İndiki saatlarda “Ermənilərin himayədarı” Menendesin məhkəməsi başlayır.
İnterpress.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb. Nyu-Yorkun Manhetten məhkəməsində korrupsiya ittihamı ilə bağlı dinləmələrdən sonra kəskin ermənipərəst ABŞ senatoru Robert Menendesin məhkəməsi başlayıb.
Bu dəqiqələrdə o, məhkəməyə gəlib. Məhkəmənin 7 həftəyə qədər davam edəcəyi gözlənilir.
Qızıl külçələr, nağd pul, dəbdəbəli avtomobil və Formula 1 yarış biletləri müqabilində senator Misir və Qətər hökumətlərinə siyasi lütflər təqdim edib, həmçinin doğma Nyu-Cersi ştatından bir neçə iş adamına kömək edib.
Menendes 7 ildə ikinci dəfə korrupsiya ittihamı ilə mühakimə olunur.
“O, rüşvətxorluq, hədə-qorxu ilə tələb etmə, dələduzluq da daxil olmaqla 16 cinayət ittihamı ilə üz-üzədir və bütün maddələr üzrə mühakimə olunarsa, həyatının qalan hissəsini həbsxanada keçirə bilər”, – nəşr qeyd edir.
Menendes 20 ildən artıqdır ki, Konqresdə ən fəal ermənipərəst lobbiçilərdən biridir. Həyat yoldaşı Nadine Arslanyandır.
2023-cü il sentyabrın 22-də o, erməni arvadı ilə rəsmi olaraq siyasi xeyirxahlıq müqabilində rüşvət almaqda ittiham olunub. Bir gün sonra o, Konqresdə strateji əhəmiyyətli komitələrdən biri olan Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən istefa verib.
Xuraman Etibarlı
İnterpress.az