Son zamanlar dönərdən zəhərlənmə halları intensiv hala çevrilib. Hətta bu zəhərlənmələr kütləvi xarakter alıb.
Bəs bu zəhərlənmələr niyə baş verir, qarşısını almaq üçün hansı tədbirlər görülməliduir?
Məsələ ilə bağlı İnterpress.az-ın suallarını cavablandıran qida mütəxəssisi İlkin Şirinov maraqlı faktlar açıqlayıb:
“Dəfələrlə dönərdən kütləvi zəhərlənmələr qeydə alınsa da, kəskin qabaqlayıcı tədbirlərin görülməməsi bu halların təkrarlanması ilə nəticələnir. Ən çox məktəblərin qarşısında, metroların çıxışında heç bir sanitar normalara cavab verməyən bu cür dönərxanalar sözün əsl mənasında təhlükə mənbəyidir.
Toyuq ətinin bir kiloqramının 5-6 manata satıldığını nəzərə alsaq, 1 manat 50 qəpiyə satılan dönərin tərkibində nə əti olduğu hələ də qaranlıq qalır. Dönərxanalarda istifadə olunan mayonez məhsulunun heç bir soyuducuda saxlanılmaması, ağzı açıq qablarda günlərlə istifadə olunması insan sağlamlığı üçün təhlükə yaradır”, – İlkin Şirinov vurğulayıb.
O, dönərxanalarda işləyən dönərçilərin sağlamlığının, gigiyenik qaydalara nə dərəcədə düzgün əməl etməsinin və satdığı ətin mənşəyi və keyfiyyətinin vacib olduğunu qeyd edib.
“Dönərxanalarda çalışan dönərçilərin tibbi müayinəsi və onların şəxsi gigiyenik qaydalara əməl etməsinə nəzarət etməksə, nədənsə kölgədə qalır.
Bəzi işbazların marağı az pul xərcləyib, çox qazanmaq olacaqsa və aidiyyəti qurumlar buna səthi yanaşacaqsa, onda insan sağlamlığı ikinci plana düşəcək. Bu məsələdə bazarlarda mənşəyi məlum olmayan ucuz toyuq və ət məhsulları satan işbazlarında payı az deyil. Məhz bazarlardan dönərxanalara ayaq açan bu cür keyfiyyətsiz məhsullar nədənsə durmadan artır.
İnanırıq ki, belə negativ hallara qarşı mübarizələr kağız üzərində yox, əməli işlə həyata keçiriləcək”, – mütəxəssis bildirib.
Xuraman Etibarlı
İnterpress.az