Macarıstanın Baş naziri Viktor Orban ölkəsinin İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməyə hazır olduğunu bildirib.
İnterpress.az xəbər verir ki, o, bu barədə Alyansın baş katibi Yens Stoltenberqlə telefon danışığında deyib.
O, Macarıstan hökumətinin İsveçin NATO-ya üzvlüyünü dəstəklədiyini təsdiqləyib: “Biz Macarıstan Milli Assambleyasını İsveçin üzvlüyünün lehinə səs verməyə və ilk fürsətdə ratifikasiyanı yekunlaşdırmağa çağırmağa davam edəcəyik”.
Y. Stoltenberq isə Macarıstanın İsveçin üzvlüyünü dəstəklədiyini alqışladığını bildirib: “Parlamentin sənədi ratifikasiya edəcəyini səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, İsveç və Finlandiya 2022-ci ildə Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib. Finlandiya 2023-cü ildə blokun 31-ci üzvü olub. Türkiyə parlamenti isə İsveçin NATO-ya üzvlüyünü yanvarın 23-də təsdiqləyib. Rəsmi Stokholmun NATO üzvünə çevrilməsi üçün indi ancaq Macarıstanın ratifikasiyasına ehtiyacı var.