərin sayı 3 faiz, Prezidenti Administrasiyasından daxil olan şikayətlərin sayı 2,8 faiz azalıb.
İclasa yekun vuran daxili işlər naziri müzakirə olunan məsələlər üzrə bütövlükdə fəaliyyətin qənaətbəxş olduğunu, eyni zamanda, qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırılmasını tələb edib, konkret tapşırıq və tövsiyələrini verib.
İnterpress.az