Türkiyə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərini İraqla sərhəddə yerləşdirib.
İnterpress.az xəbər verir ki, bu barədə “Business Insider” məlumat yayıb. Nəşr yazır ki, Türkiyə yaxın vaxtlarda İraqla sərhəddə Rusiya istehsalı olan qabaqcıl S-400 Triumf hava hücumundan müdafiə sistemi yerləşdirib.
Bu, Türkiyə ordusunun bu sistemlərdən ilk döyüş istifadəsi olacaq.
Güman edilir ki, “Triumflar” Türkiyənin Şimali İraqda keçirməyi planlaşdırdığı kürdlərə qarşı hərbi əməliyyatın bir hissəsi kimi istifadə oluna bilər.
Bu halda Kürdüstan Fəhlə Partiyasının əldə etdiyi pilotsuz uçuş aparatlarından qorunmaq üçün zenit-raket komplekslərindən istifadə olunacaq.
Yaxın Şərqdə artan gərginlik fonunda Türkiyənin istismara başlamağa qərar verdiyi də güman edilir.
Qətər Universitetinin İbn Xəlden Mərkəzinin Türkiyə üzrə eksperti Əli Bakir BI-ya deyib:
“Ankaranın Şimali İraqda qoşunları olduğunu nəzərə alsaq, regional gərginlik və ya qarşıdurma zamanı onları qorumaq üçün belə bir sistem yerləşdirmək daha məntiqli olardı”.
Bu arada BI qeyd edir ki, Rusiya hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi Ankaranın Vaşinqtonla uzun müddətdir davam edən mübahisəsini artıra bilər.
Xuraman Etibarlı
İnterpress.az