Dahi Heydər Əliyev Azərbaycan tarixində onun taleyini müsbət mənada dəyişdirən böyük şəxsiyyətdir. Bu gün dünya ölkələri arasında söz sahibi olan Azərbaycanı onun adı olmadan təsəvvür etmək mümkün deyil. Ulu Öndərin Sovet İttifaqı dövründə və müstəqil Azərbaycanda fəaliyyətinə nəzər salanda onun bəşər tarixində xalqların xilası üçün gələn çox az şəxsiyyətlərdən biri və Azərbaycan xalqının mənəvi sərvəti olması özünü göstərir. Onun Azərbaycan xalqı üçün etdiklərinin nəticəsi müstəqilliyin qorunması, güclü və qalib ölkənin vətəndaşı olmaq, dünyaya açılan yeni pəncərə və gələcəkdəki Azərbaycandır.
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət Ulu Öndərin istədiyi kimi Azərbaycanın daim güclənməsini təmin edəcək. Ulu Öndər xalqına və vətəninə sevgisini ifadə edərək tarixi sözlər demişdi: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”. Bu tarixi kəlam hər birimiz üçün milli ideologiyanın ana xəttinə çevrilib.
Ulu Öndərin SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi vaxtlarda gördüyü çoxşaxəli işlər həm həmin dövr üçün xalqın inkişafını və rahat yaşayışını təmin etmiş, həm də gələcəyə hesablanmışdı. Ulu Öndər Müstəqilliyin əldə olunduğu ilk illərdə baş verən siyasi hərc-mərclik, yaşanan ağır günlərə biganə qala bilməzdi. Müstəqilliyin itirilməsi təhlükəsi, Azərbaycanı gözləyən böyük bəlalar yalnız Heydər Əliyevin Bakıya qayıdaraq yenidən Azərbaycana rəhbərlik etdiyindən sonra dəf olundu. Tarixin səhifələrini vərəqlədikcə Ulu Öndərin əvəzolunmaz xidmətlərinin bir daha şahidi oluruq. Qədirbilən Azərbaycan xalqı bu xidmətləri heç vaxt unutmayacaq, onun xatirəsini daim yaşadacaqdır.
Şübhəsiz ki, heç bir sahə Azərbaycan xalqının xilaskarı olan dahi şəxsiyyətin fəaliyyətindən yayınmayıb. O, yeniyetmə və gənclərə də xüsusi diqqət ayırırdı. Böyük siyasətçi yaxşı bilirdi ki, onlara qayğı göstərilməsi, onların maarifləndirilməsi, vətənpərvər ruhda böyüməsi və hərtərəfli inkişafı ölkənin gələcəyi üçün böyük sərmayədir. Müstəqilliyin ilk illərində gənclər siyasəti və idmanın inkişafı ilə məşğul olan dövlət təsisatının – Gənclər və İdman Nazirliyinin yaradılması böyük fürsətlər yaratdı. Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunun keçirilməsi, Gənclər Gününün təsis edilməsi, gənclərin nümayəndələri ilə görüşlər, ölkədə və xaricdə təhsil imkanlarının genişləndirilməsi, gənc kadrların inkişafı, yeniyetmə və gənclərlə bağlı görülən çoxsaylı tədbirləri xüsusilə qeyd edə bilərik.
Ulu Öndərin ordu quruculuğu, xarici siyasət, iqtisadiyyat, sosial siyasət, ərazi bütövlüyünün bərpası istiqamətində atdığı addımların hər biri öz bəhrəsini vermişdir. Azərbaycan xalqı əsrlər boyu bu zəhmətin bəhrəsini görəcək. Həyatını xalqın bu günü və sabahı ilə yaşayan ümummilli liderin ən böyük xidmətlərindən biri də layiqli siyasi varis yetişdirməsidir. Ulu Öndər onun haqqında danışarkən “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək” – deyə qeyd etmişdi. Tarix göstərdi ki, bu inam Azərbaycan xalqının gələcəyinə olan ümidi reallığa çevirdi.
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov