Kanadada keçirilən son iki ümumi seçkiyə xarici müdaxilə ilə bağlı araşdırma aparan federal komissiya hökumətdən Hindistanın seçkilərə müdaxiləsi ilə bağlı sənədlər hazırlamasını istəyib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Kanada Baş naziri Castin Trudeau hökuməti tərəfindən 2019 və 2021-ci il ümumi seçkilərinə xarici müdaxilə iddialarını araşdırmaq üçün 2023-cü ilin sentyabrında yaradılmış müstəqil komissiya mövzu ilə bağlı açıqlama yayıb.
İstintaqın əvvəlində sözügedən seçkilərə Çin və Rusiyanın müdaxiləsi iddialarını araşdıran federal komissiya Hindistanın iki seçkidəki rolunu araşdırmaq üçün hökumətdən müvafiq sənədləri hazırlamasını istəyib.
Mayın 3-də aralıq hesabatını və 2024-cü ilin sonuna qədər yekun hesabatını açıqlaması gözlənilən komissiya, milli təhlükəsizlik kəşfiyyatının ictimaiyyətə açıqlanması ilə bağlı məhdudiyyətlərin nəzərə alınacağını bildirib.
Hindistanın istintaqa cəlb olunmasının Kanada-Hindistan münasibətlərində keçən il sikh lideri Hardeep Singh Nijjarın öldürülməsindən sonra yüksələn gərginliyi yenidən artıracağı düşünülür.