Birləşmiş Ərəb Əmirlikləri Livanla 2021-ci ildən bəri bağlanmış Beyrut səfirliyini yenidən açmaq üçün razılığa gəlib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmi xəbər agentliyinin məlumatına görə, ölkəyə səfər edən Livanın Baş naziri Naguib Mikati paytaxt Abu Dabidəki Əl-Şati sarayında prezident Məhəmməd bin Zayed Əl Nəhyan tərəfindən qəbul edilib.
Görüş zamanı Əl Nəhyan Livanın ərazi bütövlüyü, suverenliyi və birliyini dəstəklədiklərini və Livan xalqının sülh, təhlükəsizlik və firavanlıq içində yaşayacağına ümid etdiklərini bildirib.
Görüş zamanı BƏƏ ilə Livan arasında əlaqələr və onların inkişaf, iqtisadiyyat və digər sahələrdə möhkəmləndirilməsi yolları müzakirə olunub.
Görüş zamanı Mikati Əl Nəhyanı Livandakı hadisələr və qarşılaşılan çətinliklərin həlli istiqamətində görülən işlər haqqında məlumatlandırıb.
BƏƏ-nin Livana etdiyi yardımlar sayəsində bir çox problemlərlə mübarizə apara bildiyini qeyd edən Mikati, bu yardıma görə Əl Nəhyana təşəkkür edib.
Beyrut administrasiyası ilə diplomatik və ticari əlaqələr 30 oktyabr 2021-ci ildə kəsilib
Mikati və Əl Nəhyan 2021-ci ildən bəri bağlanan BƏƏ səfirliyinin Beyrutda yenidən açılması üçün lazımi addımların atılması və Livanlılara BƏƏ vizalarının verilməsini asanlaşdıracaq mexanizmin hazırlanması üçün birgə komitənin yaradılması barədə razılığa gəliblər.
Livanın o zamankı İnformasiya Naziri Corc Kardahi 27 oktyabr 2021-ci ildə yayımlanan televiziya proqramında Yəmənə münasibətinə görə Səudiyyə Ərəbistanına qarşı ittiham xarakterli açıqlamalar verib və bu, Livan ilə Körfəz ölkələri arasında diplomatik böhrana səbəb olub.
Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ və Bəhreyn 30 oktyabr 2021-ci ildə Beyrut rəhbərliyi ilə diplomatik və ticari əlaqələri kəsdiklərini açıqlayıblar.