2023-cü ildə Azərbaycanda istehlak qiymətləri indeksi 2022-ci ilə nisbətən 108,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 109,6 %, qeyri-ərzaq məhsulları üzrə 108,4 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 108,2 % təşkil edib.
İnterpress.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 %, əvvəlki ilin dekabr ayı ilə müqayisədə 102,1 % olub.
Dekabrda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki noyabra nisbətən 101,0 %, əvvəlki ilin dekabr ayı ilə müqayisədə 100,8 % təşkil edib. Ayrı-ayrı ərzaq məhsullarından daha çox artım yumru düyünün, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, zeytun yağının, narın, naringinin, üzümün, heyvanın, xurmanın, almanın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, sarımsağın, soğanın, balqabağın, limonadın, azalma isə əsasən qarabaşaq və manna yarmasının, çörəyin, mal və qoyun ətinin, kəsmiyin, süfrə marqarininin, qarğıdalı və günəbaxan yağlarının, portağalın, limonun, kələmin, yerkökünün, çuğundurun, kartofun, şəkər tozunun qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişiklik baş verməyib.
Ötən ay qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 %, əvvəlki ilin dekabr ayı ilə müqayisədə 102,7 % olub.
Dekabrda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi noyabra nisbətən 100,1 %, əvvəlki ilin dekabr ayı ilə müqayisədə 103,7 % təşkil edib. Ödənişli xidmətlərdən artım əsasən taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşıma xidmətlərinin və istirahət turlarının qiymətlərində, azalma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişiklik baş verməyib.