Yaponiya ABŞ-yə “Patriot” müdafiə sistemləri üçün raketləri elə həcmdə verməlidir ki, bu, ölkənin müdafiəsində boşluqlar yaratmasın.
İnterpress.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Minoru Kihara mətbuat konfransında bildirib.
“Bu, ABŞ ilə müdafiə sahəsində əməkdaşlığı gücləndirəcək, həmçinin Yaponiyanın Hind-Sakit okean regionunda təhlükəsizliyini və sabitliyini gücləndirəcək. Biz hərtərəfli qiymətləndirmə aparacağıq və ölkəmizin müdafiəsində boşluqlar buraxmadan ABŞ-nin ehtiyac duyduğu həcmə əsaslanaraq qərar verəcəyik”, – o qeyd edib.
Yaponiya hökuməti dekabrın 22-də müdafiə ixracı qaydalarını yüngülləşdirərək “Patriot” raketlərinin ABŞ-a və 155 mm-lik artilleriya mərmilərinin Böyük Britaniyaya göndərilməsinə icazə verib. O vaxta qədər Tokio ABŞ-yə yalnız müdafiə avadanlığı komponentlərini ixrac edə bilərdi. Güzəştlər istehsal lisenziyası vermiş ölkələrə hazır avadanlıqların tədarükünə imkan verəcək.